Kremlin Qarabağ gedişi: Azərbaycan Türkiyədən kömək istəyə bilər? - NƏ BAŞ VERİR?
18-11-2021, 09:19

Rusiyanın Azərbayan və Ermənistan sərhədlərinə müşahidəçi göndərə biləcəyi müzakirə mövzusuna çevrilib.
Son günlərdə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın dövlət sərhədləri istiqamətində atəşkəsi pozması intensivləşib.
Düşmən ölkə sərhədlərimiz ətrafında müxtəlif təxribat xarakterli addımlara əl atır. Xüsusilə, ardıcıl olaraq Şuşa, Kəlbəcər və Laçın ətrafında təxribatların həyata keçilməsi diqqətdən kənar saxlamaq olmaz.
Hətta erməni hərbçiləri həddini aşaraq Laçın istiqamətində mövqelərimizə doğru ağır artilleriya qurğularından istifadə etdi və nəticədə bir daha məğlub olaraq, geri çəkilməyə məcbur qaldılar.
Əslində, ermənilərin son təxribatlarındakı məqsədləri beynəlxalq aləmin diqqətini çəkmək və rus hərbçilərini Azərbaycan dövlət sərhəddinə qədər gətirmək olduğu hər kəsə məlumdur.
Maraqlıdır, Rusiya vəziyyətdən istifadə edərək sərhədə müşahidəçi göndərə bilərmi? Belə olacağı təqdirdə, Azərbaycan Türkiyədən kömək istəyə bilər?
Bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Cümşüd Nuriyev deyib ki, Rusiyanın sərhədlərimizə müşahidəçi göndərmək ixtiyarı yoxdur:
“Çünki mövcud qanunvericiliyə görə bu, mümkün deyil. Rusiya onsuz da ərazilərimizə sülhməramlılarını göndərib.
Ona görə də müşahidəçi də göndərəcəyini düşünmürəm. Hətta Azərbaycan Prezidenti İlham Əliyevin buna razı olacağına inanmıram. Lakin Azərbaycan Türkiyəyə kömək üçün müraciət edə bilər və etməlidir. Hazırda Türk Dövlətləri Təşkilatının yaranmasına görə Putin Azərbaycanı cəzalandırmaq istəyir. Putin bu addımları ilə guya Azərbaycanın gözünü qorxudaraq, türk dünyasına mesaj verməyə çalışır. Ümumiyyətlə, sərhəddə baş verən bütün təxribatların başında Rusiyanın kəşfiyyat orqanları dayanır.
Əslində, ermənilər də bunların baş verməsini istəmirlər. Hesab edirəm ki, Rusiya mövcud şəraitdə Azərbaycanı çıxılmaz vəziyyətə salmaq istəyir. Çünki biz ərazi bütövlüyümüz ilə bağlı iddiamızı ortaya qoymuşuq.
Onlar isə Azərbaycan ərazisində yenidən “Dağlıq Qarabağ” adlı statusu olan bir muxtar qurum yaratmağa çalışırar. Bununla da, ölkəmizi özlərinin siyasi təsir dairəsinə salmaq məqsədi güdürlər”.