Azərbaycanda devalvasiya gözləntisi: manatın bu günü və sabahı - NƏ ETMƏLİ?

21-01-2022, 18:09           
Azərbaycanda devalvasiya gözləntisi: manatın bu günü və sabahı -
Son günlər bankların ABŞ dollarının alış qiymətlərini qaldırması, dünya birjalarında neftin bahalaşması fonunda yenidən devalvasiyanın olacağına dair müzakirələr artıb. Sosial şəbəkələrdə bunun yaxın dövrlərdə baş verəcəyi, hökumətin bununla bağlı hazırlıqlara başladığı da söylənilənlər arasındadır.

Teref.az xəbər verir ki, bank və maliyyə eksperti, hüquqşünas Əkrəm Həsənov AYNA-ya deyib ki, hazırkı şəraitdə hökumətin devalvasiyaya gedəcəyi inandırıcı deyil: “Əsas iddialar onunla bağlıdır ki, neftin qiymətinin qalxması fonunda ABŞ dollarının da qiyməti artacaq. Lakin nəzərə almaq lazımdır ki, neftin qiyməti 2015-ci ildən qalxıb. Digər iqtisadi göstəricilər də bu riksin yüksək olmadığını deməyə əsas yaradır. Eyni zamanda son dövrlər bütün sahələrdə qiymət artımları baş verir və belə bir vəziyyətdə hökumətin bununla bağlı qərar verməsi gözlənilmir. Təəssüf ki, banklar cəmiyyətdə panika yaradır və cəmiyyətdə yenidən devalvasiyanın olacağına dair gözləntiləri artırır”.

Həmsöhbətimizin sözlərinə görə, bankların dolların alış qiymətlərini artırması əhalidən aldıqları dolların onların tələbatını ödəməməsi ilə bağlıdır: “Diqqət yetirsək, görərik ki, dolların satış qiymətləri artmayıb. Təəssüf ki, banklar dollar toplamağa çalışır və bunun kökündə iddia edildiyi kimi, heç də devalvasiya riski dayanmır. Sadəcə bəziləri “qara bazar” yaratmağa və əhalinin əlində olan dollarları əldə etməyə çalışırlar. Görünür, onlar Mərkəzi Bankdan dollar ala bilmirlər və bu səbəbdən əsas xarici valyutanı əhalidən toplamağa çalışırlar”.

“Azərbaycanda bu cür qərarlar inzibati yolla qəbul edilir. Digər sahələrdə olduğu kimi, bu sahədə də özünütənzimləmə mexanizmləri mövcud deyil və bu cür addımlar hökumətin qərarı ilə tənzimlənir. Bu səbəbdən məsələyə təkcə iqtisadi baxımdan deyil, həm də hökumətin atacağı addımlar kontekstindən yanaşmaq daha doğru olardı. Unutmaq lazım deyil ki, son dövrlər ölkədə strateji məhsulların, kommunal xidmətlərin, o cümlədən ərzaq, qeyri-ərzaq məhsullarının qiyməti artıb. Belə bir şəraitdə hökumətin devalvasiya qərarı verəcəyi, buna gedəcəyi inandırıcı deyil. İnzibati yollarla da olsa, hökumət indiki şəraitdə devalvasiya riskinin qarşısını almağa çalışacaq”.

İqtisadçı ekspert Natiq Cəfərli də AYNA-ya şərhində deyib ki, gələcəkdə belə bir riskin mövcudluğu inkar edilməsə belə, hazırda devalvasiya gözlənilmir: “Təxminən beş il öncə hökumət manatın məzənnəsini saxlamaq üçün 10 milyard manatdan artıq vəsait xərclədi. Lakin buna baxmayaraq, manatın məzənnəsini sabit saxlaya bilmədi. Bu gün neftin qiyməti bahadır və hökumət daxil olan valyutanın hesabına devalvasiya riskindən yayınmağa çalışır. Lakin bu, o demək deyil ki, inzibati üsullarla uzun müddət bunun qarşısını almaq mümkün olacaq. Hesab edirəm ki, bu il devalvasiya olmayacaq. Qarşıdakı illərdə isə bunun baş verəcəyi qaçılmazdır”.

Ekspertin bildirdiyinə görə, devalvasiya olmasa da, bu gün ölkədə devalvasiya qədər təhlükəli proseslər baş verir: “Son dövrlər Azərbaycanda bütün sahələrdə kütləvi bahalaşmalar baş verməkdədir. Demək olar, elə bir sahə yoxdur ki, bu bahalaşmadan kənarda qalsın. Qida, qeyri-qida, kommunal, bütün sahələr üzrə qiymətlər artıb. Bu isə öz növbəsində manatın dəyərini aşağı salıb. Mütləq deyil ki, hökmən devalvasiya olsun və manat dəyərini itirsin. Bu gün baş verənlər onsuz da manatın dəyərini itirib. Bu baxımdan devalvasiya olmayacaq deyə sevinməyə, bunu bayram etməyə dəyməz”.

“Hökumət bunun qarşısını almaq üçün ciddi tədbirlər görməlidir. Manatın qiymətdən düşməsi insanların rifah halına mənfi təsir göstərmişdi. Amma o addımı biz mütləq atmalı idik. Çünki əgər biz o addımı atmasaydıq, bütün valyuta ehtiyatlarımızı xərcləyə bilərdik. Onsuz da bu addımın gecikməsi ona gətirib çıxardı ki, Mərkəzi Bankın valyuta ehtiyatları böyük dərəcədə tükənmişdi. Təqribən 10 milyard dollar vəsait manatın sabit saxlanmasına istifadə edilmişdi. Nəticə etibarilə Mərkəzi Bank manatı sabit saxlaya bilmədi və biz 10 milyard dollar valyutanı itirdik”, - deyə Cəfərli vurğulayıb.шаблоны для dle 11.2


Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.