Süni qiymət artımında Dövlət Gömrük Komitəsinin rolu - Antiinhisar Xidməti hara baxır?

12-11-2021, 00:00           
Süni qiymət artımında Dövlət Gömrük Komitəsinin rolu - Antiinhisar Xidməti hara baxır?
Son aylar ölkədə əsasən ərzaq məhsullarının qiymətinin artması ciddi sosial müzakirələrin yaranmasına səbəb olub. Durmadan artan qiymətlərin tənzimlənməsi istiqamətində heç bir işlərin aparılmaması və ya ciddi səmərə verməməsi göz önündədir. Bütün bunların fonunda ölkəmizdə mavi yanacağın, benzinin, su və işığın qiymət artımları və əlavə limitə salınması prosessinin aparılmasının da şahidiyik.

Əslində ölkəmizdə bütün sferalarda qiymət artımlarının baş verməsinin ayrı-ayrılıqda səbəbləri var və bu səbəblərdən irəli gələn fəqrli yanaşma və açıqlamaların şahidi oluruq.

Təbii ki, komanda halında işləyən məmurlar və onların müdafiəçi rolunda çıxış edən iqtisadçı ekspert və mətbuatçıları hədəfi yayındırmaq, məlum problemi bir-birilərinin üzərinə yıxmaqla vaxt udurlar. Ortada qalan xalq isə bahalaşmanın fəsadları ilə üz-üzə qalmaqdadır.

Son bir neçə gündür Milli Məclisdə aparılan müzakirələrdən də aydın olur ki, prosess yalnız baş verən qiymət artımlarının günahkarlarının "axtarılması"na yönəlib, prosessin nədən bu məcrəya gəlib çıxmasının konkret səbəblərini araşdıran yoxdur.

Ötən gün Maliyyə naziri Samir Şərifov kənd təsərrüfatı və ərzaq məhsulları ilə bağlı dövlət rüsumunun artırılmasına münasibət bildirərkən dedi ki: "Hamıya bildirirəm ki, heç bir ərzaq məhsulunun rüsumunda bir qəpik də olsun artım yoxdur. Ərzaq məhsullarının qiymətinə təsir edəcək dövlət rüsumlarında artımı yoxdur. Bu, tamamilə əsası olmayan uydurmalardır".

Bu açıqlamanın diqqət olunmalı hissəsi ondan ibarətdir ki, Samir Şərifov demək istəyib ki, qiymətlərin qalxmasının əsas səbəbləri var və bu səbəbləri Maliyyə Nazirliyində deyil, başqa qurumlarda axtarmaq lazımdır. Dolayısı ilə Şərifov günahkarların və yaxud günahın hansı qurumlarda olduğunu deyib. Sadəcə və sadəcə bu qurumların rəhbərlərinin əlindəki rıçaqlar və mümkün imkanlar nəticəsində prosess başqa məcraya asanlıqla yönələ bilir. Əslində ölkədə qiymət artımlarının baş vermə səbəbləri bəllidir və nədənsə bunu heç bir ekspert etiraf etmək istəmir.

Uzun illərdir ölkənin Gömrük sistemində ciddi monopoliya və sənədləşmə zamanı əlavə rüsumların alınması prosessi davam edir. Azərbaycanda elə bir sahibkar yoxdur ki, bu və ya diğər şəkildə Gömrükdə qanunsuzluqlarla üzləşməsin. Ölkəyə gətirilən çeşidindən asılı olmayaraq bütün növ məhsulların rəsmiləşdirilməsi zamanı ciddi problemlər yaradılır və bu barədə dəfələrlə mətbuatda məlumatların şahidi olmuşuq.

Maliyyə naziri Samir Şərifovun dediklərinə qayıtsaq, diqqətlə analiz etsək ölkədə qiymət artımının süni olaraq qaldırıldığının şahidi olmuş olarıq. Əgər "Ərzaq məhsullarının qiymətinə təsir edəcək dövlət rüsumlarında artımı yoxdur"sa o zaman qiymət niyə artır? Diğər bir tərəfdən bu qiymətlərin artmasına gətirib çıxaran amilləri hansı qurum araşdırmalıdır, rəy verməlidir və ya qarşısını almalıdır?

Ölkədə qiymət balanslaşdırılmasını həyata keçirən, ona nəzarət edən və sahibkarların iş fəaliyyətini, qiymət siyasətini tənzimləyən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti fəaliyyət göstərir. Bu Xidmətin işi birbaşa olaraq süni qiymət artımına nəzarət etməkdir. Məlum vəziyyətdə bu qurumun fəaliyyətinin hansı səviyyədə olduğunun şahidiyik.

Ümumiyyətlə, bu Xidmətin fəaliyyəti sıfır səviyyədədir. Ötən gün İqtisadiyyat naziri Mikayıl Cabbarov açıq şəkildə etiraf etdi ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətləri ilə bağlı məsələlərdə fəaliyyət gücləndiriləcək.

Belə çıxır ki, bu qurumun hələ də ciddi bir faaliyyəti yoxdur. Yəni, konkret formada desək Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti süni qiymət artımının qarşısını ala bilmir.

Bütün bunlar bir daha göstərir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmət ölkəyə mal gətirən, Gömrükdə dərisi soyulan, əlavə rüsum alınan sahibkara təsir göstərə bilmir. Çünki sahibkar haqlıdır. Bu səbəbdən də ölkəmizdə süni qiymət artımı baş verməkdədir. Təəssüflər olsun ki, məlum vəziyyət illərdir davam edir və süni qiymət artımında Gömrük şefi Səfər Mehdiyevin adını çəkən yoxdur.

Bu günlərdə Hesablama Palatası bir neçə qurumda, həmçinin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində apardığı yoxlamalar zamanı "sair xərclər" məsələsi ilə bağlı ciddi anons verdi. Məlumatda qeyd olunurdu ki, nazirlikdə aparılan yoxlamalarda "sair xərclər" hissəsində qaranlıq məqamlar var.

Kənan Məmmədov gömrük bəyannəmələrini niyə karandaşla yazdırır?Həmçinin Bizimxeber.az-a daxil olan məlumata görə, Hesablama Palatası Dövlət Gömrük Komitəsində də məlum yoxlama proseduru həyata keçirib və bu qurumda da ciddi problemlər aşkarlanıb. Yoxlamaların əsas hissəsi olaraq Bakı Baş Gömrük İdarəsində aparılan yoxlamalar zamanı çox ciddi nöqsanlar aşkarlanıb.

Məlumata görə, Bakı Baş Gömrük İdarəsində aparılan yoxlamaların nəticəsi olaraq həbslərin aparılacağı ilə bağlı bəzi anonslar da verilib. Amma hələlik qurum bu barədə mətbuata məlumatların sızmasına bütün cəhdlə mane olur. Görünür Dövlət Gömrük Komitəsinin rəisi Səfər Mehdiyev, Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovu hələlik xərcləmək istəmir və onun bugünkü "fəaliyyəti" Mehdiyev üçün əlverişlidir.

Daha bir məlumata görə, yaxn aylarda Dövlət Gömrük Komitəsinin fəaliyyətində ciddi struktur dəyişikliyi olacaq.

Örən gün İqtisadiyyat naziri Mikayıl Cabbarovun "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətləri ilə bağlı məsələlərdə fəaliyyət gücləndiriləcək" deməsi dolayısı ilə buna işarə deməkdir.

Biz sözlə ölkədə süni qiymət artımının baş verməsinin əsas səbəblərindən biri də Gömrük sahəsinin nəzarətsiz qalması və sahbkarlardan Gömrükdə əlavə rüsumların alınması, süni əngəllər və sairə hallardır. Amma və lakin hələlik bu barədə heç bir ciddi tədbirlər görülmür. Səfər Mehdiyev və komandası öz işindədir, qiymətlər də durmadan artır.

Bizimxeber.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.