Türk generalları Azərbaycanda vəzifəyə gətirilir - şok iddia
17-03-2016, 10:07
Prezident Əliyevin Türkiyə səfərinin mühüm uğuru; Bakı-Ankara hərbi müttəfiqliyi yeni mərhələyə keçir; qardaş ölkənin yüksək çinli zabitlərinin azı, üç istiqamət üzrə vəzifələrə yerləşdirilməsi mümkün sayılır; bu, ortaq düşmənlərə ciddi bir xəbərdarlıq mesajı olardı...
Azərbaycan prezidenti İlham Əliyevin budəfəki Türkiyə səfəri məxsusi özəllikləri ilə yadda qaldı və yəqin ki, hələ bir müddət də yerli və xarici siyasi şərhçilərin təhlil mövzusu olacaq. Səfər əsasən 3 mühüm nəticə-mesajı ilə əhəmiyyətli hesab oluna bilər.
Əvvəla, ötən sayımızda da vurğuladığımız kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın terror səbəbi ilə ikinci dəfə Bakıya gələ bilməməsinin qarşılığında prezidenti İlham Əliyevin Ankaraya qəfil getmək qərarı verməsi, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci toplantısının Türkiyədə də olsa gerçəkləşməsi təbii müttəfiqimizə qiymətli dəstək jesti olmaqla yanaşı, Türkiyə-Azərbaycan siyasi-hərbi tandeminin gücünü nümayiş etdirdi.
Ortaq düşmənlərə ciddi bir xəbərdarlıq mesajı hətta göz dağı oldu. Türkiyənin mövqeyinə, gücünə bənzərsiz bir güc qatdı, onun yalqız olmadığını təsbitlədi. Bir daha nümayiş olundu ki, ağır gündə Türkiyəyə Azərbaycandan, Azərbaycana isə Türkiyədən yaxın, təmənnasız dost-müttəfiq yoxdur.
Türk generalları Azərbaycanda vəzifəyə gətirilir
İki qardaş ölkənin sarsılmaz dostluğu və müstəqilliyinin ikinci mühüm təzahürü Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin səfər müddətində də davam etdirilməsi sayıla bilər. Bu da ortaq düşmənlərə, xüsusən də işğalçı Ermənistana və onun havadarlarına “soyuq duş” effektli digər xəbərdarlıq mesajıdır. Hər halda, indiyədək edilən qarşılıqlı səfərlər zamanı belə ortaq “əzələ nümayişi” olmamışdı.
Nəhayət, səfərin üçüncü mühüm nəticəsi kimi imzalanan sənədlərə nəzər salmaq lazım gəlir. Bəllidir ki, onların sayı 6-dır. Hərbi analitik, Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (Caspian Defense Studies Institute - CDSI) rəhbəri Cəsur Sümərinliyə görə, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının şəxsi heyət üzrə rəisi, korpus generalı İlhan Talu arasında imzalanan “Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında hərbi/mülki heyətin sosial və mədəni məqsədli mübadiləsinə dair Protokol” xüsusilə mühüm əhəmiyyət kəsib edir.
Bəs hərbi/mülki heyətin sosial və mədəni məqsədli mübadiləsi nə deməkdir? Ekspert ehtimal edir ki, söhbət Azərbaycan və ya Türkiyənin yüksək rütbəli hərbçilərinin qarşılıqlı olaraq bir-birinin silahlı qüvvələrində qısa və ya uzunmüddətli xidmətindən gedə bilər. “Sənədin adının ehtiyatlı qoyuluşu yəqin ki, bir sıra ölkələri qıcıqlandırmamaq üçündür”, - deyə şərhdə bildirilir.
“Vaxtilə Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılmasının vacib detallarından biri planlaşdırma, büdcə vəsaitlərinin səmərəli istifadəsi, doktrinal sənədlərin hazırlanmasında NATO ölkələrinin dəstəyindən daha səmərəli istifadə edilməsi idi. Təəssüf ki, Bakı zaman-zaman bu istiqamətdə NATO-nun dəstəyindən imtina edib. Sözsüz ki, bu da Silahlı Qüvvələrdə mövcud olan korrupsiya və rüşvətxorluq hallarını, iri büdcə yeyintisini NATO-dan gizlətmək arzusu ilə bağlı olub. Son dəfə bir neçə il bundan öncə NATO rəsmi Bakıya Building Integrity proqramında iştirakı təklif etsə də, Azərbaycan hakimiyyəti bundan boyun qaçırtdı”.
Ancaq qurum rəhbərinin qənaətincə, hazırda belə görünür, vəziyyət dəyişib. “Belə ki, neftin qiymətinin aşağı düşməsi nəticəsində bir çox sahələrdə olduğu kimi, ordu quruculuğunda, xüsusilə də hərbi planlaşdırma, büdcə vəsaitlərinin səmərəli istifadəsi və s. istiqamətində ciddi problemlər ortaya çıxıb. Belə bir vəziyyətdə, ehtimal var ki, ordudakı durumu düzəltmək üçün rəsmi Bakı NATO üzvü olan Türkiyənin praktik dəstəyinə arxalanmaq qərarı verib”, - deyə institutun direktoru qeyd edib.
Onun sözlərinə görə, hər bir şey gözlənildiyi kimi olsa, Türkiyə Silahlı Qüvvələrinin ən azı üç istiqamət üzrə yüksək rütbəli zabitləri Azərbaycan Müdafiə Nazirliyində yüksək vəzifələrə təyin oluna bilərlər. “Söhbət büdcə planlaşdırılması, döyüş hazırlığı və arxa cəbhə təminatı istiqamətlərindən gedir” - Sümərinli bildirir.
“Amma bu təyinatlar nə dərəcədə effektiv olacaq, onu proqnozlaşdırmaq çətindir. Azərbaycanda hərbi büdcə korrupsiya hədəfi olaraq qalır və onun planlaşdırılması, xərclənməsi qaydaları, bu barədə qərarların necə verilməsi cəmiyyətə bəlli deyil. Təsadüfi deyil ki, bu, ”Transparency International" (“Beynəlxalq Şəffaflıq”) Təşkilatının bir qədər bundan əvvəl yaydığı hesabatda geniş şəkildə əksini tapıb", - deyə Sümərinli qeyd edib.
Qeyd edək ki, Azərbaycanda bir sıra hərbi qurumlarda oxşar taktikadan - yəni türkiyəli zabitlərin təcrübəsindən istifadə olunur. Söhbət Daxili Qoşunlardan (DQ) gedir. Belə ki, DQ Komandanının köməkçisi Türkiyə Jardarmasının hərbi qulluqçusudur.
Hərbi analitikin müşahidələrini ciddiyə alsaq, o zaman sözügedən protokolun Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının yeni keyfiyyət mərhələsinı keçdiyini söyləmək mümkündür. Bu xüsusda sənədin həm işğalçı Ermənistanda, həm də onun 1 nömrəli müttəfiqi Rusiyada iki qardaş ölkənin güclənən müttəfiqliyindən dolayı təlaşı artıracağını əminliklə söyləmək olar.
Doğrudur, Türkiyə NATO üzvü olduğundan, onunla Azərbaycan arasında Ermənistanla Rusiya arasında 50 illiyinə imzalanan sənədə bənzər genişmiqyaslı hərbi əməkdaşlıq müqaviləsi yoxdur. Ancaq bu, qətiyyən iki qardaş ölkə arasında hərbi əməkdaşlığı yetərincə yüksək səviyyəyə qaldırmağa mane olmur. O sırada Azərbaycan Silahlı Qüvvələrini Gürcüstan ordusu kimi NATO standartlarına uyğun qurulmasında heç bir siyasi əngəl mövcud deyil, ola bilməz. İki ölkənin hazırda davam edən birgə təlimləri bunu bir daha bariz şəkildə sübut edir.
Başqa yandan, Azərbaycanın öz hərbi parkını işğalçı ölkənin əsas müttəfiqi Rusiyadansa qardaş Türkiyə hesabına komplektləşdirməsi günün əsas vəzifələrindən biri olaraq qalır. Nə xoş ki, son illər Ankara müasir hərbi texnika və silah-sursat istehsalı sahəsində də ciddi uğurlara imza atmaqdadır.
Sonda əlavə edək ki, Azərbaycanın müdafiə sistemində türkiyəli generalların ən azından təlimatçı qismində çalışması iddiaları barədə erməni mətbuatında zaman-zaman həyəcanlı yazılar, ekspert rəyləri dərc olunub. Olsun. Bu ehtimalın quruca varlığı düşməni təlaşda saxlayırsa, ona çəkindirici təsir göstərirsə, göstərsin.
Bütün hallarda hərbi müttəfiqliyi gücləndirmək iki qardaş dövlətin halal haqqıdır. Necə olur, Ermənistanın hətta xarici sərhədlərini də rus hərbçiləri qoruyur, bu ölkədə Rusiyanın 5 minlik hərbi bazası olur, amma Azərbaycan ordusunda türk generalları müqavilə əsasında çalışa bilməz?
İşğaldan qurtulmaq üçün terror istisna olmaqla, indi istənilən vasitə məqbuldur. Bu hüququ Azərbaycana ilk növbədə BMT Nizamnaməsi verir.
Türk generalları Azərbaycanda vəzifəyə gətirilir
Qəzet çapa gedərkən Müdafiə Nazirliyinin mətbuat xidməti məsələyə dair bir açıqlama yaydı: “Martın 15-də Ankara şəhərində Azərbaycanla Türkiyə arasında hərbi-mülki heyətin mübadiləsinə dair imzalanan protokolu şərh edən bəzi elektron kütləvi informasiya vasitələri məsələyə qeyri-ciddi yanaşıblar. Sənədə əsasən, yüksək rütbəli zabitlərin qarşılıqlı olaraq hər iki dövlətin hərbi qurumlarında xidmət etməsi fikri tamamilə yanlışdır. Bununla belə, ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, 2015-ci ildən başlayaraq rəhbər heyət qarşılıqlı surətdə taktiki səviyyədə Azərbaycan və Türkiyədə təcrübə mübadiləsi məqsədilə qısamüddətli hərbi xidmət keçir. Bu, döyüş hazırlığının artırılması və bölmələrin uzlaşması məqsədilə həyata keçirilən təlim prosesidir”.
Ekspertlər bu ehtiyatlı bəyanatı belə şərh edir ki, Türkiyə Silahlı Qüvvələri zabitlərinin Azərbaycan ordusuna cəlb edilməsi məsələsi Qərb və Rusiyada qıcıq doğura bilər. Bu səbəbdən kifayət qədər ehtiyatlı davranılır və məsələ “təcrübə mübadiləsi məqsədilə qısamüddətli hərbi xidmət keçmə” kimi qoyulur.
Xatırladaq ki, mərhum prezidentlər Əbülfəz Elçibəy və Heydər Əliyevin hakimiyyətləri zamanında Türkiyə hərbçiləri Azərbaycan ordusunun ayrı-ayrı hərbi hissələrinin formalaşdırılmasında, NATO standartlarına uyğunlaşdırılmasında yaxından iştirak ediblər. Müxtəlif dönəmlərdə orduda peşəkarlığın artırılması məqsədilə Türkiyə generallarının, zabitlərinin təcrübələrindən istifadə olunduğu sirr deyil.
Bəyanatdan da sezilir ki, qarşıdakı müddətdə təcrübə mübadiləsi məqsədilə növbəti dəfə Türkiyə hərbçiləri ordumuza qısamüddətli də olsa təlimlər keçəcəklər.