Demokratiya sammiti, yoxsa qütbləşmiş dünya reallığı: Co Bayden nə etmək istəyir? - HƏQİQƏTƏN DƏ...

25-11-2021, 12:33           
 Demokratiya sammiti, yoxsa qütbləşmiş dünya reallığı: Co Bayden nə etmək istəyir? - HƏQİQƏTƏN DƏ...
Dekabrın 9-10-da dünyanın 110 ölkəsinin liderləri ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə virtual konfrans keçirəcək və bu sammitdə beynəlxalq demokratik problemlər müzakirə olunacaq.

Ovqat.com-un məlumatına görə, həmin toplantıda Ermənistan iştirak edəcəyi halda, Türkiyə və Azərbaycan kənarda qalacaq.

Adına şərti olaraq “Demokratiya sammiti” deyilən bu virtual toplantıda ölkəmizin yer almaması bir çox vətənpərvərlərimizi üzür və bunun Azərbaycana qarşı mümkün mənfi təsirləri müzakirə olunur. İlk baxışdan, demokratik ölkələrin sırasında adımızın olmaması həqiqətən də üzücü hadisə təsiri bağışlayr və bu təsnifatın ortaya çıxmasında, təbii ki, bizim öz səhvlərimizin önəmli rol oynadığı qənaəti yaranır. Lakin dəvət olunanların siyahısına nəzər salanda bu sammitin əslində demokratik dövlətçilik ənənəsi ilə o qədər də əlaqəsi olmadığı ortaya çıxır. Məsələn, Türkiyə son zamanlar nə qədər avtoritarizmə yuvarlansa belə, bu ölkənin ən azı 100 il ərzində oturuşmuş demokratik quruluşu var və onu kimsə dəyişə bilməz. Bu gün bəyənib-bəyənməməyimizdən asılı olmayaraq, AKP hakimiyyəti demokratik seçkilər yolu ilə seçilib və parlamentdə təmsil olunan ölkə müxalifətinin ən yüksək kürsülərdən öz mövqeyini ifadə etmək imkanı mövcuddur. ABŞ-ın demokratik dövlət deyib zirvəyə dəvət etdiyi ölkələr arasında elələri var ki, nəinki demokratik dəyərləri, hətta milli bütünlükləri belə formalaşmayıb.

Yaxın Şərqdən bu sammitə dəvət olunan yeganə ölkə İraqdır ki, həmin məmləkətdə nəinki seçkilər, hətta hakimiyyət bölgüsü belə, xalqın iradəsinə yox, xarici qüvvələrin təlqin etdikləri etnik-dini ayrımçılğa əsaslanır. Bu hakimiyyət bölgüsü sisteminə görə, İraqın prezidenti mütləq kürdlərə, parlamenti sünnilərə, hökuməti isə şiələrə aid olmalıdır. Yəni ölkədə ən təcrübəli və nüfuzlu şiə lideri istəsə belə, prezident seçilə bilməz. Məhz bu cür absurd “demokratik” dəyərlər nəticəsində İraqda son iki parlament seçkilərində düz-əməlli hökumət qurmaq mümkün olmayıb.

Yaxud 1960-cı illərdə ingilis imperiyasının “demokratiya qarşılığında müstəqillik” verdiyi Kenyada indiyədək keçirilən bütün seçkilər böyük iğtişaşlarla baş çatıb, güc strukturlarının sərt müdaxiləsi ilə vətəndaş müharibələrinin qarşısı alınıb. 70 ilə yaxındır ki, mövcud olan Kenya Respublikasında indiyədək keçirilən heç bir seçki müxalifət tərəfindən tanınmayıb. Ölkədə 70-dən çox tayfa yaşayır və onlar hələ də klançılıq, qəbiləçilik düşüncəsindən qurtula bilməyiblər. Nə qədər ki, ABŞ və Böyük Britaniyanın bu ölkəni idarə etmək, müxtəlif güzəştlər qorarmaq niyyəti ilə istədiyi şəxsi hakimiyyətə gətirmək təşəbbüsləri ortadan qalxmayıb, Kenya xalqı da qəbiləçilik dəyərlərindən uzaqlaşmayacaq. Çünki imperialist dövlətlərin ən güclü silahı “parçala, hökm sür” siyasətidir. Demokratiya yalanı və bu yalanla bir-birindən ayrı tutulan qəbilə sistemi isə qlobal imperilizmə “hazır məhsul” təqdim edir.

Bənzər sözləri Afrikadan “Demokratiya sammiti”nə dəvət olunan Qana, Liberiya, Malavi, Mauritius, Namibiya, Niger, Nigeriya və s. kimi ölkələr üçün də demək olar. Eyni şəkildə Aİ-nın özünün də demokratik dəyərlərin tam oturuşmasığı etiraf etdiyi Polşa, Serbiya, Monteneqro kimi dövlətlər sözügedən sammitə dəvət olunduğu halda, nədənsə Macarıstan, Bosniya-Herseqovina yaddan çıxıb. Qəribədir ki, həmin Macarıstan Çinin Avropadakı logistik mərkəzi, Türk Dövlətləri İttifaqının ən aktiv üzvüdür. Bosniya-Herseqovina isə Avropanın göbəyində yerləşsə də, Türkiyə və müsəlman ölkələrinə bağlılığı ilə tanınır.

Yaxud Çinin “Qarabağı” kimi tanınan və özünü “əsl Çin” sayan Tayvan da bu “sammit”ə qatılanlar arasındadır, rəsmi Pekin isə yox. Hindistanın, Filippinlərin bəlkə də indiyə qədərki ən avtoritar liderləri sayılan Narendra Modi və Rodrigo Duterte də həmin sammitdə demokratik dəyərlərdən dəm vuracaq, avtoritarizmi pisləyəcək. Bu siyahını xeyli uzatmaq olar. Amma bu örnəklər belə, “Demokratiya sammiti”nin əslində “Co Baydenin dostları klubu”ndan başqa bir şey olmadığını göstərir.

Xatırladaq ki, ABŞ prezidenti Co Baydenin hələ seçki dövründə təbliğat kampaniyasındakı ən mühüm xarici siyasət vədlərindən biri “Demokratiya sammiti”nin keçirilməsi ilə bağlı idi. Görünür, Bayden hakimiyyəti dünyanın ABŞ tərəfindən idarə olunan hissəsini “Demokratiya bloku” adı altında bir araya toplayaraq, əslində getdikcə itirdikləri dünya hegemoniyasının bir hissəsini əlində saxlamağa çalışır. Di gəl ki, onun xüsusilə Çinlə rəqabətində həmin “demokratik dünyanı” əlində saxlaması da xeyli müşkül görünür. Nədən ki, Afrikanın “demokratik dövlətləri”nin böyük hissəsini indidən Çinə uduzduğu ortadadır. Yaxud “demokratik dünyanın” bir parçası kimi Baydenin siyahısına düşən qardaşımız Pakistan da Cənubi Asiyada Çinin yaxın müttəfiqidir və onu bu cizgidən ayırmaq mümkün deyil. Çünki Çinlə yaxın münasibətlər Pakistan üçün təkcə iqtisadi-ticari böyümə üçün yox, həm də hərbi-strateji baxımından böyük əhəmiyyət daşıyır. Hər iki ölkənin ABŞ-ın demokrat deyib gözünə təpdiyi Hindistanla ciddi problemləri var və onlar birgə fəaliyyət göstərəcəkləri təqdirdə öz istəklərinə nail ola bilərlər.

Üstəlik, sir deyil ki, ABŞ Çinin böyüməsinin qarşısını almaq üçün Hindistan kimi ölkələri gücləndirməyə çalışır və region dövlətlərinin əksəriyyətini öz ətrafına toplayaraq bir sıra ittifaqlar yaradıb. ABŞ, Hindistan, Yaponiya, Avstraliyanın bərabər yaratdığı və bəzi mütəxəssislər tərəfindən “Asiyanın NATO”-su kimi təqdim olunan Dördlü Təhlükəsizlik Dialoqu (QUAD) bu təşkilatlardan biridir və Pakistan da bu qurumda təmsil olunmur. Yaxud bu yaxınlarda ABŞ, Böyük Britaniya və Avstraliya tərəfindən yaradılan AUKUS hərbi əməkdaşlıq ittifaqının Çinə qarşı meydana gətirildiyini heç özləri də inkar etmirlər. Hətta dünyanın 7 sənayeləşmiş ölkəsinin ittifaqı kimi görünən və dünyanın idarə olunmasında mühüm rol oynayan G-7 formatının da Çinə qarşı yaradıldığı iddia olunur. Təsadüfi deyil ki, ABŞ, Kanada, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və Yaponiyanın təmsil olunduğu G-7 ittifaqının iyunda keçirilən son zirvəsinin Bəyannaməsinə salınan əsas maddələrdən biri də məhz Çinin “Bir Yol, Bir Kəmər” projesi ilə bağlı idi. Böyük Britaniyada yerləşən Reuters xəbər agentliyinin məlumatına görə, G7-nin həmin sammitinin Bəyannaməsinin layihəsində “Böyük yeddilər Çini Sincan bölgəsində insan hüquqlarına hörmət etməyə, Honq-Konqa yüksək dərəcədə muxtariyyət verməyə və ona qarşı birtərəfli qaydada hərəkətlərdən çəkinməyə çağırmışdılar. Bəyannamədə həmçinin Pekinin “Şərqi və Cənubi Çin dənizlərində sabitliyi pozduğu” iddia olunurdu. Sammitdə Çinin aparıcı qlobal gücə çevrilməsi “1991-ci ildə Soyuq Müharibəyə son qoyan Sovet İttifaqının süqutundan sonra, son mühüm geosiyasi hadisələrindən biri kimi” qiymətləndirilmişdi. “Reuters” bəyannamədəki bu maddələri "Çinin qlobal bir güc olaraq geri dönməsinin ABŞ-ı qəzəbləndirməsi” kimi qiymətləndirmişdi.

ABŞ mərkəzli Associated Press (AP) agentliyi də sözügedən G-7 sammitiylə bağlı xəbərini “Bayden G7 liderlərini Çinlə rəqabət aparmağa çağırır” sərlövhəsi ilə yaymışdı. AP agentliyi həmin xəbərdə iddia edirdi ki, ABŞ-ın bütün təlqinlərinə və diktəsinə rəğmən onun avropalı müttəfiqləri Pekinlə bu qədər sərt şəkildə qarşıdurmaya getmək istəmədiklərini bildirmişdilər. Bayden G7 sammiti öncəsi mesajlarında G7 liderlərini Çinə qarşı ittifaqı gücləndirməyə çağıracağına işarə etdiyini xatırladan agentlik onu da vurğulamışdı ki, avropalı müttəfiqlərinin tərəddüdlərinə baxmayaraq, Bayden onları Çinin trilyonlarla dollarla ölçülən “Bir Kəmər, Bir Yol” layihəsinə qarşı alternativlər yaratmaq məsələsində inandıra bilmişdi.

Baydenin Çinə qarşı hazırladığı və “Daha yaxşı dünya qur” adlandırdığı dəstək proqramını maliyyələşdirmək məsələsində Qərb ölkələrinin ciddi sıxıntılar çəkdiyi iddia olunur. Məlumata görə, Çinə meydan oxuyan bu projeyə ən çox qarşı çıxanlardan biri Almaniyadır. Almaniya kansleri Angela Merkelin G-7 zirvəsində bu ittifaqın hələ maliyyə toplama mərhələsində olmadığını bildirdiyi iddia olunur.

ABŞ-ın həmin sammitdəki təşəbbüsünə Çinin verdiyi cavab da maraqlı idi. Çin XİN sammitdən dərhal sonra bəyanat verərək G7 ölkələrinə xatırlatmışdı ki, "Dünyanın kiçik bir qrup tərəfindən idarə edildiyi günlər artıq geridə qalıb". Ölkənin Londondakı səfirliyi də Böyük Britaniyada keçirilən sammit barədə bu açıqlamanı vermişdi: "Biz həmişə inanırıq ki, böyük və ya kiçik, güclü və ya zəif, kasıb və ya zəngin ölkələr bərabərdir və dünya işləri bütün ölkələr tərəfindən məsləhətləşmələr yolu ilə idarə olunmalıdır. Çin bərabərhüquqlu rəftar və əməkdaşlıq prinsiplərinə əsaslanan həqiqi çoxtərəfliliyi dəstəkləyir. O, yalnız kiçik bir qruplaşmanın maraqlarına xidmət edən çoxtərəfliliyi rədd edir".

Görünən budur ki, Bayden “daha yaxşı dünya qurmaq” arzusunda istədiyi nəticəni ala bilməmiş və təkbaşına hərəkət etməyə qərar vermişdi. G-7 sammitindən bir neçə ay sonra ABŞ-ın “Demokratik dünya” quruculuğu təşəbbüsü ilə çıxış etməsi də bu mənada təsadüfi deyil və məqsəd heç də demokratik ölkələri avtoritarizmə qarşı müdafiə etmək yox, hegemonluğu altına altına ala bildiyi dünya dövlətlərini əlində saxlamaqdır.

Təsadüfi deyil ki, ABŞ-ın “demokratik dünya” təsnifatına heç bir Orta Asiya ölkəsi düşməyib. Amma ona görə yox ki, Qırğıstan Afrikanın hələ də qəbiləçilikdən çıxmayan Namibiyasından geri qalır. Bəlkə də ona görə ki, Orta Asiya ölkələri başqa dünyanın hissəsi kimi qəbul olunur və onların geri qaytarılması mümkün olmayacaq dərəcədə itirildiyinə inanılır.

Bir sözlə, ABŞ Çinin böyüyən gücü qarşısına öz ecazkar ideyaları ilə çıxmağa çalışır. Sammitdə müzakirə olunacağı gözlənilən mövzular da bu səbəbdən göz və könül oxşayır. ABŞ Dövlət Departamentinin sammitlə bağlı yayımladığı açıqlamada bu vədlər belə sıralanır:
“Sammitdə demokratiyaların üzləşdiyi problemlər və fürsətlər müzakirə olunacaq, liderlərin öz ölkələrində və xaricdə demokratiya və insan haqlarının müdafiə üçün həm individual, həm də kollektiv öhdəlikləri, islahatları və təşəbbüslərindən ötrü platformaya çevriləcək. Bu öhdəliklərə avtoritarizmin sıxışdırılması, korrupsiya ilə mübarizə, insan haqlarına sayğının təbliği üzrə yerli və beynəlxalq təşəbbüslər daxildir”.

Sanki bu sözləri prezidentlərinin ilk xarici səfərini Səudiyyə Ərəbistanına edən, indiyədək öz maraqları naminə dünyanı qana bələyən, imperialist müharibələrlə varlanan ölkənin yox, başqa planetdən gəlmiş müqəddəs varlıqlar deyir. Sanki müsəlman və digər müstəmləkə ölkələrində avtoritar rejimləri dəstəkləyərək dünyanı indiki ağır vəziyyətə gətirib çıxaran, bununla da özünün də sonunu hazırlayan həmin ABŞ yox, tamamilə başqa ölkədir. Bayden hakimiyyətinin indi belə öz tərəfdarı olan qəbilə ölkələrini demokratik dünyaya daxil etməsi və guya onların iştirakı ilə qlobal avtoritarizmə qarşı “daha yaxşı dünya” uğrunda savaşa hazırlaşması Vaşinqtonun hələ də öz səhvlərindən nəticə çıxarmadığını göstərir.

Heydər Oğuz,
Ovqat.comшаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.