İran əmanətə xəyanət edəcəkmi? - Naxçıvan yenə Tehranın ümidinə qaldı

24-11-2021, 00:04           
İran əmanətə xəyanət edəcəkmi? -
İranla 2 aydan çox davam edən gərginlikdən sonra Azərbaycanın dövlət rəsmiləri ilk dəfə Tehrana rəsmi səfər edib. Soyuq gərginlikdən, isti münasibətlərə keçidi təmin etmək məqsədilə təşkil edilmiş səfərdə masada neft-qaz razılaşmaları olub.

Azərbaycanıb Baş nazirinin müavini Şahin Mustafayev İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiyanla görüşdə özünün bir günlük səfər çərçivəsində İranın neft və yol və şəhərsalma nazirləri ilə görüşünü konstruktiv adlandırıb. Ş.Mustafayev bildirib ki, görüşlərdə neft, qaz və nəqliyyat sahələrinə dair razılaşmalar əldə olunub.

Görüşdən sonra Azərbaycanla gərginlik zamanı tez-tez əlehimizə bəyanatlar verən İran XİN sözçüsü Səid Xətibzadə isə sözügedən gərginliyin geridə qaldığını, tərəflərin yeni əməkdaşlıq formatı üzərində çalışdıqlarını bildirdi.

“İki ölkənin əlaqələrində mətbuat tərəfindən lazımsız yerə yaradılan və istənilməyən gərginlik hər iki tərəfin ağıllı davranışı ilə geridə qaldı. İki ölkənin əlaqələri yeni mərhələyə qədəm qoyub və səfər bu məqsədlə baş tutmuşdu”, - S. Xətibzadə vurğulayıb.

Xətibzadə həmçinin, Azərbaycan və İran prezidentlərinin Türkmənistanın paytaxtı Aşqabadda keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə görüşü çərçivəsində görüşə biləcəyini bildirib.

Beləliklə, “açıq gərginlikdən, qapalı gərginlik” fazasına keçmiş Azərbaycan-İran münasibətləri Şahin Mustafayevin Tehrana səfəri ilə bir andaca ikitərəfli əməkdaşlıq formatına qədəm qoydu.

Bəs İranla hansı razılaşmalar əldə edilib? Və bu razılaşmalar Azərbaycan üçün nə qədər faydalıdır?

“Naxçıvanın qazla təminatı yenidən İrana əmanət”

İranla yaşanan gərginlikdən sonra Naxçıvanın qazla təminatında bir sıra problemlər yaşanmışdı. Hətta bir həftə əvvəl bir qrup vətəndaşların müraciəti əsasında yerli KİV-lər muxtar respublikadakı qaz problemini işıqlandırmışdı. Şahin Mustafayevin İran səfərində əsas müzakirə edilən mövzulardan biri də Naxçıvanın qazla təminatı oldu. Xatırladaq ki, Azərbaycan təbii qaz istehsalçısı olmasına baxmayaraq Naxçıvanla quru sərhəddinin olmaması bu vilayətin qazla təminatını həyata keçirməyə imkan vermir. Ona görə də 2006-cı ildən bəri Azərbaycan Naxçıvan üçün qazı İrandan idxal edir.

Gərginlikdən sonra “havada qalan” qaz məsələsi Şahin Mustafayevin İrana səfəri zamanı əldə edilən razılaşma ilə həll edildi. Azərbaycan Naxçıvanın qazla təminatını yenidən tez-tez küsüb-barışdığı qonşusu İrana tapşırdı. Bu diplomatik cəhətdən qoşumuzla gərginliyi aradan qaldırmaq üçün uğurlu gediş hesab oluna bilər. Lakin eyni zamanda Naxçıvanın qazlaşdırılmasında İran kimi etibarsız bir dövlətdən asılı qalmaq Azərbaycan üçün risklidir. Bu riski aradan qaldırmanın yeganə yolu isə hələlik Zəngəzur dəhlizinin açılmasıdır.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da EDNews-a açıqlamasında İrandan qaz ixracının Azərbaycan üçün sərfəli olmadığını bildirib:

“İrandan “svop” qaz idxalı Azərbaycan üçün heç sərfəli deyil. Çünki rəsmi Tehran sözügedən “svop” layihəyə görə Azərbaycandan 15% tranzit haqqı alır. Bu beynəlxalq praktikada rast gəlinməsi mümkün olmayacaq qədər böyük göstəricidir. Dünyada tranzit haqqından əldə edilən maksimal mənfəət göstəricisi 5%-dir. Məsələn, Rusiya Ukrayna və Belarus üzərindən Avropaya nəql etdiyi qaza görə bu ölkələrə cəmi 5%-lik haqq ödəyir. İran isə bundan üç dəfə çox Azərbaycandan tranzit haqqı alır. Rəsmi Bakı dəfələrlə İrana bununla bağlı şikayət xarakterli müraciətlər etsə də qarşı tərəf bu müraciətləri nəzərə almayıb” – deyə, ekspert bildirib.

İlham Şaban həmçinin Naxçıvanın qazla təminatında İran asılılığını aradan qaldırmaq üçün sovet dövründəki qaz kəməri marşrutunu bərpa etməyi təklif edib:

“Zəngəzur dəhlizi layihəsi reallaşdıqdan, Azərbaycanla Ermənistan arasında siyasi, iqtisadi əlaqələr bərpa edildikdən sonra Naxçıvanın qazla təminatı sovet dövründəki marşrut əsasında həll edil əbilər. Sovet dövründə Ermənistan Azərbaycandan qaz alırdı və Naxçıvana qaz Ermənistan üzərindən göndərilirdi. Naxçıvana gedən qaz kəmərinin çox maraqlı marşutu var idi. Bərdə-Ağdam-Əsgəran-Xankəndi-Laçın-Gorus-Şahbuz marşutu vasitəsilə Azərbaycan həm Qarabağı, həm Ermənistanı, həm də Naxçıvanı qazla təmin edirdi. Əgər Ermənistanla yekun sülh sazişi əldə edilərsə biz 2006-cı ildən bəri davam edən İrandan “svop” qaz ixracatını dayandıra bilərik”- deyə, Şaban əlavə edib.

İranla yeni neft-qaz razılaşması

Şahin Mustafayevlə görüşdən sonra mətbuata açıqlamalar verən İranın neft naziri Cavad Oci yaxın həftələrdə Xəzərdə neft - qaz yataqlarının işlənməsi ilə bağlı yaxşı uğurlu razılığın əldə olunacağını bildirib. Hələlik bu razılaşmanın formatı məlum deyil. Qeyd edək ki, İran uzun illərdir Azərbaycanın Xəzər dənizindəki hidrokarbon ehtiyatlarına iddia edib. Bu səbəbdən 2018-ci ildə Xəzəryanı ölkələr tərəfindən Xəzərin hüquqi statusu ilə bağlı Aktau sazişi imzalansa da İran parlamenti hələ də bu qərarı ratifikasiya etməyib. İndi belə bir stuasiyada, post-gərginlik dövründə iki dövlətin tam bölüşdürə bilmədikləri Xəzərdə neft-qaz yataqlarını birgə işlətməsi olduqca müəmmalı görünür. Xatırladaq ki, Azərbaycan 2021-ci ildə bənzər problemlər yaşadığı Türkmənistana kiçik bir güzəştə gedərək “Dostluq” yatağını rəsmi Aşqabadla birgə işlətməyə razılıq vermişdi. Ümid edirik ki, milli sərvətlərimizdə növbəti kompramis “molla”lara verilməz.

Bayram deyil, seyran deyil, türkmənlərdən niyə qaz alırıq?

Görüşdən sonra C. Oci həm də Azərbaycanın İran üzərindən türkmən qazını ixrac edəcəyini bildirib. İlham Şabanın sözlərinə görə hazırda Azərbaycanın türkmən qazına ehtiyacı yoxdur:

“2021-ci ilin 9 ayında əmtəəlik qaz hasilatımız 23% artıb. 2020-ci ildə Azərbaycan 26 milyard kubmetr əmtəəlik qaz hasil etmişdi, bu il bundan 6 milyard çox olacaq. Qaz hasilatımız get-gedə atır. Belə olan şəraitdə bizim idxal qazına ehtiyacımız varmı? 2016-2017-ci illərdə Azərbaycan ölkədə qaz qıtlığı olduğu üçün İran üzərindən türkmən qazını almışdı. Hacıqabul-Astara qaz kəməri o zaman əks istiqamətdə işləyirdi. Alınan qaz Naxçıvana da verilirdi. İndi yenidən türkmən qazını ixrac etmək nəyə lazımdır? Bilmirəm, yəqin ki, bunu yaxın zamanlarda dövlət rəsmiləri açıqlayacaq”.

Nicat İsmayılov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.