Ermənistanla İranın “şərləmə texnologiyası” - eyni ssenari, eyni yalan...
13-10-2021, 10:42

Vətən müharibəsi getdiyi günlərdə Ermənistan və onu dəstəkləyən mediada ən çox anti-Azərbaycan kampaniyası o istiqamətdə aparılırdı ki, guya hərbi əməliyyatlarda xarici muzdlular iştirak edir. “Yeni Müsavat” xatırladır ki, rəsmi Bakı dəfələrlə bu iddiaları ən yüksək səviyyədə yalanladı, sübut istədi.
Halbuki dünyanın hər yerindən terrorçuların ermənilər tərəfdən vuruşduğuna dair videomateriallar var idi. Onlardan bəziləri hərbi əməliyyatlar zamanı ələ də keçdilər. İndi isə eyni şərləmə texnologiyasından Tehran Bakıya qarşı istifadə etməyə başlayıb. Xüsusilə özlərinə yaxın ərəb mediasında bu yalanları tirajlayır, sonra isə ondan Bakı əleyhinə istifadə edirlər. İş o yerə çatıb ki, hətta Rusiya mediasına danışan hərbi ekspertlər da İranın bu uydurmalarını “həddən artıq yalan” hesab edirlər, Azərbaycan ərazisində guya İsrail əsgərlərinin, İŞİD terrorçularının olmasını qətiyyətlə rədd edirlər.
Oktyabrın 11-də Azərbaycan Xarici İşlər Nazirliyi ərazilərimizdə “terrorçuların” olması haqda ittihamları qətiyyətlə təkzib etdi və İran XİN-in böhtan kampaniyasından əl çəkmədiyi vurğulandı. “Azərbaycan öz torpaqlarını şəhidlərinin qanı və canı bahasına işğaldan azad edib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 100.000-dən artıq orduya malik olan Azərbaycanın muzdlulara ehtiyacı yoxdur”,- deyə XİN rəsmisi Leyla Abdullayeva qeyd edib.
Göründüyü kimi, Ermənistanın müharibədə əleyhimizə tirajladığı yalana özlərindən başqa heç kim inanmasa da, Tehran eyni texnologiya ilə Azərbaycanın üstünə gəlməyə başlayıb. Demək, İrəvan və Tehran Azərbaycan əleyhinə bir mərkəzdən idarə olunan texnologiyalardan istifadə edirlər. Yəni İran-Ermənistan dostluğunun “kökü” əslində çox dərindir, bu iki ölkə bir çox məsələlərdə gizli ortaqlıqlar qurublar və lazım gəldikdə birgə hərəkət edirlər. Azərbaycan ərazisində “terrorçu görmələri” də bu qəbildən olan əməkdaşlığı əslində ifşa etmiş oldu. İran tərəfi bu texnologiya ilə nəyə nail olmaq istəyir? Nə üçün cəfəng iddia irəli sürür ki, Azərbaycanda terrorçular var?
Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirdi ki, İran hərbi güc nümayişi ilə istədiyinə nail olmadığını görür və artıq qeyri-hərbi yolla strateji savaş aparır. Partiya sədrinin fikrincə, Tehran informasiya savaşına başlayıb və primitiv formalardan birini seçib: “İran özü də bu ittihamların yalan olduğunu yaxşı bilir. Sadəcə, beynəlxalq ictimai rəydə fikir formalaşdırmağa çalışır. Eyni zamanda İran daxildə 35 milyon türkün sualına cavab verir ki, biz heç də Azərbaycanla savaşmırıq, guya İsrail və İŞİD təhlükəsi ilə mübarizə aparırıq. Ancaq Azərbaycan xalqı kifayət qədər maariflənmiş xalqdır. Üstəlik, İran Azərbaycanda öz tərəfdarlarını da itirməyə başlayıb”. S.Əkbərin sözlərinə görə, İranın daxilində bu yalanlar işləyir, yəni bu açıqlamalar daxili auditoriyaya hesablanıb. Politoloq istisna etmir ki, Azərbaycana qarşı böhtan kampaniyası şiddətlənə bilər: “İki ölkə arasına gərginliyin fundamental, köklü səbəbləri var. Bu səbəblərdən biri aradan qalxmasa, gərginlik davam edəcək”.
Polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a qeyd etdi ki, İran rəsmiləri son dərəcə məsuliyyətsiz çıxışlar edir. Onun fikrincə, Tehran nümayəndələri fakta söykənməlidirlər: “Başa düşmək olmur, gah sərhədlərdə sionizmin təzahüründən dəm vururlar, gah bizim Dövlət Sərhəd Xidmətinin üstünə düşürlər, amma ortaya bir sübut da çıxara bilmirlər. Prezidentin Xocalı soyqırımı günü keçirdiyi mətbuat konfransında da iranlı jurnalist sual vermişdi ki, guya döyüşlərdə xarici muzdlular iştirak edib, cənab Prezident də ondan sübut tələb etdi, heç bir cavab verə bilmədi. İndi bu yaxınlarda İranın xarici işlər naziri Bakıya gələcək, gözləyirik, gəlsin narazılığın kökünü izah etməyə çalışsın. Belə qeyri-dəqiq məlumatları səsləndirmək İrana yaraşmır. Mənə elə gəlir ki, bu uydurmalar Ermənistan tərəfindən İrana ötürülür. Çünki Paşinyan 44 günlük savaşda Makrona yalanlar danışdı, Fransa da bu cür məsuliyyətsiz bəyanat səsləndirdi. İndi Paşinyan seçkidən sonra ilk səfərini İrana edib, görünür, yenə oxşar yalanları Tehranda danışıb, İran xarici işlər naziri də bu cür böhtan fikirləri səsləndirməkdədir”.
Ü.Cəfərovun fikrincə, deyəsən, Azərbaycanın bəzi qüvvələrin silah-sursat bazarını öldürməsi kimlərəsə yer edib: “Azərbaycan istənilən vəziyyətə hazırdır. Biz tək deyilik, İranın da bu cür şər-böhtan fikirləri qonşuluğa yaraşmır, ən əsası da həqiqətdən uzaqdır. Başa düşürəm, bizim dronlar elə zərbə vurub ki, heyfini çıxmaq üçün uydurmalar dövriyyəyə buraxıblar. Amma deyib-deyib yorulub əl çəkəcəklər. Əgər əl çəkməsələr, biz aciz deyilik, müttəfiqlərimiz də var”.
“Yeni Müsavat”