Bir – birini təkrarlayan (ali) qurumlar büdcəni yeyir - Bizə iki ali dövlət icra hakimiyyəti orqanı gərəkdir?

18-11-2021, 07:07           
Bir – birini təkrarlayan (ali) qurumlar büdcəni yeyir -
Azərbaycan Respublikasının Ana Qanununun -Azərbaycan Respublikası Konstitusiyasının 7 -ci maddəsinin lll hissəsində icra hakimiyyətinin Azərbaycan Respublikasının Prezidentinə mənsub olması doğrulanıb. Yəni, bizim Respublika prezident respublikasıdır, ölkə prezident yönətimi, idarəçiliyi altındadır. Belədə prezidentin özü hökumətin də başçısı kimi çıxış etdiyindən baş nazirə ehtiyac qalmır. Prezident respublikalarında, bir qayda olaraq, baş nazirlik postu nəzərdə tutulmur. Elə Amerika Birləşmiş Ştatlarını götürək, kimsə bu nəhənglikdə respublikanın baş naziri olmasını eşidib? Yoxdur, prezident, vitse-prezident olan yerdə baş nazirə yer qalmır axı! Poctsovet ölkələri iki ali icra hakimiyyətini formal da olsa, saxlamaqda xalqa xidməti «gücləndirmək» görüntüsü niyyəti güdürlər, yəqin.

Bu boyda Prezident Administrasiyası , vitse-prezidentlik institutu olduğu halda, Nazirlər Kabineti yalnız və yalnız büdcənin xərclərini artırmağa xidmət edir. Biz hələ baş nazirin önəmsiz qərarlarını demirik. Meşədən meyvə yığılmasını qadağan edən qərarların yerini indi anlamsız, mücərrəd qərarlar tutub. Elə dünən Rusiya mətbuatında hökumətin işsizlik müavinətini 660 rubl artırması sorağı yayıldı . İndiyədək maksimal məbləği 12130 rubl , minimal məbləği 1500 rubl olan işsizlik müavinətinin yuxarı həddinin 12792 rubl olacağını baş nazir Mişutsin qərara alıb. Bizim baş nazirin belə sərbəst, konkret məbləğdə qərar vermək səlahiyyəti var? Yoxdursa, adi bir dəftərxana işini görməyə bu yekəlikdə Nazirlər Kabineti nəyə gərəkir? Bu gün NK-nın işi, görəvi prezident sərəncamlarının, fərmanlarının icrasını təmin etməkdən o yana keçmir . Bu təminatı isə, vurğuladığımız kimi, vitse-prezident, PA rəhbərliyi də həyata keçirə bilər. Onu da vurğulayaq ki, NK, bir çox hallarda fərmanların icrasını elə təmin edir ki, illərlə icra olunmamış qalır. Prezidentin 26.12.2001 tarixli «Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında» 613 saylı Fərmanının icrasının təmin edilməsi barədə NK-nın 09.01.2002 tarixli qərarı elə bərbad duruma salınıb ki, icrası kerçəkləşmir. 29.12.2000 tarixli 597 saylı prezident sərəncamı da eləcə. « Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər silahlı birləşmələrin, Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanların yemləmə normalarının təsdiq edilməsi haqqında» NK-nın 08.01.2013 -cü tarixli qərarının icra olunmaması müddətinin 9 ilə çatmasına isə 45 gün qalır. Hərbi qulluqçuların ərzaq pulu ikiqat artaraq 64 manatdan 128 manata qaldırılsa da, hələ də köhnə məbləğ qüvvədədir. Maraqlıdır ki, heyvanlara ilgidə artım olub, insanlar isə hələ də «yaddan çıxır». NK niyə qərarının icrasını təmin etməkdən imtina edir?

Demək olar, hər gün baş nazirin qərar imzalaması haqqında informasiya yayılır. Düzdür , meşədən meyvə yığılmasının qadağan edilməsi haqqında olmur daha, amma heç bir əhəmiyyət daşımayan hansısa orqana tapşırıq verilməsi, dərs ilinin başlanıb- qurtarması, bayram günlərinin sayı barədə və s. qərarlar heç kimi maraqlandırmır. Xalqa iş(sizlik) müavinəti, çörək , veteran , uşaq pulu və s. maddi məbləğləri əks etdirən qərarlar gərəkir. Yoxsa, Rusiya baş naziri işsizlik müavinətini konkret məbləğlə artırmaq haqqında qərar imzalayan anda Azərbaycan baş naziri ,məsələn, pandemiya ilə bağlı işlənən maskaların sertifikasiyası barədə qərar verir.

Fikrimizcə, baş nazir postu, Nazirlər Kabineti büdcəyə əlavə yükdür və bu yükdən qurtulmaqla əhalinin güzəranını xeyli yaxşılaşdırmaq olar.

Məğrur Bədəlsoy
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.