"Ehtiyata buraxılan hərbçilərin kirayə pulu büdcəyə əlavə yükdür" - NƏ ETMƏLİ?
23-11-2021, 11:27

"Ehtiyata buraxılan hərbçilərin kirayə pulu büdcəyə əlavə yükdür"
Hazırda çox sayda zabit ev növbəsində gözləməklə bərabər dövlətdən kirayə pulu almaqda davam edir. Bu həm də illərlə davam edir. Növbədə duran hərbçilər arasında narazılıq da az deyil. Optimal variant kimi Türkiyə və ya digər ölkələrin təcrübəsini tətbiq etmək bu sahədə problemləri daha çevik həll etməyə imkan verə bilər. İllərlə ödəniləcək kirayə pulunun üstünü də düzəldib zabitə ödəmək daha məqsədəuyğundur. Məsələn, ehtiyata buraxılanın rütbə və xidmət illərinə (məsələn baş zabitlərə 25 il üçün 50 min manat, sonrakı hər il üçün 3000 manat) və ailə üzvlərinin sayına görə (hər birinə məsələn 25 min manat,) sabit bir vəsait təyin edilir, bu vəsait tərxis əmrinin imzalanması ilə paralel hərbçinin hesabına köçürülür. Rəqəm illik inflyasiya səviyyəsinə görə indeksləşdirilsə, bu heç kimdə narazılıq da yaratmayacaq. Ehtiyata buraxılan hərbçi bu vəsaitlə istəyərsə ev alar, istəyərsə iş yeri yaradar. Tutaq ki, hərbçi evin tək oğludur, yaxud da atasının, babasının və ya digər qohumunun ona miras olaraq qoyub getdiyi bir evi var, ona təqudlə ikinci ev saxlamaqdansa, əlavə bir qazanc mənbəyi olacaq iş yeri, məsələn Qarabağda kiçik bir istehsal müəssisəsi yaratmaq, həm məşğulluq üçün, həm də büdcəmiz üçün daha faydalı ola bilər.
Mənim müşahidələrimə görə bir çox hallarda ehtiyatda olan ehtiyatda olan hərbçilərə başqa şəhərlərdə verilən evlər yarı qiymətə (məsələn Gəncədə 25-30 min manata) satılır, bunda isə nə hərbçimiz qazanır, nə də bu evi 3 dəfə baha qiymətə tikən dövlətimiz. Ola bilər ki, bu prosedur könüllülük əsasında həyata keçirilsin. Yəni hərbçiyə ehtiyata buraxılarkən nəğd vəsait və ya hazır ev seçmək imkanı verilsin. İnanmıram ki, kimsə illərlə kirayədə qalmaq üçün fundamentinin harda qoyulacağı məlum olmayan çoxsaylı ev növbəsini seçsin.
Bu metod həm dövləti kirayə pulu kimi əlavə xərclərdən azad edəcək, həm də hərbçilərin orduda daha üzun müddət xidmətini stimullaşdıracaq. Dövlət bu evi onsuz da tikib verəcək, amma illərlə ödənilən kirayə pulu büdcəyə əlavə yükdür.
10000 kv.km azad edilən ərazilərdə məskunlaşmanı sürətləndirmək üçün başqa variantları da müzakirə etmək mümkündür.
Məsələyə kifayət qədər primitiv yanaşdığımın fərqindəyəm. Hesab edirəm ki, hərbçilər üçün tikilən evlərin və quruln infrastrukturun maya dəyərini, korrupsiyanın mövcud olub-olmamağını, hər bir ailə üzvünə çəkilən xərcin miqdarını və ya 1 kv.m mənzil sahəsinin dəyərinı rəqəmlərlə ifadə edərək məsələni əmlak ekspertləri ilə müzakirə edilməlidir.
Məncə ümumilikdə problem aktualdır və bu barədə düşünməyə dəyər.
Ədalət Verdiyev, hərbi ekspert //Moderator.az//