NATO-nun Cənubi Qafqaz siyasətinin yeni mahiyyəti Azərbaycana münasibətdə...

16-12-2021, 09:07           
NATO-nun Cənubi Qafqaz siyasətinin yeni mahiyyəti Azərbaycana münasibətdə...
Politoloq Sülhəddin Əkbər NATO rəhbəri ilə görüşü şərh etdi; “Çalışacaqlar ki, Azərbaycanla münasibətləri daha da dərinləşsin”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə NATO-nun Baş katibi Yens Stoltenberqin Brüsseldə Alyansın mənzil-qərargahında görüşü olub, sonra birgə mətbuat konfransı keçiriblər. Prezident İlham Əliyev NATO qərargahında olduqca isti qarşılanıb. Qəbul yüksək səviyyədə keçib. Tərəflər mətbuat konfransında önəmli bilgilər, mesajlar veriblər.

İlham Əliyevin Qarabağ mövzusunda olduqca mükəmməl və milli maraqlarımızı qoruyan çıxışı olub. Baş katib Stoltenberq isə Azərbaycanın Əfqanıstanda NATO-ya verdiyi dəstəyi xatırladıb və bunu yüksək qiymətləndirdiklərini bildirib. Sonra baş katib deyib: “Cənubi Qafqazda təhlükəsizlik və sabitlik bizim hamımız üçün vacibdir. Bütün insanların sülh şəraitində gələcəyini təmin etmək üçün biz hər ikisi NATO-nun dəyərli tərəfdaşı olan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyirik”.

Prezident İlham Əliyev isə Zəngəzur dəhlizinin adını çəkmədən onun barəsində maraqlı açıqlama ilə çıxış edib. Sitat: “Hazırkı mərhələdə Ermənistan ərazisindən keçməklə Azərbaycanın digər ərazilərindən Naxçıvan Muxtar Respublikasına dəmir yolu xəttinin, eləcə də avtomagistralın tikintisi barədə razılığa gəlmişik... Lakin avtomobil yolunun marşrutu hələlik müəyyənləşdirilməyib. Bu, gələcək müzakirə mövzusudur. Biz bunu mütləq bu axşam (14 dekabr axşamı-red.) Şarl Mişellə üçtərəfli görüşdə müzakirə edəcəyik”.

Azərbaycan Prezidenti İlham Əliyev bu mövzuya NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşdən sonra keçirilən mətbuat konfransında bu şəkildə münasibət bildirib: “Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır”.

Azərbaycan Prezidentinin bu açıq və qəti mövqeyi məhz NATO-da nümayiş etdirməsi çox ciddi hadisə kimi şərh edilir. Ekspertlər hesab edir ki, artıq əmin olmaq olar ki, Ermənistan Qərbi Zəngəzurda bizə maneəsiz keçid yaratmayacaqsa, biz də Laçında ermənilərin maneəsiz keçidinin qarşısını alacağıq, sərhədi mütləq şəkildə nəzarətə götürəcəyik. Zəngəzur dəhlizində yoxlama bizə əsas verir ki, eyni yoxlamanı bizə də Ermənistanla sərhədin Laçın hissəsində həyata keçirək. Brüssel görüşlərinin nəticələrini ümumiləşdirsək, Azərbaycanın mövqeyi verilən bəyanatda öz əksini tapıb. Prosesdə iştirak edən Rusiya ilə Aİ-nin yanaşmasında ciddi fərq yoxdur. Hər iki tərəfin tutduğu mövqe Azərbaycanın postmüharibə dövründə irəli sürdüyü tələblərlə eynilik təşkil edir. Sərhədlərin və ərazi bütövlüyünün tanınması, kommunikasiyaların açılması, Zəngəzur dəhlizi layihəsinin gerçəkləşməsi, üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşması Azərbaycanın mövqeyidir və bu mövqe beynəlxalq dəstək qazanmaqdadır. Artıq bu mövqe NATO-dan dəstək qazanmış sayıla bilər.

Günün önəmli hadisələrindən biri də Azərbaycan Prezidenti İlham Əliyevin NATO sammitində iştirak və çıxış etməsi olub. Burada da Azərbaycan Prezidenti son dərəcə yüksək səviyyədə qarşılanıb.

DİA.AZ xəbər verir ki, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycan NATO ilə fərdi tərəfdaşlıq proqramı çərçivəsində effektli əməkdaşlıq edir. Xüsusən də Əfqanıstan məsələsi ilə bağlı əməkdaşlıq yüksək qiymətləndirilir. NATO baş katibi ilə son görüşdə bu, xüsusi vurğulandı: “Mən burada diqqəti bir neçə məsələyə cəlb eləmək istəyirəm. Birincisi, Azərbaycan ilk dəfə postsovet məkanında olan bir münaqişəni-Rusiyanın xarici siyasət alətlərindən biri olan münaqişəni əsasən həll elədi. Özü də məhz öz gücü hesabına. Bu, deyilməsə də dünyada yüksək qiymətləndirilir. NATO-nun Azərbaycana isti yanaşmasının bir səbəbi Azərbaycanın Rusiyanın süni şəkildə yaratdığı və iki ölkəyə təsir vasitəsi olaraq istifadə etdiyi, həm regiondaxili inteqrasiyaya imkan vermədiyi, həm regionun avroatlantik məkana inteqrasiyasına mane olan bir münaqişəni əsasən öz hesabına həll eləməsidir. Bu, yüksək qiymətləndirilir və bundan sonra da yüksək qiymətləndiriləcək. İkincisi, bununla bağlı olaraq artıq Avropa Birliyi də, NATO da region ölkələri ilə əvvəlkindən daha rahat işləyəcəklər. Bu, həm enerji təhlükəsizliyi sahəsinə aiddir, həm kommunikasiyaların, yolların açılması ilə bağlıdır. Yəni artıq Avropa Birliyinin, NATO-nun regional proqramlarının inkişafı üçün bu mühit əlverişli şərait yaradır. Bunu da yaradan ilk növbədə Azərbaycandır.

Üçüncüsü, Azərbaycan qalib güclü tərəfdir və yeni döyüş doktrinası ortaya qoyub, praktikada sınaqdan çıxıb. Bu da NATO tərəfindən maraqla izlənilir və öyrənilir. Başqa bir səbəb Azərbaycanın bu müharibədə köhnə sovet texnikasını və strateji hərbi düşüncəsini sıradan çıxarmasıdır. Burada daha başqa səbəblər də var. Onlardan biri Azərbaycanın türk modelli, yəni dolayısı ilə NATO modelli ordu quruculuğuna praktiki keçməsidir. Bu səbəblərin hamısı təbii ki, Azərbaycana diqqəti artırır və ona olan xoş münasibətin təməlində yatan səbəblərdir. Azərbaycan eyni zamanda digər postsovet ölkələri üçün nümunə göstərib. Yəni Rusiyanın destruktiv siyasətinə qarşı konstruktiv siyasət ortaya qoymaqla. Başqa səbəblər də var, lakin mən əsas səbəblər olaraq bunları göstərmək istərdim.

İndi NATO çalışacaq ki, Azərbaycanla münasibətləri daha da dərinləşdirsin. Bu, Azərbaycana da lazımdır. Xatırlayırsınızsa, mənim postmüharibə dövründə təkliflərimdən biri də bundan ibarət idi ki, Azərbaycan NATO ilə genişləndirilmiş və dərinləşdirilmiş tərəfdaşlığa keçməlidir. Hansı ki, Yens Stoltenberq də mətbuat konfransında vurğuladı".

S.Əkbər NATO baş katibi ilə görüşdə və görüşdən sonra keçirilən mətbuat konfransında “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin işlədilməməsinə diqqət etməyin vacibliyinə toxundu: “Həm bu məqam, həm Azərbaycan dövlət başçısı İlham Əliyevin NATO Şurasının sammitinə dəvət olunması, çıxış üçün ona fürsət yaradılması da müsbət addımdır. Bu, həm də Azərbaycan tərəfini NATO ilə münasibətləri genişləndirməyə, dərinləşdirməyə həvəsləndirmə kimi də qəbul oluna bilər. NATO bir daha Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığına dəstəyini ifadə etməklə onu bildirir ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini NATO müsbət qiymətləndirir və bundan sonra da NATO Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması prosesini də, münasibətlərin normallaşmasını da dəstəkləyəcək. Düşünmürəm ki, NATO Dağlıq Qarabağın statusu məsələsini qoysun”.

AzDP sədri həmçinin dedi ki, NATO-da Azərbaycanla müqayisədə Ermənistana isti münasibət müşahidə olunmadı. Bunun da bir sıra səbəbləri var: “Səbəblərdən biri odur ki, Azərbaycan NATO üzvü olan Türkiyənin strateji müttəfiqidir. Ermənistan isə NATO-ya qarşı duran Rusiyanın strateji, hərbi müttəfiqidir. İkincisi, Azərbaycan qalib, Ermənistan uduzan tərəfdir. Üçüncüsü, Azərbaycan haqlı, Ermənistan haqsız tərəfdir. Ona görə də NATO baş katibinin mövqeyini, münasibətini mən obyektiv qiymətləndirirəm”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.