“Qazaxıstan ssenarisi”nin qalibləri

22-01-2022, 11:54           
“Qazaxıstan ssenarisi”nin qalibləri
Mərkəzi Asiyanı adətən Pekinlə Moskva arasında rəqabət regionu hesab edirlər. Amma onların Qazaxıstan hadisələrinə reaksiyası birgə işləməyi öyrəndiklərini göstərir. Qərb mediası da buna əmindir. Qazaxıstanda yaşananlar həm respublikanın gələcəyi, həm də onun regiondakı rolu ilə bağlı bir sıra mühüm suallar doğurub. Üstəlik, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) əməliyyatı başa çatdıqdan sonra Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətinin hərəkətləri də suallar doğurmaqdadır. Bütövlükdə etiraz aksiyaları tək respublikanın daxili mətbəxi üçün vacib olan məsələləri gündəmə gətirmədi, həm də çoxlarını Mərkəzi Asiyanın beynəlxalq təhlükəsizlik sistemində rolu haqqında düşünməyə məcbur etdi. Qazaxıstanın əhəmiyyəti
Qazaxıstan qonşuları, xüsusilə onunla ortaq gömrük və iqtisadi məkana malik olan Rusiya ilə sıx münasibətə malikdir. İki ölkə arasında sərhəd açıq və praktiki olaraq nəzarətsizdir. Bundan əlavə, Trans-Sibir dəmiryolu xəttinin Cənubi Ural keçidinin bir hissəsi Qazaxıstanın şimalından keçir. Qazaxıstan zəngin mineral ehtiyatlara malikdir (dünya uran ehtiyatlarının təxminən 14%-i orada yerləşir) və dünyanın urana olan tələbatının təxminən 42%-ni istehsal edir. Mərkəzi Asiyanın iqtisadi cəhətdən ən uğurlu ölkəsi olmaqla, region ölkələrindən kütləvi miqrasiyaya qarşı təbii sipər, həmçinin "Taliban” kimi silahlı radikal təşkilatlara qarşı sədd rolunu oynayır. Bir sözlə, Qazaxıstanın əhəmiyyətini qiymətləndirmək vacibdir.
Beynəlxalq reaksiya
Qazaxıstanda etirazların başlamasına beynəlxalq ictimaiyyətin reaksiyasını qısaca xarakterizə etsək, bu, bir kəlmədən - "şokdayam” sözündən ibarət olacaq. Faktdan sonra ortaya çıxan sui-qəsd nəzəriyyələrinin əksinə olaraq, qeyd etmək lazımdır ki, etirazlar Vaşinqtonun, Kremlin, Brüsselin və ya Pekinin işi deyildi. Tərəflərin son dərəcə ehtiyatlı reaksiyasını dəyərləndirməklə bu qənaətə gəlmək olar. Məsələn, ABŞ son ana qədər susdu. Yalnız yanvarın 5-də Ağ Ev etirazlarla heç bir əlaqəsi olmadığını açıqladı, həmçinin münaqişənin sülh yolu ilə həllinə çağırdığını bəyan etdi. Daha sonra ABŞ-ın dövlət katibi Entoni Blinken yaranmış vəziyyətlə bağlı çıxış edərək, Qazaxıstan hakimiyyətinin etirazın öhdəsindən gələ biləcəyini deyib və Rusiya qoşunlarının respublikada olmasından narahatlığını bildirib. Avropa İttifaqına gəlincə, gərginliyin azaldılması çağırışları və dünya diplomatiyası üçün ənənəvi olan narahatlıq ifadələri ilə məhdudlaşdı. Öz növbəsində, Rusiya da hər hansı şərhdən çəkindi və prezidentin mətbuat katibi Dmitri Peskovun dili ilə respublikada baş verən hadisələrin Qazaxıstanın daxili işi olduğunu və ən əsası, heç kimin kənardan müdaxilə etməməli olduğunu söyləyib. Başqa bir güc mərkəzi – Pekin də susdu, ancaq vaxtaşırı Mərkəzi Asiya dövlətində hadisələrin sülh yolu ilə həllinə çağırışlar səsləndirdi. Pekinin belə yanaşması təəccüblü deyil. Çünki Çin hər hansı ölkədə böhran zamanı yalnız öz iqtisadi maraqlarını düşünür, ondan sonra qalibləri dəstəklədiyini bəyan edir. Gələcəkdə reaksiyanın köklü şəkildə dəyişməsi mümkün deyil.
Qazaxıstan böhranı Çinlə Rusiyanı yaxınlaşdırır? Mərkəzi Asiyanı adətən Pekinlə Moskva arasında rəqabət regionu hesab edirlər. Amma onların Qazaxıstan hadisələrinə reaksiyası birgə işləməyi öyrəndiklərini göstərir. Qərb mediası da buna əmindir. Son illər Moskva regionun əsas hərbi təminatçısı kimi çıxış edib, Pekin isə Mərkəzi Asiyada təhlükəsizlik məsələlərinə tədricən girişib, qeyri-rəsmi forpostlar yaradıb, təlimi gücləndirib. Eyni zamanda, çoxmilyardlıq Kəmər və Yol Təşəbbüsü (KYT) infrastruktur layihəsi ilə nüfuzunu artırıb. Amma təhlilçilərin fikrincə, Çinlə Rusiyanın Qazaxıstandakı etirazlara münasibəti iki ölkəni bir-birinə daha da yaxınlaşdırıb. "Qazaxıstandakı böhran Çin və Rusiyanın Mərkəzi Asiyadakı münasibətlərinin sabit olduğunu göstərdi. Onların idarə ediləsi xeyli çətin məsələləri və potensial problemləri var. Bu böhranın öhdəsindən gəlmələri isə Pekinlə Moskvanın əlaqələrinin necə davamlı olduğunu göstərir”, - deyə Varşavada yerləşən Şərq Araşdırmaları Mərkəzinin aparıcı əməkdaşı Yakub Yakobovski deyib. Kremlin mesajı
Kreml Tokayevə dəstək verməklə regionda hələ də əsas təhlükəsizlik qarantı olduğu və buraya strateji sahəsi kimi baxdığı mesajını verdi. Eyni zamanda, böyük siyasi nüfuzunu daha da gücləndirdi. Digər tərəfdən, Qazaxıstanda kadr yerdəyişmələri Çinin mövqeyinə müəyyən təsir göstərə bilər. Çünki Nazarbayev və Milli Təhlükəsizlik Komitəsinin həbs olunmuş sabiq sədri Kərim Məsimovun Pekinlə münasibətləri yaxşı idi. Məsimov Çinin Qazaxıstan elitası içində "sağ əli” idi. Amma bu dəyişikliyə və potensial gərginlik nöqtələrinə baxmayaraq, Pekinlə Moskva böhrandan bir-birlərinə dəstəyi artırmaq üçün yararlanıblar. "Hər ikisi Mərkəzi Asiyada sabitlikdə maraqlıdır. Çin Rusiyanı regiondan sıxışdırmağa çalışmır. Pekin düşünür ki, regionda eksklüziv oyunçu olmaqdansa, qlobal səhnədə daha vacib məsələlər var və Moskvanın ambisiyalarına hörmət göstərir”, – Yakobovski deyib. Çin Qazaxıstana on milyardlarla dollar yatırmasına baxmayaraq, son etirazları sükutla qarşılayıb. Ölkəyə KTMT qüvvələrinin yerləşdiriləcəyi elan olunandan sonra Pekin Tokayevə tam dəstəyini bildirdi. Hətta Çin lideri Qazaxıstanda "rəngli inqilab”ı yatırmaq üçün köməyini də təklif etdi.
Qazax dərsləri
Beləliklə, böhranın başlanmasının səbəbləri nə qədər qeyri-müəyyən olsa da, onun nəticələri daha konkret fikirlər söyləməyə imkan verir. Bunlardan başlıcası odur ki, Rusiya Mərkəzi Asiya üçün sabitləşdirici amil kimi çıxış etməkdə davam edir. İkincisi, vəziyyət göstərdi ki, nə Qərb, nə Türkiyə, nə də Çin Moskvaya alternativ ola bilməz. Üçüncüsü, etirazlar göstərdi ki, regionda radikalizmin yayılması riski qalmaqdadır. Dördüncüsü, Qazaxıstanın və regionun digər respublikalarının sabitliyi, ilk növbədə, hakimiyyətin xalqın sosial ədalət tələbini həyata keçirə bilib-bilməyəcəyindən asılı olacaq. Azər NURİYEV
kaspi.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.