Azərbaycanda pambığın məhsuldarlığı aşağı düşdü, nazirlik Türkiyəyə heyət göndərdi NAZİLLİ PAMBIQ İNSTİTUTU BU İŞƏ KÖMƏK EDƏCƏK...

21-01-2022, 12:32           
Azərbaycanda pambığın məhsuldarlığı aşağı düşdü, nazirlik Türkiyəyə heyət göndərdi
Azərbaycanda pambıqçılığın inkişafı və məhsuldarlığın artırılması məqsədilə Türkiyə ilə birgə layihə həyata keçiriləcək. Layihənin bu ilin fevralından həyata keçirilməsi planlaşdırılır.

virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu günlərdə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının, o cümlədən fermerlərin qatıldığı nümayəndə heyəti Türkiyənin Aydın bölgəsində yerləşən Nazilli Pambıq Araşdırma İnstitutunda olub. İnstitutun direktoru Mustafa Koray Şimşek bildirib ki, əslində, 10 ildən artıqdır Azərbaycan tərəfi ilə pambıqçılıq sahəsində əməkdaşlıq edirlər. Lakin indiyədək əməkdaşlıq layihə çərçivəsində olmamışdı.

“Səfərin əsas məqsədi işlərin layihə çərçivəsində davam etdirilməsi, problemlərin müzakirəsi və layihə çərçivəsində problemlərin həlli yolunu tapmaqdır. Nümayəndələr Azərbaycanda pambıq istehsalına rəhbərlik edən insanlardılar. Orada pambıq əkini ilə bağlı müəyyən problemləri var”,-institutut direktoru deyib. Şimşek əlavə edib ki, layihənin ilkin variantı hazırdır. Əsas məsələ pambıqçılığın seleksiyası və genetikası, biotexnologiyası, lif və toxumun keyfiyyəti, pambıq becərilməsinin aqrotexnikası, toxumçuluq sisteminin yaradılması ilə bağlı olacaq. Türkiyə tərəfi layihənin infrastrukturunu hazırlayır və bu günlərdə Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimova təqdim olunacaq. Bundan sonra güman ki, fevraldan layihəyə start veriləcək.

Şimşek onu da bildirib ki, İlkin mərhələdə Azərbaycanda pambığının məhsuldarlığı artırılacaq, məhsuldarlıqla yanaşı digər amillər də artırılacaq: “Azərbaycanda pambığın məhsuldarlığının artmasının Türkiyəyə təsiri olacaq. Qardaş dövlətdə istehsal olunan pambığın hamısını Türkiyədəki tekstil şirkətləri alır. Azərbaycan türk tekstilçilərinin istədiyi səviyyədə, keyfiyyətdə pambıq ixrac edə biləcək”.

Türkiyənin tekstil sənayesi inkişaf edib, ölkənin pambığa olan ehtiyacı həm də idxal hesabına ödənilir. Türkiyə hər il xaricdən 2 milyard dollardan çox pambıq idxal edir. Baxmayaraq ki, Türkiyədə pambıq istehsalı var, istehsal tekstil sənayesinin təlabatını ödəməyə yetmir.

virtualaz.org xatırladır ki, ötən mövsümdə Azərbaycanda 100 min hektara yaxın sahədə pambıq əkilib. Amma pambıqçılıq üçün uyğun olmayan dəyişkən hava şəraiti, xüsusilə quraqlıq, o cümlədən suvarma problemi səbəbindən bəzi bölgələrdə məhsuldarlıq aşağı düşüb, istehsalla bağlı gözləntilər özünü doğrultmayıb. Bir yandan da pambığa çəkilən xərclər artıb. Fermerlər bildiriblər ki, üstəlik, ölkəyə xaricdən gətirilən pestisidlərin ziyanvericilərə qarşı təsirinin zəif olması da məhsuldarlığa mənfi təsir göstərib. Nəticədə bəzi bölgələrdə kəndli fermerlər pambıqdan gəlir əldə edə bilməyiblər.
Pambıqçılıq Azərbaycanda qeyri-neft iqtisadiyyatının inkişafının əsas istiqamətlərindən biri kimi müəyyən edilib və son illər dövlət bu sahəyə ciddi diqqət yetirməyə başlayıb. Pambıqçılığın inkişafı eyni zamanda bölgələrdə əhalinin məşğulluq səviyyəsinin artırılması üçün də mühüm əhəmiyyət kəsb etməkdədir. Bu sahə ilə məşğul olan fermerlərə dəstək məqsədilə ötən il pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2021-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 650 manatdan 700 manata, 2-ci növün qiyməti 630 manatdan 680 manata, 3-cü növün qiyməti 590 manatdan 640 manata, 4-cü növün qiyməti 550 manatdan 600 manata qaldırılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.