Tehranın Bakı ilə barışıq oyunu... - TƏFƏRRÜAT
14-10-2021, 10:18

Son həftələr ərzində Azərbaycana qarşı açıq böhtan və təhdidlərlə danışan İran ritorikanı bir qədər dəyişib. İki gün əvvəl İran tərəfinin təşəbbüsü ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub. Telefon danışığı zamanı iki ölkə arasında münasibətlərin son vəziyyəti müzakirə edilib.
İran XİN-in yaydığı məlumatda bildirilib ki, tərəflərin söhbətində ölkələrin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmətin vacibliyi vurğulanıb. İran XİN rəhbəri Bakı və Tehran arasında uzunmüddətli və dayanıqlı münasibətlərin olduğunu bildirib. Hüseyn Əmir Abdullahian iki ölkə arasında münasibətlərdə anlaşılmazlığın qarşısının alınmalı olduğunu, əlaqələrin güclənən və artan istiqamətdə davam etməsinin vacibliyini qeyd edib. O bildirib ki, Tehran nəqliyyat tranzitində olan problemlərin tezliklə həll olunacağına ümid edir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da Azərbaycan və İran arasında dost münasibətlərin olduğunu iranlı həmkarının diqqətinə çatdırıb və əlavə edib ki, qonşu ölkələrlə dost münasibətlər Azərbaycan üçün prioritetdir. C.Bayramov məsələlərin dialoq yolu ilə səmimi atmosferdə həllinin vacibliyini qeyd edib. Hər iki nazir bir-birini Tehrana və Bakıya dəvət edib.
Bəs telefon danışığı iki ölkə arasındakı gərginliyin azalmasına kömək edəcəkmi? Təşəbbüskarın İran olması Tehran rejiminin Azərbaycana qarşı absurd iddialarından geri çəkilməsi deməkdirmi?
Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, İran XİN rəhbəri Moskvaya səfərindən sonra Azərbaycana qarşı sərt ritorika ilə yanaşı, yumşaq leksikondan da istifadə etməyə başlayıb: “Bu, sərt, heç bir əsası olmayan ritorikanın dayandırılması demək deyil, lakin ittihamlara paralel olaraq, ”qonşuluq", “dostluq” mesajları da səsləndirdilər. Halbuki Abdullahian Lavrovla görüşdən öncə, Moskvada hava limanına enən kimi Rusiyanı da Azərbaycana qarşı hücumlara qoşmağa gəldiyini dolayısı ilə etiraf etmişdi. Lavrov-Abdullahian görüşündən sonra verilən açıqlamalar İranın istədiyini ala bilmədiyini, Moskvanın Tehrana bölgədə 3+3 formatının yeganə çıxış yolu olduğunu göstərdiyini təsdiqlədi. Bu görüşdən sonra Rusiya mediasına müsahibəsində Abdullahian Azərbaycana qarşı ittihamlarını saxlamaq şərtilə “qonşuluq”, “əməkdaşlıq” çağırışları da etdi. İranın rotirikasına yumşaq çaların da qatılması Tehranın Moskvadan istədiyini almaması ilə bağlıdır. İranda anladılar ki, ruslar Qafqazı Türkiyə ilə paylaşır və bu reallıqda təzyiqlə Azərbaycandan nəsə almaq çətindir. Bu baxımdan, körpüləri tam yandırmamaq üçün həm də “əməkdaşlıq qapısı”nı aralı saxlayırlar. Abdullahianın Bakıya səfəri də gözlənilir, Ceyhun Bayramovla telefon danışığından sonra bu səfərin yaxın dövrdə reallaşacağı mümkündür. Lakin burada açıq qalan bir sual var: İran regiondakı yeni reallığı qəbul edirmi, Bakıya səfər gərginliyin aradan qaldırılmasınamı hesablanıb? Qeyd edim ki, Abdullahian Bayramova zəng etməmişdən saatlar öncə İran XİN-in sözçüsü Seyid Xətibzadə Azərbaycanı yenidən “terrorçu” iddiası ilə ittiham etdi və əlavə etdi ki, “terrorçuların bölgəyə gətirilməsi ilə bağlı əllərində dəlil-sübut, səs yazıları var”. İran iddialarını sübut edəcək “dəlildən” ilk dəfə danışırdı və maraqlıdır ki, ittihamın bu səviyyəyə qaldırıldığı vaxt Abdullahian Bakıya zəng edir".
A.Nərmanlının fikrincə, bütün bunlar İranın siyasi oyununun bir hissəsidir: “Abdullahianın bölgəyə səfərinin iki məqsədi var: birincisi, Bakı ilə yanaşı, İrəvana da səfər edəcək və bununla Tehran bölgədə öz ağırlığını Moskva və Ankaraya nümayiş etdirmək istəyir. İkincisi, Abdullahian Bakıya gələndə öz iddialarını təsdiq etmək üçün düzəltdikləri ”dəlil-sübutu", “səs yazıları” da gətirə bilər, çünki Bakıda ondan bu iddialar üçün arqument tələb olunacaq. Abdullahianın Bayramova zəngindən saatlar öncə İran XİN sözçünün “dəli-sübut”dan danışması bu kontekstdə təsadüfi deyil. Abdullahianın Bakı səfəri, fikrimcə, xəbərdarlıq xarakteri daşıyacaq. Bu “xəbərdarlıq” İranın sonrakı mərhələdə ata biləcəyi daha sərt addımların, edəcəyi təzyiqlərin əsasını, bəhanəsini formalaşdırmağa hesablanıb deyə bilərik. Bu baxımdan, Abdullahianın səfərinin gərginliyi azaltmaqdan daha çox yeni mərhələyə keçirmək olduğu fikrindəyəm. İranın siyasi-hərbi rəhbərliyinin tutduğu mövqe, Zəngəzur dəhlizinə qarşı atdıqları addımlar, Hindistan-İran-Ermənistan marşrutu üzərində razılaşmalar və digər proseslər bunu deməyə əsas verir. Azərbaycanın öz haqlı mövqeyindən geri çəkiləcəyini düşünmürəm. Həm İran tərəfinin iddialarının heç bir əsası yoxdur, həm də İran-Azərbaycan qarşıdurma cəbhəsində İranın əli zəifdir".
Azərbaycanın öz suverenliyinə yönəlik təhdidlər qarşısında geri çəkilməyəcəyi Prezident İlham Əliyevin İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində səsləndirdiyi fikirlərdən açıq görünür. Prezident bildirib ki, İran tərəfinin absurd iddiaları yalnız bəhanədir: “Bilirsiniz, bu, bəhanədir. Baş verənlərin səbəbi bizim bəzi digər ölkələrlə olan münasibətimiz deyil, çünki xarici siyasətimiz çox açıqdır, şəffafdır, sabit və dediyim kimi, müstəqildir. Heç bir digər ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz və ya buna çalışmalı deyil. Qərarlar burada - Bakıda Azərbaycanın milli maraqları əsasında mənim tərəfimdən verilir. Əgər kimsə süni bəhanədən istifadə etməyə çalışaraq Azərbaycanı digər ölkə ilə münasibətlərinin olmasında günahlandırıbsa, bu cəhdlər boş çıxıb. Bu, düzgün yol deyil və gətirib dalana çıxaracaq”.
Dövlət başçısı qeyd edib ki, baş verənlərin səbəbi çox sadədir: “Azərbaycan öz sərhədlərinə hörmətlə yanaşılmasını istəyir. Qarabağın azad edilməsindən sonra biz Ermənistanla öz sərhədimizə çıxdıq. Biz öz sərhədimizə gəlib, orada yerləşdik. Ermənistanın bəzi şəhərləri arasındakı yol Azərbaycanın ərazisindən keçir. Bu yoldan Qarabağa, bizim ərazimizə malların qeyri-qanuni daşınmasında istifadə olunduğunu görməyə başladıq. Bu, qəbuledilməzdir. Biz öz sərhədlərimizə hörmətlə yanaşılmasını tələb edirik. Biz hər hansı digər ölkənin sərhədini qeyri-qanuni olaraq pozmuruq. Beləliklə, mesajımız çox sadə idi - dayandırın bunu! Biz ictimaiyyətə açıqlamadan çox dostcasına bildirdik ki, bunu dayandırsınlar. Çünki bu, düzgün deyil. Biz həmin yollara nəzarət edirik və görürük ki, aldatmağın, ”bunun baş vermədiyini" söyləməyin yeri yoxdur. Əfsuslar olsun ki, bu xəbərdarlığa adekvat cavab verilmədi. Sonra biz ikinci addımı atmalı olduq. Biz diplomatik nota hazırladıq, səfiri dəvət etdik və bunu ictimaiyyətə açıqladıq ki, bunu dayandıraq. Amma, əslində, bu, daha pis forma aldı, İrandan Qarabağa gedən yük maşınlarının sayı artdı. Bu addımı biz zərbə, bilərəkdən hörmətsizlik kimi saydıq. Sonra biz tamamilə qanuni hesab edilən başqa tədbirləri gördük və bu, qonşu ölkədə böyük qarışıqlığa, lazımsız hərəkətlərə səbəb oldu. Yersiz bəyanatlar verildi, hədələr edildi, sərhədimizə yaxın hərbi təlimlər keçirildi. Müəmmalı idi ki, ilk dəfə hərbi təlimlərin planlı tədbir olduğu deyildi. Sonra isə deyildi ki, bizə nəyi isə nümayiş etdirmək üçün edildi. Heç kəs öz iradəsini bizim üzərimizə qoya bilməz. Biz bütün ölkələrlə və ilk növbədə, qonşularımızla dost münasibətlərə malik olmaq istəyirik. Bir çox hallarda mən Azərbaycanın xarici siyasət prioritetləri haqqında danışanda, - əslində, bunların hamısı çap edilib, - demişəm ki, bizim prioritetimiz qonşu ölkələrlə münasibətlərdir".
Prezident İranın əvvəlki rəhbərliyi ilə münasibətlərin yüksək səviyyəyə çatdırıldığını qeyd edib: “Səkkiz il ərzində işlədiyimiz əvvəlki İran hökuməti ilə biz münasibətlərimizi ən yüksək mümkün səviyyəyə qaldıra bildik. Mənim həmkarım cənab Həsən Ruhani ilə ondan artıq görüşüm olub. Bütün həmin görüşlər məhsuldar olub. Biz enerji, nəqliyyat, mədəni inkişaf, təhlükəsizlik sahələrində bir çox sazişləri imzalamışıq və icra etmişik. Münasibətlərimiz, əslində, dostluq və yaxşı qonşuluq rəmzinə çevrilmişdir. İranın yeni hökuməti, yeni Prezidenti seçiləndə biz nə etdik? Biz onun inauqurasiyasına parlament sədrinin və baş nazirin müavininin rəhbərliyi ilə böyük nümayəndə heyətini göndərdik. Onlar mənim dostluq mesajımı birbaşa İran Prezidentinə çatdırdılar. Eyni zamanda digər çatdırılan mesaj və mən bunu xüsusi olaraq əvvəlcə bildirdim, belə idi: ”Xahiş edirik, Qarabağda İran biznesmenləri tərəfindən aparılan qeyri-qanuni biznes fəaliyyətinə diqqət yetirin". Biz İran hökumətini ittiham etmək mövqeyində deyildik. Biz anladıq ki, bunu bəzi özəl şirkətlər edir. Lakin biz bunun dayandırılmasını xahiş etdik. Cavab olaraq nə baş verdiyini hər kəs görür. Nəticədə nəyə nail olduq? Bir daha söyləyim ki, heç bir yaxşı şey baş vermədi. Buna görə biz, ilk növbədə, İsrailin azad olunmuş torpaqlara gətirilməsi ilə bağlı Azərbaycana yönələn bütün ittihamları rədd edirik. Bu, tamamilə cəfəngiyyatdır. Bu, sadəcə, Azərbaycanı qaralamaq məqsədilə daxili auditoriyaya yönəlmiş bəhanədir. Hər kəs gedib görə bilər ki, orada heç həyat yoxdur. Hər bir şey dağıdılıb. İkincisi isə biz digərlərinə etdiyimiz hörmətin özümüzə də olmasını tələb edirik".
“Yeni Müsavat”