İlham Əliyev: “Bakı bulvarının dünyada analoqu yoxdur“
6-05-2015, 12:06
“Ağ şəhər” bulvarı yaxın günlərdə insanların sərəncamına veriləcək”
Son illər ərzində Azərbaycanda, xüsusilə Bakıda çoxsaylı otellər tikilmişdir.
Bu gün bütün müasir və ən qabaqcıl otellərin brendləri Bakıda vardır.
Son 2-3 il ərzində görün nə qədər gözəl otellər tikilib. “Four Seasons”, “Fairmont”, “Mariott”, “Kempinski”, “Jumeirah”, “Hilton”, “Sheraton”, – bunlardan əvvəl “Hyatt” var idi, – indi də “İnturist” oteli. “İnturist” mehmanxanasının da bu otellər sırasında öz yeri var.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İnturist” otelinin açılışında bildirib.
Prezident bu prosesin gələcəkdə də davam edəcəyinə əmin olduğunu vurğulayıb:
“Çünki yaxın gələcəkdə yeni “Ağ şəhər” bulvarında “Bulvar” oteli də açılacaq. Bulvarın uzunluğu artıq 16 kilometrə çatıb. “Ağ şəhər” bulvarı yaxın günlərdə insanların sərəncamına veriləcək. Beləliklə, Bakıya gələn qonaqlar şəhərimizi gəzəcək və bir daha görəcəklər ki, Azərbaycan nə qədər güclü ölkədir, Azərbaycan nə qədər sürətlə inkişaf edir. Bakıya gələn bütün qonaqlar bunu görür və qeyd edirlər”.
İlham Əliyev bəyan edib ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir:
“Və mənim üçün ən gözəl şəhərdir. Çünki Bakıda həm tarix, həm mədəniyyət, həm müasirlik bir vəhdət təşkil edir. Son vaxtlar o qədər ictimai yerlər açılıb ki, indi bu ictimai yerlərdə istirahət edə biləcək insanların sayı bəlkə də milyonlarla ölçülür. Bakı bulvarının dünyada analoqu yoxdur”. (oxu.az)