RUSİYANIN BRÜSSEL GÖRÜŞÜNƏ DAŞIDIĞI “DƏHLİZ BADALAĞI” – Paşinyan “Laçın dəhlizi” məsələsində Moskvanın çizdiyi xətdən kənara çıxa bilmir…

16-12-2021, 00:01           
RUSİYANIN BRÜSSEL GÖRÜŞÜNƏ DAŞIDIĞI “DƏHLİZ BADALAĞI” –
Nəhayət, günlərdir müzakirə olunan Brüssel görüşü baş tutdu. Öncə ondan başlayaq ki, bu görüşün keçiriləcəyi haqda açıqlama verilən kimi Rusiya prezidenti Putin tələm-tələsik Soçi görüşünü elan etdi. O, bununla Avropa İttifaqını qabaqlamaq istədi və Qarabağ məsələsində təşəbbüsün öz əlində olduğunu, onu Aİ-nin ixtiyarına verməyəcəyini nümayiş etdirmiş oldu.

Prezident Putinin təşəbbüsü əlindən vermək istəməməsini Soçidə qəbul olunan sənəddə xüsusi yeniliyin olmaması, açıqlamada yer alan “kommunikasiya xətlərinin açılması və sərhədlərin müəyyənləşməsi ilə bağlı danışıqların sürətləndirməsi” konsepsiyasında hələ ki, ciddi irəliləyiş olmaması da göstərir.

Gələk Brüssel görüşünə. İlk öncə deyək ki, Brüssel görüşündə müsbət nüans kimi diqqəti bir məqam cəlb edir. Belə ki, keçmiş Dağlıq Qarabağ münaqişəsini Minsk qrupu çərçivəsinə qaytarmaq, bu formatı diriltmək cəhdləri müşahidə edilmədi.

Burada haşiyə çıxaraq bildirək ki, Azərbaycan prezidenti İlham Əliyev İspaniyanın "El Pais" qəzetinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin bitdiyini və Qarabağın statusu ilə bağlı müzakirələrə dönüşün olmadığını bəyan etdi. Prezident müsahibədə vurğuladı ki, Ermənistan hər hansı düşmənçilik hərəkətlərindən çəkinməli və sülh müqaviləsi üzərində işləməlidir.

“Azərbaycanın mövqeyi açıq və aydındır. Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibədə qalib gəldik, qalibik və bu reallığı nəzərə almaq lazımdır. Dağlıq Qarabağ münaqişəsi həll olunub, Qarabağın statusu və ya buna bənzər heç bir müzakirəyə qayıtmaq yoxdur”, - deyə Əliyev vurğuladı.

Beəliklə, Brüssel görüşündə münaqişəni “diriltmək” cəhdlərinin müşahidə edilməməsi, söhbətin birbaşa dəhlizlər və kommunikasiyaların açılmasına yönəlməsi müsbət haldır. Artıq Aİ də münaqişəni diriltməyin Avropaya fayda verməyəcəyini, divident qazandırmayacağını anlayır. Regional kommunikasiyaların açılmasından dividentlər qazanmağı, bölgədə nüfuz əldə etməyə, bu məsələdə Kremli qabaqlamağa, yaxud ən azı onunla "1:1" hesabına çatmağa çalışır.

Avropa İttifaqı Azərbaycan və Ermənistan liderlərini Şərq Tərəfdaşlıq Proqramı toplantısı çərçivəsində görüşdürməklə Moskvaya mesaj verdi ki, “biz də varıq”. Lakin bütün bunlara rəğmən, Azərbaycan üçün önəmli olan məsələlər, ümumiyyətlə post-müharibə dönəminin sülh, sakitlik və regional rifah dönəminə çevrilməsidir.

Brüsseldə rəsmi Bakının prioritet məsələyə çevirdiyi regional rifahın əsas halqası kimi Zəngəzur dəhlizi yenə gündəmdə oldu. Avropa İttifaqı Şurasının prezidenti, Şarl Mişel Ermənistan baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə baş tutan üçtərəfli görüşdə dəmir yolunun işinin bərpasına dair razılaşma təsdiqləndi. İlkin xəbərlərə görə, dəmir yolu beynəlxalq səviyyədə qəbul edilmiş sərhəd və gömrük qaydalarına uyğun olaraq, qarşılıqlılıq prinsipi əsasında, ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərəcək. Ermənistan dəmir yolu ilə İran İslam Respublikası və Rusiya Federasiyasına çıxış əldə edəcək.

Bu xəbərlərlə yanaşı, Ermənistan baş naziri Nikol Paşinyan Brüsseldən “Facebook” səhifəsində paylaşdığı açıqlamasında vəziyyəti, "Azərbaycan regional kommunikasiyaların açılması məsələsi ilə Ermənistanı çıxılmaz vəziyyətə salmağa çalışır. Azərbaycan prezidentinin Laçın dəhlizi ilə regional kommunikasiyaların açılması arasında paralellər aparmaq cəhdlərinin indiyədək aparılan müzakirələrlə, imzalanmış bəyanatlarla heç bir əlaqəsi yoxdur və Ermənistan üçün qəbuledilməzdir”, - deyə şərh edib. Prezident İlham Əliyevsə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşündən sonra keçirilən mətbuat konfransında Paşinyanın açıqlamasına, “Zəngəzur dəhlizi Laçın dəhlizi kimi eyni olmalıdır. Çünki üçtərəfli bəyanatda çox aydın şəkildə Azərbaycanın təhlükəsizliyi və maneəsiz çıxışı təmin etməsi vurğulanır. Təbii ki, Ermənistan da eyni şəraiti Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri arasında təmin etməlidir. Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır”, - deyə bildirib.

Qeyd edək ki, Paşinyanın, "Azərbaycan prezidentinin Laçın dəhlizi ilə regional kommunikasiyaların açılması arasında paralellər aparmaq cəhdlərinin indiyədək aparılan müzakirələrlə, imzalanmış bəyanatlarla heç bir əlaqəsi yoxdur və Ermənistan üçün qəbuledilməzdir", cümləsində bir məqam diqqəti cəlb edir. Ermənistanda uzun müddət Zəngəzurdan Naxçıavana acılacaq istiqamətin yol, yoxsa dəhliz statusunda olması haqda mübahisələr və müzakirələr getdi. İrəvan Zəngəzur dəhlizinin dəhliz yox, yol olduğuna israr etdi. Amma bu gün vəziyyətin heç də elə olmadığı aydın olur.

Paşinyanın son açıqlamasında toxunduğu digər məqam, "Laçın dəhlizi ilə regional kommunikasiyaların açılması arasında paralellər aparmaq" cümləsidir. Çünki, həqiqətən də “Laçın dəhlizi” deyilən məfhumun beynəlxalq və regional statusu yoxdur, o səbəbdən ki, Qarabağ və Laçın Azərbaycanın suveren ərazisi daxilində yerləşir. Laçın dəhlizi ilə Zəngəzur dəhlizi arasında paralel aparmaq məntiqsizdir. Bir ölkənin özünün iki ərazisi arasında dəhliz hansı əsasla baş tuta bilər?

"Laçın dəhlizi" 44 günlük müharibəni rus vertolyotunun hansısa şəkildə vurulması ilə özünə sərf edən şəraitdə tələm-tələsik bitirməyə çalışmağa və münaqişə tərəfləri olan ölkələr arasında arbitr rolunu əldən verməmək üçün əlindən gələni edən Moskvanın düzüb-qoşduğu terminoloji "qapını açıq saxlama" cəhdidir. Hərçənd, Paşinyan Laçın dəhlizi ilə "regional kommunikasiya" adlandırdığı Zəngəzur dəhlizini bir-birinə bənzətməməklə, hələ də Ermənistanın dirənişini ortaya qoyur, amma bu fikirdə həqiqət var. Zəngəzur dəhlizi regional kommunikasiya olmaqla yanaşı, Azərbaycanın əsas hissəsilə Naxçıvanı birləşdirəcək. Naxçıvan Azərbaycan ərazisidir. Laçın dəhlizi isə Ermənistanla digər ərazilərimizi - Xankəndi və ətrafını birləşdirir. Xankəndi və ətrafı Ermənistan ərazisi olmadığı üçün İrəvanın bu səhdləri mənasızdır. Və çox güman ki, bu, Rusiyanın “sülhməramlı” kontingentinin Azərbaycanda qalmasının əsaslandırması üçün uydurulmuş termindir. Amma "dəhliz" termini bir ölkənin içində iki ərazini birləşdirmir, üstəlik "dəhliz"in eksterritorial statusu var. Bu isə dəhlizin yerləşdiyi ərazinin həmin ölkəyə aid olmamasını əks etdirir. Rəsmi İrəvan bu səbəbdən Zəngəzur dəhlizində yox, Zəngəzur yolunda təkid edir.

Bəs, bizim hakimiyyət bunun fərqindədirmi? Əgər fərqindədirsə, iki yol arasında paralel aparmağın həqiqətən də yersiz olduğunu da bilməlidir. "Laçın dəhlizi" terminini neytrallaşdırmanın yolu “rus sülhməramlıları”nın azərbaycanlıların da Xankəndi və ətrafına köçürülməsinə şərait yaratmasıdır, necə ki, İrəvandan daşıyıb-gətirdikləri ermənilər üçün bunu cani-dildən edirlər.

Bizim tərəfin "Laçın dəhlizi" məsələsinin üstündən nisbətən sakit keçməsinin səbəbi kimi bir variant da bu ola bilər ki, Azərbaycan Zəngəzur dəhlizi statusu ilə ermənilərin bu ərazidə seyrəkləşməsinə, qarşıda bu əraziyə azərbaycanlıların qayıdışını gündəmə gətirə bilər. Amma kommunikasiyalar açıldıqdan, regional rifah şəraiti formalaşdıqdan sonra ermənilərin burada seyrəkləşməsi çətin ki, baş tutsun. Əvəzində isə Xankəndi və ətrafı Rusiyanın da bölgədə "alovlandırcı qüvvə və artbitr" kimi qalmaq səyləri üzündən erməni nöqtəsinə çevrilə bilər. Odur ki, Moskva və İrəvanı neytrallaşdırmağın addımlarından biri kimi Ermənistan Qərbi Zəngəzurda bizə maneəsiz keçid yaratmayacaqsa, biz də Laçında ermənilərin maneəsiz keçidinin qarşısını almalıyıq və sərhədi mütləq şəkildə nəzarətə götürməliyik.

Zəngəzur dəhlizi ləngidilir. Kreml İrəvanla nə qədər çəkişsə də onunla bu nöqtədə bənzər mövqedən çıxış edərək, “Ermənistanın Qərbi Zəngəzurdan keçəcək nəqliyyat vasitələrinə nəzarət etmək hüququ var” prinsipinə sadiqliyini göstərir. Bizə isə sadəcə, kommunikasiya xəttindən istifadə hüququ vermək istəyirlər. Bizsə Zəngəzur məsələsini iqtisadi müstəvidən siyasi müstəviyə keçirib, realizasiyasını başlatmalıyıq.

Aİ Şurasının prezidenti Şarl Mişel bildirib ki, Brüssel Ermənistan və Azərbaycana texniki yardım göstərməklə sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərində kömək edəcək, sərhədlərin demarkasiyası-delimitasiyasına dəstək üçün ekspertlər təqdim edəcək. Burada isə Kreml yenə sovet dönəminin xəritələri ilə dövrəyə girəcək. Ermənistan da sərhədlərin sovet xəritələri ilə dəqiqləşdirilməsi nöqtəsində məsələni uzatmağa çalışacaq. Amma "dirijorluq çubuğu" Kremlin əlində olacaq. Əsas məsələ Kremlin yenidən dövrəyə girməsinin slüh müqaviləsinin imzalanmasına və sovet xəritələri əsasında sərhədlərin dəqiqləşməsində iki tərəfə nə vəd etməsidir.

Şarl Mişelin üçtərəfli görüşün yekun bəyanatında, “Hər iki liderə Avropa İttifaqının hərtərəfli sülh sazişi ilə dəstəklənən regionda davamlı sülhün təmin edilməsi məqsədilə münaqişənin aradan qaldırılmasında, əməkdaşlıq və etimad mühitinin yaradılmasında Ermənistan və Azərbaycanla yaxından işləmək öhdəliyinə sadiq olduğuna əmin edib”, kimi fikirlər yer alır və əsas fikir isə “Azərbaycanla Ermənistanın qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıdığını ehtiva edən sülh sazişinə ehtiyac var” cümləsidir. Aİ kağız üzərində də olsa, Rusiyadan fərqli olaraq xoş niyyət nümayiş etdirir və ən azından Rusiyadan fərlqi olaraq münaqişənin davam etməsindən yox, regional rifahın bərqərar olmasından yana olduğunu ritorik də olsa göstərir.

Ülviyyə ŞÜKÜROVA












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.