Moskvanın dediyi, İrəvanın razılaşdığı şərtlər: - Azərbaycan üçün də məqbul olacaq?

18-11-2021, 19:13           
Moskvanın dediyi, İrəvanın razılaşdığı şərtlər: -
Rusiya Ermənistan-Azərbaycan sərhədinin demarkasiya və delimitasiyası üzrə 3 təklif irəli sürüb.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib:

"Bunların üçü də bizim üçün qəbilediləndir. Mənim noyabrın 17-də verdiyim bəyanatdan sonra Rusiyanın Müdafiə Nazirliyi demarkasiya və delimitasiya üzrə hazırlıq mərhələsini təklif edib. Bir daha təsdiqləyirəm ki, bu təkliflər bizim üçün qəbulediləndir”.

Söhbət hansı təkliflərdən gedir? Üçtərəfli görüşün baş tutmamasına səbəb də məhz ermənilərə sərf edən təkliflərdir?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib ki, bu açıqlamanın arxasında hansısa şərtlər dayana bilər:

"Amma mən tam əmin deyiləm ki, bu təkliflərin arxasında hansı məqsəd dayanıb. Çünki Paşinyan bundan əvvəl də gurultulu bəyanatlarla çıxış edib. Bu bəyanatlardan sonra da ziddiyyətli ifadələr işlədib. İndi mən bilmirəm, bu, nə dərəcədə razılıqdır. Ola bilsin, axırıncı hadisələr onu bir az sağlam düşünməyə vadar edib. Amma bir ifadənin arxasında başqa məqsəd dayana bilər. Çünki onlar razılığını bildirsələr də, ola bilsin, müəyyən şərtləri, tələbləri də var. İndi bunu araşdırmaq lazımdır, nə dərəcədə səmimidir. Səmimilik yalnız danışıqlar masasında aydınlaşdırıla bilər.

O, bütün məqamlarla razıdırsa, şərt irəli sürməyəcəksə, o zaman əlbəttə ki, biz çoxdan bunu deyirik. Həm sülh sazişini imzalamağa hazırıq, həm də demokrasiya və delimitasiya məsələsində razılığımızı vermişik. Bunu Paşinyandan əvvəl biz demişik".

Politoloq Elşən Manafov isə saytımıza açıqlamasında deyib ki, Azərbaycan bütün hallarda Moskva razılaşmasının şərtlərinin yerinə yetirilməsi məsələsində mövqeyində israrlıdır:

"Yəqin ki, Paşinyan bütün hallarda Ermənistan dövlətinin milli təhlükəsizlik maraqlarına cavab verən şərtlər irəli sürüb. Amma bütün hallarda Azərbaycan tərəfi qalib dövlət olduğundan, Ermənistanın verdiyi şərtlər müqabilində danışıqlara getməsi də anlaşılan olmaz. Azərbaycan tərəfinin şərtləri bəllidir. Azərbaycan bütün hallarda Moskva razılaşmasının şərtlərinin yerinə yetirilməsi məsələsi mövqeyində israrlıdır. Moskva razılaşması Azərbaycan ərazisindən işğalçı qoşunların çıxarılmasını və nəqliyyat-kommunikasiya xətlərini ehtiva edir. Hazırda bizi daha çox düşündürən məsələ Zəngəzur nəqliyyat dəhlizinin açılmasına Ermənistan hakimiyyətinin münasibətidir. Ermənistan tərəfinin bu məsələdə tərəddüd etməsi hakimiyyətin öz maraqları baxımından anlaşılandır. Çünki erməni müxalifəti onsuz da təzyiqlərini gücləndirir. Əslində Paşinyana qarşı çıxan müxalifətin arxasında Rusiya maraqlarının olması birmənalıdır. Bu müxalifətin siyasi fəaliyyəti Rusiya tərəfindən birmənalı şəkildə dəstəklənməsə də, bilavasitə həmin hərəkətlərin arxasında Rusiya maraqlarının olması şəksizdir”.

Ekspertin fikrincə, Paşinyanın Qərbə meyilli fiqur olduğu nəzərə alınarsa, müəyyən dairələr Ermənistanı son bir neçə gündə Azərbaycanla sərhəddə hərbi qarşıdurmaya sövq etməklə, əslində ölkəmizi təxribata cəlb etmək istəyirdilər. Burada isə ATƏT-in Minsk qrupunun fəaliyyətinin yenidən bərpa edilməsi və digər səbəblər var:

“Təxribatda məqsəd o idi ki, Azərbaycan məcburiyyət qarşısında qalıb hərbi əməliyyatları Ermənistan ərazisinə keçirir. Bu halda Ermənistan KTMT prinsiplərindən çıxış edərək üzv ölkələri özünün müttəfiqlik öhdəliklərini yerinə yetirməyə çağırır. Faktiki olaraq, Ermənistanın indiki iqtidarının siyasətini Qərbdən sifariş verənlər bu təxribatla Azərbaycan və Rusiyanı üzbəüz qoymaq, digər tərəfdən Türkiyə- Rusiya münasibətlərinə xələl gətirmək istəyirlər. Məqsəd bəllidir- ATƏT-in Minsk qrupuna ikinci nəfəs vermək, bölgədə sabitliyi pozmaq, Dağlıq Qarabağın statusu haqqında danışıqları bərpa etmək. Bu mənada, Paşinyanın həmin açıqlamalarında məsələyə tam aydınlıq gətirməməsi göstərir ki, Rusiya özü də Moskva sazişində çıxış edən ölkə olaraq, bu müqavilədən kənar addım atmaz. Düşünmürəm ki, Paşinyanın Rusiya ilə razılaşdırılmış şəkildə irəli sürdüyü şərtlər Azərbaycanla təhdid və ya təzyiq dilində danışılacaq şərtlər olsun".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.