NATO Qafqazda iştirakını "gücləndirmək istəyir". Niyə indi?
21-10-2021, 07:50

Cənubi Qafqaz regionuna səfərini Bakıdan başlayan NATO rəsmisi Javier Colomina-nın "bölgədə sülhün təmin olunması istiqamətində NATO-nun müvafiq dəstək göstərməyə hazır olduğu" söylədiyi bildirilib.
Bakıda NATO nümayəndə heyəti ilə görüşü zamanı xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın NATO-nun "etibarlı tərəfdaşı" olduğunu bəyan edib.
Bəzi şərhçilər NATO təmsilçilərinin bu səfərində Azərbaycanın da maraqlarına "uyğun nüanslar" görür və hesab edirlər ki, Azərbaycan burada "manevr imkanları" qazanır.
Millət vəkili Rasim Musabəyov isə hesab edir ki, NATO bölgədə minalanmış ərazilərin təmizlənməsinə yardım edə bilər, "bundan artığına yox".
NATO "Qafqazda iştirakını gücləndirmək" istəyir
NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Javier Colomina başda olmaqla Şimali Atlantika Alyansının nümayəndə heyəti regiona səfərini Bakıdan başlayıb, sonra Tbilisiyə gedib.
Səfəri ərəfəsində Javier Kolomina Twitter səhifəsində paylaşım edərək bildirib ki, Bakı, Tbilisi və Yerevana baş çəkəcək və aparacağı danışıqlarda "NATO-nun Qafqazda iştirakının gücləndirilməsi yollarını" arayacaq.
NATO nümayəndə heyəti ilə görüşündə Azərbaycan rəsmiləri alyansla əməkdaşlığa "yüksək dəyər verildiyini" deyiblər.
Müdafiə naziri Zakir Həsənov NATO ilə əməkdaşlığın "bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətindən" danışıb.
Xarici işlər naziri Ceyhun Bayramov həm "Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu" deyib, həm də NATO-nun tərəfdaş ölkələrin suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi "yüksək qiymətləndirib".
NATO nümayəndəsinin regionda "sülhə dəstəkdən" əlavə, təmsil etdiyi qurumun "Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəklədiyini" dilə gətirdiyi bildirilib.
Avqust ayında ABŞ Əfqanıstanı tərk etdikdən sonra Kabil aeroportunda yaranmış xaosun qarşısın alınmasında NATO ölkələri olan ABŞ, Britaniya və Türkiyə hərbçiləriylə çiyin-çiyinə Azərbaycan kontingenti də iştirak etmişdi.
Azərbaycan NATO və ABŞ koalisiyası üçün Əfqanıstan əməliyyatı dövründə logistik dəhliz, həm də təyyarələri yanacaqla təmin edən mühüm coğrafi məntəqə rolunu oynayıb. Bunu ABŞ Əfqanıstanı tələm-tələsik tərk edərkən amerikalı təhlilçi Luke Coffey də Twitter hesabında qeyd etmişdi.
Luke Coffey qeyd etmişdi ki, ABŞ və NATO üçün Əfqanıstandan Rusiya və İrandan yan ötən yeganə çıxış yolu Azərbaycan üzərindən keçir - "Gəncə koridoru vasitəsilə".
Azərbaycan özü də ABŞ və NATO yük və personalın Əfqanıstana daşınmasında "Silk Way" aviaşirkəti vasitəsilə iştirak edib.
Ötən illər ərzində yüksək səviyyəli NATO-Rusiya danışıqları da Bakıda keçirilib.
"Sülhün təmin olunmasına dəstək"
Bakıda keçirdiyi görüşlərdə Javier Colomina-nın "bölgədə sülhün təmin olunması istiqamətində NATO-nun müvafiq dəstək göstərməyə hazır olduğunu" dilə gətirməsi qeyd olunr. Lakin Azərbaycan rəsmi qurumlarının yaydıqları məlumatda dəqiqləşdirici məlumat verilmir. Görəsən, söhbət nədən gedir?
İkinci Qarabağ müharibəsindən sonra bölgədə bu funksiyanı hazırda Rusiya hərbi kontingenti həyata keçirir. Eyni zamanda hazırda Rusiya ilə NATO arasında münasibətlərin kəskinləşməsi müşahidə olunur. NATO Brüsseldəki qərargahında 6 rusiyalı diplomatı casusluqda ittiham edərək akkreditasiyalarını ləğv edib, Rusiya isə noyabrın 1-dən NATO-dakı öz daimi nümayəndəliyinin işini dayandıracağını bəyan edib.
Belən olan halda, NATO təmsilçisinin Bakıda səsləndirdiyi təklifin reallaşacağı nə qədər inandırıcı görünə bilər?
Hərbi ekspert Murad Sadəddinov bunu hələlik "reallıqla əlaqəsi olmayan bir məsələ" sayır.
Sadəddinov xatırladıb ki, regionda sülhü möhkəmlətmək üçün "3+3 və 2+2 əməkdaşlıq formatları artıq təklif olunub və bu formatların genişləndirilməsi ehtimalı hələlik müzakirə olunmur.
Hərbi ekspert bu səfərdən Moskvanın narahat olacağını da düşünmür: "NATO indi regionda əsas diqqəti Ukrayna və Gürcüstanla əlaqələri inkişaf etdirməyə verir".
"NATO təmsilçilərinin Bakıya səfərini Moskva həmişə diqqətlə izləyib, odur ki, Azərbaycan NATO ilə münasibətlərində indiki mərhələdə müəyən qırmızı xətləri keçməməyə çalışacaq", - Sadəddinov deyib.
Politoloq Rasim Musabəyovun qənaətinə görə, NATO-nun xüsusi nümayəndəsi tərəfindən deyilənlər "diplomatik nəzakət xətrinə deyilən bir kəlmə" də ola bilər.
"Onların belə imkanı olsaydı, ilk növbədə NATO ilə daha sıx inteqrasiya olunmuş Ukrayna və Gürcüstana kömək edərdilər", - Musabəyov deyib.
Politoloq hesab edir ki, NATO-nun Azərbaycana konkret köməyi işğaldan azad olunmuş ərazilərin minalardan təmzilənməsi işində dəyə bilər.
"Digər praktiki iştirak imkanı burada görmürəm", -Musabəyov deyib
"Ərazilərin minalardan təmizlənməsi" məsələsini NATO rəsmisi ilə danışıqlar zamanı Azərbaycan XİN başçısı Ceyhun Bayramov da qeyd edib.
NATO Azərbaycanda necə təmsil olunub?
Yerli müşahidəçilərə görə, Azərbaycan Türkiyə ilə müttəfiqlik edərək ordusunu modernləşdirməyə çalışır. Ötən il bu barədə Prezident İlham Əliyev də danışıb.
"Bu gün Türkiyə ordusu NATO-da ikinci ordudur. Heç kim türk ordusunun qabağında dura bilməz. Bunu hər kəs gördü, hər kəs anladı. Biz də Türkiyə ordusunun daha kiçik modelini qururuq və inşallah bərabər quracağıq", - Azərbaycan Prezidenti ötən il oktyabrın 5-də TRT Haber telekanalına verdiyi müsahibəsinə vurğulamışdı.
"Azərbaycan ordusu öz gücünü keçən il Qarabağ müharibəsində nümayiş etdirdi. Bütün bunlar NATO tərəfindən də nəzərə alınır", - Rasim Musabəyov qeyd edib.
Politoloq xatıladıb ki, Türkiyə qismində əslində NATO Azərbaycanda artıq təmsil olunub.
"Ağdamda Türkiyə Rusiya ilə birgə monitorinq mərkəzi təşkil edib. Türkiyə çox yüksək səviyyədə Azərbaycanla müttəfiqlik əlaqələri həyata keçirir. Odur ki, əgər NATO Türkiyə deməkdirsə, onda demək, biz bu sahədə Türkiyə vasitəsilə NATO ilə aktiv iş aparırıq",- Musabəyov deyib.
Hərbi ekspert Murad Sadəddinov isə hesab edir ki, NATO-nun regionda fəallaşmaq istəyi Azərbaycanın İranla münasibətlərinin son zamanlarda gərginləşməsi ola bilər.
"Onları Azərbaycanla bağlı İran sərhədindəki vəziyyət maraqlandıra bilər. Azərbaycan-İran sərhədində son zamanların gərginliyi, Azərbaycanın Xəzərdəki neft kontraktlarına hansısa bir təhlükənin yaranması ehtimalı bu alyansa daxil olan bəzi ölkələrin narahatlığına səbəb ola bilərdi", - Sadəddinov ehtimal edir.
Bakı üçün manevr imkanı
Azərbaycan-Atlantika Əməkdaşlıq Assosiasiyasının rəhbəri Sülhəddin Əkbər bu səfərin əhəmiyyətinə "keçən ilki müharibədən sonra yaranmış yeni durum və siyasi-diplomatik kontekstindən" baxır:
"Rusiya bu regionda hərbi-siyasi inhisarçılığı ələ keçirib, bundan həm Avropa İttifaqı, həm ABŞ və görünür, indi də NATO narahatdır".
Sülhəddin Əkbərin fikrincə, Azərbaycanın "qətiyyətli mövqeyinə" görə, Minsk Qrupunun bundan sonrakı fəaliyyəti "ciddi sual altındadır".
"ABŞ, Aİ və NATO hansısa formada bu prosesə qoşulmağa maraq göstərirlər", - təhlilçi əlavə edib.
"Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması məsələsində bu böyük güclər vasitəçilik edə bilərlər, bu onların marağındadır, həm də Rusiyanın inhisarçılığına son qoya bilər", - Sülhəddin Əkbər söyləyib.
Onun qənaətinə görə, rəsmi Bakının da "bu məsələdə marağı var".
Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsində, delimitasiya, demarkasiya məsələsində bu güclər vasitəçilik edə bilərlər, təhlilçi hesab edir.
"Təbii ki, Rusiya narahat olacaq, amma burda Azərbaycanın da maraqlarına uyğun nüanslar var və Azərbaycan burada manevr imkanları qazanır", - Sülhəddin Əkbər qeyd edib.
Azərbaycan Prezidenti bildirib ki, rus sülhməramlıları Qarabağa yerləşəndən bəri "bəzi xırda insidentlər istisna olmaqla vəziyyət sabitdir" və Azərbaycan onların fəaliyyətindən "razıdır".
Hazırda Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası məsələsi də Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin üçtərəfli işçi qrupun müzakirə mövzusudur.
BBC