Azərbaycanın ərazi bütövlüyü bərpa olunubmu?

23-11-2021, 00:19           
Azərbaycanın ərazi bütövlüyü bərpa olunubmu?
İqtidarın alovlu tərəfdarları and-aman edir ki, 44 günlük müharibədən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Bu gün-sabah Zəngəzuru da alacağıq.
İqtidara nifrət edən bəlli zümrə isə daş atıb başın tutur ki, yalan danışırsız. Xankəndində, Xocalı... da erməni-rus birlikləri at oynadır. Orada Ermənistan və Rusiya bayraqları dalğalanır. Ermənistan qanunları işləyir. Ruslar Qarabağda kilsə tikir, kimlərəsə heykəl qoyur. və. s.
Dərinə getsək hər iki tərəf haqlıdır.
Mənim baxışıma görə, Azərbaycanın ərazi bütövlüyü hələ bərpa olunmayıb. Azərbaycanın ərazi bütövlüyü o vaxt təmin olunmuş sayıla bilər ki, Dağlıq Qarabağın ermənilər yaşayan ərazilərində də Azərbaycan bayrağı dalğalansın. Və “bizim” ermənilər bizim qanunlarla idarə olunsun. Ona görə də hələ ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından danışmaq tezdir. Yəni ərazi bütövlüyü ilə bağlı belə bir hökm çıxaranlar xeyli şişirtməyə yol verirlər.
Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayıb deyənlər də xeyli qərəzlidir. Çünki 1 il əvvəllə müqayisədə Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində nəhəng bir addım atıb. Ancaq iqtidara nifrət edən kəsim bu addımı təkidlə boş şey hesab edir.
Fakt odur ki, Azərbaycan 1 il əvvəl ermənilərin nəzarətində olan 7 rayonu və Dağlıq Qarabağın 25 faizini düşməndən təmizləyib. 1 il öncə belə bir qələbənin əldə olunacağına kimsə inanmazdı. Düzdür, indi çoxu deyir ki, mən Zəfər çalacağımıza əmin idim. Mən şəxsən Şuşaya Azərbaycan bayrağının sancılacağını heç xəyal belə etmirdim.
Bir şeyi də deyim. Əvvəl işğal altında olan ərazilərimizdə 150 minə yaxın erməni yaşayırdı. İndi qalanların sayı heç 50 min deyil. Məntiq deyir ki, vaxt keçdikcə yerdə qalan ermənilərin böyük bir qismi də Dağlıq Qarabağı tərk edəcək.
30 il ərzində Azərbaycanın ən məhsuldar torpaqları ermənilərin əlində idi. Onlar bu torpaqlardan milyardlarla dollarlıq gəlir əldə edirdilər. Balaca Ermənistanın əlindən bu imkan birdəfəlik çıxıb. Yəni Ermənistan təkcə hərbi baxımdan deyil, elə iqtisadi baxımdan da çöküb...
Əlbəttə, eyforiyaya qapılmaq son dərəcə təhlükəli nəticələrə yol aça bilər. Ona görə də millət olaraq düşmən qarşısında birliyimizi və bütövlüyümüzü qoruyub saxlamalıyıq. Eyni zamanda Ermənistanla danışıqları davam etdirməliyik.
Məncə, həll olunası əsas məsələlər bunlardır:
1) Sərhədlərin dəqiqləşməsi.
2) Zəngəzur dəhlizinin açılması.
3) Dağlıq Qarabağda olan erməni yaraqlılarının tərki-silah edilməsi.
4) Ermənistanla-Azərbaycan arasında sülh müqaviləsinin imzalanması.
5) Ermənistanın Azərbaycana kompensasiya ödəməsi.
Mənim baxışıma görə, biz ortada olan bu problemləri mümkün qədər tez həll etməliyik. Çünki proseslər istənilən an nəzarətdən çıxa bilər. Məsələn, Rusiya və ya Türkiyədə iqtidarın dəyişməsi nəzəri baxımdan mümkündür. Bu dəyişiklik isə bizə yaxşı bir şey vəd etmir. Ona görə də Azərbaycan güclü mövqeyə sahib olduğu indiki məqamda bu problemləri kökdən həll etməlidir ki, sonra ortaya əlavə problemlər çıxmasın.
Mənim baxışıma görə, müxalifətin Qarabağ məsələsindən iqtidara qarşı əks-təbliğat kimi istifadə etməsi yolverilməzdir. O da aydın görünür ki, bizim müxalifət əldə olunmuş bu möhtəşəm qələbəni gözdən salmaq üçün bundan sonra da bütün vasitələrə əl atacaq.
Bir anlığa düşünün ki, ermənilər üzərində bu qələbəni İlham Əliyev yox, tutaq ki, müxalifətin ismi-pünhan bir lideri qazansaydı onda vəziyyət necə olacaqdı? Deyim sizə. İndi Xankəndi, Xocalı deyənlər onda Azərbaycanın ərazi bütövlüyünün qaçılmaz olduğu vurğulayacaqdı. Müxalifəti Azərbaycan xalqı ilə düşmənçilk etməkdə suçlayacaqdı. Mustafası, yerlər dəyişəcəkdi. Bu gün bu qələbəni gözdən salanlar onda bu qələbəni göylərə qaldıracaqdı. Və əksinə, bu gün bu qələbəni göylərə qaldıranlar onda bu qələbəni Azərbaycanın ən böyük məğlubiyyəti kimi xalqa sırımağa çalışacaqdı.
Bizim iqtidarımız da, müxalifətimiz də ictimai rəylə manipulyasiya etməklə məşğuldur. Çünki bizim siyasətçilərdə dövlətçilk şüuru çox zəifdir. Şəxsi maraqlar isə son dərəcə qabarıqdır. Əlbəttə, tam əksi olmalı idi. Ancaq təəssüf ki, belə bir naqisliyimiz də var...
Elbəyi Həsənli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.