Azərbaycan "Taliban" hökumətini tanıyacaqmı? - AKTUAL
14-10-2021, 11:49

Bu suala Azərbaycan Prezidenti İlham Əliyev, "La Reppulika" qəzetinə müsahibəsində cavab verib. Jurnalistin: “Siz Taliban hökumətini tanımağa hazırsınızmı?” deyə soruşduqda, Prezidentin dediklərindən bəlli olur ki, rəsmi Bakı bu addımı atmağa tələsmir.
İlham Əliyev deyib: “Biz hazırda hər hansı addımın atılması mərhələsində deyilik”.
Prezident Azərbaycanın nə siyasi, nə iqtisadi, nə də ki, nəqliyyat sahəsi baxımından Əfqanıstanla heç zaman sıx bağlı olmadığını, Əfqanıstanın coğrafi uzaqlığını əsas gətirib. Prezident, rəsmi Bakının Əfqanıstanın yeni hökumətini tanımağa tələsməməsinin başqa bir səbəbini də açıqlayıb: “Hazırda Əfqanıstanda yeni hökumətin qurulması və xarici siyasət prioritetlərinin müəyyən edilməsi dövrüdür. Müsbət meyl, müsbət yanaşma və potensial əməkdaşlıq əlamətləri gördüyümüz halda biz, əlbəttə ki, adekvat şəkildə cavab verəcəyik”.
İlham Əliyev onu da deyib ki, Azərbaycanın Əfqanıstanda mövcudluğu orada sülhməramlı əməliyyatlarda iştirakla məhdudlaşıb.
“...Azərbaycan hərbçiləri, Kabil Hava Limanını sonuncu tərk edənlər sırasında olublar” - deyə dövlət başçısı sülhməramlılarımızın öz xidmətini son günə qədər və ləyaqətlə icra etdiyini də bildirib. Prezident İlham Əliyevin bu cavabından görünür ki, əvvəla, o, Əfqanıstanın yeni hökumətini tanımağa hələ bir səbəb olmadığını deməklə yanaşı, ümumilikdə bunu istisna etməyib. Ancaq bu şərtlə ki, orada tanımağa layiq bir hökumət qurulmuş olsun. İkincisi, ümumiyyətlə, ortada Azərbaycanın da tanıyıb-tanımayacağı bir hökumət hələ yoxdur. Onun necə və nə zaman qurulacağı, ümumiyyətlə, xarici siyasətinin necə olacağı, Azərbaycanla da necə bir münasibət qurmaq istəyəcəyi məlum deyil.
Azərbaycanın tanıma ilə bağlı addım atmağa tələsməməsi praqmatik yanaşmadır; dünyanın aparıcı dövlətləri, ABŞ, Çin və Rusiya qlobal güclər, eləcə də, Avropa İttifaqına daxil olan böyük dövlətlər də “Taliban” hökumətini tanımağa tələsmir. Pakistanla çox yaxın olan, Əfqanıstanın yeni liderlərindən müsbət siqnallar alan Türkiyə kimi böyük dövlət də bu addımı atmır. Yəni, Azərbaycanın həm də bu səbəblərdən qabağa düşüb “Taliban” hakimiyyətini tanıması doğru olmazdı. Ancaq, ümumiyyətlə, bu yanaşma Əfqanıstanda baş verən hadisələrin öz mahiyyətindən də doğur. Əvvəla, cəmiyyəti sekulyar olan, Konstitusiyasında demokratik, hüquqi və dünyəvi dövlət modeli elan etmiş, sivil yol seçmiş ölkələri “Taliban” Əfqanıstanı ilə bağlayan heç nə yoxdur, ya da çox az şey var. Eyni zamanda hakimiyyəti silah gücü ilə devirən bir qüvvənin legitimliyini tanımaq bunun analoqlarını başqa ölkələrdə də, elə öz ölkəndə də stimullaşdırmaq deməkdir. Yəni, kim nə zaman istəsə və bacarsa, seçilmiş hökumətləri devirəcək, başqa dövlətlər də heç nə olmamış kimi bunu qəbul edəcək – belə bir şey mümkündürmü?! Əlbəttə, “Taliban” rejimi ilə, Rusiya xarici işlər naziri Sergey Lavrovun da dediyi kimi, “işgüzar rejimdə” münasibətlər qurula bilər. Yəni, çox zərurət olarsa. Ancaq hələlik Azərbaycan buna da ehtiyac görməyib. Bu məsələdə ölçülü-biçili addımlar atmaq ən doğrusudur ki, rəsmi Bakı da bunu edir. Əslində hələ ki, Əfqanıstanla münasibətlər, daha doğrusu, ortaya çıxa biləcək həlli vacib məsələlər, fikrimizcə, Pakistan vasitəsilə həll ediləcək və ya edilə bilər.
Bizimyol.info