Azərbaycan jurnalistikasının təsnifatı
22-11-2021, 00:08

Bir vaxtlar Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov (2005-2013) müxalifətə qarşı ən radikal çıxışları ilə məşhur idi. İndi səsi batıb. Heç kimin yadına da düşmür. Etibar Hüseynov necə yadınızdadırmı? “Səda” proqramının məşhur aparıcısı. Müxalifəti qoz qabığına soxmaqdan zövq alırdı. Müxalif liderləri kukla yerinə qoymuşdu. O gün bir az söhbətləşdik. Ürəyi dolu idi. Deyir ki, bu iqtidara görə canımı qoymuşam. Dünən bu iqtidarı söyənlər indi yuxarı başdadır. Məni isə Şuşaya getməyə qoymurlar. Rədd olub bu məmləkətdən gedəcəm...
Keçirəm Sevinc Osmanqizina. O da bir vaxtlar bizim iqtidarı tərifləyənlər sırasında yer alırdı. Ay keçdi, il dolandı. Vəziyyət dəyişdi. İndi Sevinc Osmanqızı müxalif düşərgənin ideoloqu kimi çıxış edir. Var gücü ilə anti-iqtidar təbliğatı aparır. Sözünün canı odur ki, müxalifət yaxşıdır, iqtidar isə pisdir. Xalq ayağa qalxıb pisi devirməlidir. Eynən Qənimət Zahid kimi. Eyni mövqe, eyni mənzərə.
Sevinc Osmanqızı ilə İlqar Məmmədov arasındakı son söz dueli Azərbaycan jurnalistikasının nə qədər səviyyəsiz olduğunu ortaya qoydu. Sevinc xanım İsmayıl Ömərov rolunda çıxış edir. Jurnalistika yaddan çıxır, özünü ittiham üçün əsas tapmaq istəyən müstəntiq kimi aparır. İsmayıl Ömərov müxalifəti hansı aqressivliklə söyürdüsə, Sevinc xanım da eyni aqressivliklə iqtidarı söyür.
Azərbaycan jurnalistikası bu gündədir. Ya sən müxalifəti müdafiə etməlisən, ya da iqtidarın keşiyində dayanmalısan. Azərbaycanda iqtidarla müxalifət arasında olan qeyri-insanı münasibətlər jurnalistikada da bu cür təzahür edir. Bu eybəcərlik jurnalistikada özünü daha parlaq şəkildə büruzə verir.
Qərb ölkələrində isə nüfuzlu jurnalistlər bir qayda olaraq bütün siyasi partiyalara qarşı müxalifətdə olurlar. Onlar daha çox xalqın marağından çıxış edirlər. Ən doğrusu da zatən elə burudur.
Qərbdə də bu və ya digər siyasi qüvvələrə yaxın olan jurnalistlər, media mərkəzləri var. Ancaq bu, son dərəcə yumşaq, hətta ilk baxışda sezilməyən formada olur. Azərbaycanda olan isə bu tendensiyanın ən ifrat və ən idbar formasıdır.
Mənim baxışıma görə, Azərbaycanda iqtidarla müxalifət arasında Qərb standartlarına uyğun şəkildə normal münasibətlər formalaşmayana qədər Azərbaycan jurnalistikası elə bu kökdə də qalacaq. Jurnalistika hansısa qrupun siyasi ambisiyasına qurban veriləndə vəziyyət belə olur.
Əlbəttə, bu kontekstdə Elmar Hüseynovu yada salmamaq günah olardı. İşıqlı bir qələm sahibini bu qanlı çarpışmalarda itirdik. Onu son dərəcə amansızlıqla məhv etdilər. Allah rəhmət eləsin...
Elbəyi Həsənli
Teref.az