Anklavlardan keçən dəhlizlər- Ermənistanın örtbasdır etdiyi məsələ gündəmə gətirilməlidir

16-12-2021, 12:33           
Anklavlardan keçən dəhlizlər- Ermənistanın örtbasdır etdiyi məsələ gündəmə gətirilməlidir
Soçi görüşündən sonra Brüsseldə bəyan edilənlərin nələrdən ibarət olacağı bəlli idi. Hətta dəmir yolları ilə bağlı əldə olunan razılaşmalar Soçidən də öncə məlum idi. Bu baxımdan, istər Soçidə, istərsə də Brüsseldə olsun, tərəflər arasında müsbət istiqamətdə verilən açıqlamalar əslində keçirilən görüşlərə sayğı, Aİ və Rusiya tərəfinin fəaliyyətlərinə kölgə salmamaq məqsədi kimi başa düşülməlidir. Hər bir halda güc mərkəzlərindən narazı davranışlar və ya tərəflərdən birinin qeyri-adekvat münasibətinin nəticəsinin nə ilə başa çatacağını hər iki tərəf yaxşı anlayır. Həmçinin sülhə təşviq, nizamlanma prosesinə töhfə verən tərəf qismində çıxışlar tərəflərin diplomatik jesti və gedişləri olaraq dəyərləndirilməlidir.
Yəni, faktlar nadir hallarda öz-özü haqqında danışır; ən azı xarici siyasətdə onların mahiyyəti və təhlili kontekstdən və kəsb etdiyi əhəmiyyətdən asılıdır. Problemləri və onların həllini dərk etmək məsələsi çətin ola bilər, lakin onları sadəcə nəzərdən keçirmək də kifayət edər.
Beləliklə, əslində hər iki görüş çərçivəsində konkret məsələlər həll edilməmiş olaraq qaldı və deyərdim ki, daha da dərinləşdi. Görüş ərəfəsində Putin və Makron arasında baş tutan telefon danışığı da narahatlığın hansı səviyyədə olduğunu nümayiş etdirirdi. Bu gün siyasi müharibə hərbi əməliyyatlardan öncəkindən daha böyük miqyasa malikdir və coğrafiyası genişlənib.
Ermənistanın dəhlizlə bağlı mövqeyində kəskin ritorika dəyişməsə, xüsusilə Azərbaycanın sülhpərvər yanaşması fayda verməsə, bunun siyasətə təsiri radikal ola bilər. Siyasətdə çətin seçim - gündəlik bayağılıqdır. Ermənistanın kontekstdən kənar bu həllərə baş vurması, yeni münaqişə formalaşdıra, baxış sahəmizi "daralda" bilər. Bu baxımdan dəhlizin vəd etdiyi iqtisadi faydalara diqqət yetirməmək, onun hansı mənanı kəsb etdiyini, qlobal yükünü anlamamaq ağlasığmaz nəticələrə gətirib çıxara bilər. Naxçıvanın 30 ilə yaxın blokada şəraitində saxlanılması, kommunikasiyada məhrum edilməsindən sonra məğlub Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən özündə radikallıq təqdim edən qeyri-konstruktiv münasibətin sərgiləməsi nəticəsində Azərbaycan "daxili axtarış"a baş vura bilər.
Belə ki, Ermənistan hakimiyyəti anklavlar mövzusunu gündəmdən çıxarmağa çalışır, bunun ətrafında baş verən müzakirələri demarkasiya və delimitasiya məsələləri ətrafında müzakirə etməyə, habelə qapamağa çalışır. Tərəflərə yaxşı aydındır ki, delimitasiya prosesi çox vaxt aparan bir prosesdir və Ermənistanın məsələyə bu istiqamətdən baxması özündə xüsusi və bir o qədər də sadə məqsəd daşıyır: mövcud vəziyyətdə vaxt qazanmaq. Bu isə rəsmi İrəvan üçün ən önəmli məsələdir. Çünki Naxçıvan istiqamətində olan Kərki kəndi Ermənistan-İran magistral yolu, Qazax istiqamətində yerləşən kəndlər isə Ermənistan-Gürcüstan magistral yolunun üzərində yerləşir. Rəsmi İrəvan Naxçıvana aparan yolun dəhliz statusunda olmadığını bildirərkən, suveren ərazilərdən danışarkən həmin kəndlərin müharibə zamanı işğal edildiyini, Azərbaycana məxsus olduğunu yaxşı bilir. Üstəlik həmin kəndlərdən keçən magistral yolların dəhliz funksiyası daşımasını da yaxşı anlayır və hazırda Gorus-Qafan yolunda əldə edilən təcrübədən nəticə çıxararaq həmin yollara alternativ yollar inşa edilməsi üçün layihələr hazırlayır. Əldə olunan razılaşmalara əsasən Ermənistan dəmir yolları vasitəsilə Azərbaycandan Rusiya və İrana çıxış əldə edəcək və hazırda Azərbaycanın esklavlarından istifadə etməklə Gürcüstan və İrana aparan magistral yoldan yararlanır. Azərbaycan Zəngəzur dəhlizini ətrafında aparılan gərgin danışıqlarda mütləq "diqqətdənkənar" qalmış bu məsələyə diqqət etməli, anklavların qaytarılması üçün ciddi addımlar atmalıdır. Ermənistanın bu istiqamətdə dalana dirənərək iki ölkə ilə quru əlaqəsinin kəsilməsi yuxarıda sözügedən "daxili axtarış"ın bir güllə atılmadan belə nəticə verməsinə, Naxçıvan istiqamətində dəhlizlə bağlı ciddi güzəştlərin əldə olunmasına səbəb ola bilər. Ermənistan üçün ərazilərini bir-birinə bağlayan Gorus-Qafan yolunun yaratdığı nəticəyə dözmək çətin olsa da, mümkündür. Lakin dövlətlərarası magistral yolların itirilməsi rəsmi İrəvanın tamamilə çökməsinə səbəb ola bilər. Həmçinin bu proses suveren ərazilərimizdə yerləşən Laçın dəhlizində qarşılıqlı deyil, birmənalı olaraq müstəqil addımlar atmağımıza səbəb ola bilər.
Bu baxımdan, rəqibin kartlarını tükəndirmə taktikasını seçməklə, danışıqların sürətini artırmaq yox, forsajlamaq lazımdır. Sual meydana çıxır: əgər Ermənistan vaxt qazanaraq münaqişəni uzadıb növbəti müharibə üçün hazırlaşarsa (bizim etdiyimiz kimi), onda nə baş verəcək? Təbii ki, Azərbaycan bunu yaxşı anlayır və hazırda tərəflərin mövcud vəziyyətinə və baş verənlərə baxdıqda, bunun nə ilə nəticələnəcəyi barədə özünüz mühakimə yürüdə bilərsiniz. Lakin sağlam düşüncəli adam yaxşı anlayır ki, vaxtımız elə də çox deyil. Məsələni sərt qoymalıyıq ki, onu birdəfəlik həll edək. Əgər tərəfimizdən qeyd olunmuş məsələlər bütün gücü ilə formullaşdırılsa, o zaman növbəti situasiyalar qan-qadasız şəkildə uzunmüddətli nizamlanmanın əldə olunmasına gətirib çıxara bilər.
"Strategy Vision" Araşdırma Mərkəzi
Şahin Qocayev












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.