Rusiya Azərbaycan mediasından NİYƏ NARAZILIQ EDİR? - Bəlkə Kremli VƏSF ETMƏLİYİK?

1-04-2022, 10:42           
Rusiya Azərbaycan mediasından NİYƏ NARAZILIQ EDİR? - Bəlkə Kremli VƏSF ETMƏLİYİK?
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovun Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinin (Roskomnadzor) ölkəmizin bır sıra KİV-lərini bloklaması ilə əlaqədar açıqlaması diqqət çəkib. Mətbuata verdiyi brifinqdə səfir deyib: “Azərbaycan mediasında Rusiyanın mövqeyini və rəhbərliyini qərəzli tənqid edən materialların çoxluğu bizi təəccübləndirir. Dəfələrlə Azərbaycan hakimiyyətinin diqqətini yerli mediada tüğyan edən anti-Rusiya isterikasına cəlb etməli olduq. Ümid edirik ki, bu proses dayandırılacaq”, - deyə səfir bildirib.

Beləliklə, Rusiyanın Azərbaycandan narazılığının səbəbi üzə çıxıb. Səfir etiraf edib ki, “dəfələrlə Azərbaycan hakimiyyətinin diqqətini yerli mediada tüğyan edən anti-Rusiya isteriyasına cəlb etməli olublar”. Bəs bu narazılıq haqlıdırmı?

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirdi ki, Rusiya səfirinin açıqlamasında “Azərbaycan KİV-i Rusiyaya qarşı isterika ilə doludur” deməsi, eyni zamanda Azərbaycan hökumətindən bu isterikanın qarşısını almaq haqqında təmənnada bulunması anlaşılmazdır: “Azərbaycan demokratik hüquqi dövlətdir və KİV-in fəaliyyəti azaddır. Yəni hakimiyyətin KİV qurumlarına ”filan məsələni yaz, filan məsələni yazma" deməsi praktikası yoxdur. KİV-də hansı mövzulara həssas yanaşılmalıdır, yaxud da hansı mövzularda yayınmaq olmaz kimi məsələlər qanunla müəyyənləşir. Azərbaycan müvafiq dövlət strukturları da yalnız qanuna müvafiq olan mövzular sahəsində KİV-ə tövsiyələr verə bilirlər, çağırışlar edirlər. Amma qanunla qadağan olunmayan məsələlərdə KİV sərbəstdir, azaddır.

Azərbaycan dövləti KİV-lərin qanunla qadağan edilməyən mövzular seçiminə heç bir qadağa qoymur, heç bir məhdudiyyət yaratmır. Bunu Rusiya səfirinin də nəzərə alması lazımdır. Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti yalnız dövlətin rəsmi təsisçisi olduğu media orqanlarında məsələlərə yön verə bilər. Diqqət etdikdə görəcəyik ki, rəsmi KİV-də Rusiyaya qarşı heç bir isterika yoxdur, əksinə, kifayət qədər loyal münasibət göstərilir. Cənab səfirin buna da diqqət etməsi işin xeyrinə olardı. Müstəqil və müxalif mövqeli medianın yazdıqları rəsmi Bakının, Azərbaycan dövlətinin rəsmi mövqeyini ifadə etmir. Yazılar həmin KİV-lərin öz seçimidir və dövlət buna qarışmır. Dövlətin buna qarışmasını qadağan edir".

M.Ələsgərlinin sözlərinə görə, məsələnin üçüncü tərəfi ondan ibarətdir ki, Azərbaycan dövlətinin və hakimiyyətinin Rusiyaya münasibəti bəllidir: “Bu, dövlətlərarası müqavilələrdə, ən son olaraq fevral ayında imzalanmış müttəfiqlik bəyannaməsində öz əksini tapıb. Azərbaycan bir qonşu dövlət olaraq Rusiyaya xoş münasibət göstərib və göstərir. Amma biz Rusiya tərəfindən eyni münasibəti görürükmü? Təbii ki, yox. Odur ki, cənab səfir yəqin ki, öz ölkəsinə bu məsələlərlə bağlı vəziyyəti çatdırmalıdır.

Məsələnin dördüncü tərəfi odur ki, əvvəla, Azərbaycan mediasında Rusiyaya qarşı xüsusi bir isterika və nifrət çıxışları yoxdur. Azərbaycan mediası, sadəcə olaraq, Rusiyanın KİV-ində və Xarici işlər Nazirliyinin, Müdafiə Nazirliyinin açıqlamalarında Azərbaycana qarşı olan anormal fikirlərə reaksiya verir. 44 günlük müharibə dövründə Rusiyanın bütün telekanallarında, bütün KİV-ində Azərbaycana qarşı kəskin hücumlar, kampaniya aparıldı. Çox təəssüf ki, həmin dövrdə nə Rusiyanın Azərbaycandakı səfiri, nə də digər qurumları həmin kampaniyanın durdurulmasına cəhd etmədilər. Bu baxımdan Azərbaycan KİV-ləri, sadəcə olaraq, Rusiya KİV-də ortalığa çıxan anti-Azərbaycan kampaniyalarının dayandırılması üçün çağırışlar etdilər və cavablar verdilər. Əgər cavab verməyi cənab səfir isterika adlandırırsa, bu, adekvat təsbit deyil. Münasibətlərin bu gün də gərginləşməsinə təşəbbüs göstərən, qonşuluq münasibətlərinə uyğun olmayan təbliğata Azərbaycan KİV-ləri deyil, Rusiya KİV-ləri yol verir. Azərbaycan KİV-ləri, sadəcə, onların yazdıqlarına reaksiya verirlər, aydınlıq gətirməyə çalışırlar. Ona görə də ilk növbədə Rusiya KİV-də və Rusiya XİN-in siyasətində Azərbaycana qarşı normal yanaşmanı təmin etməlidirlər".

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev isə bildirdi ki, burada bir həssas məqam var ki, mütləq nəzərə almaq lazımdır: “Təəssüf ki, Rusiya siyasiləri bu incəliyin mahiyyətinə varmadan Azərbaycanın yerli mediası haqqında natamam fikirlər yürüdür və nəticədə düzgün olmayan qərarlar qəbul edilir. Hər bir kəs bilməlidir ki, daxili auditoriya qarşısında təkcə iqtidar, onun təmsilçiləri, siyasilər yox, həm də yerli KİV-lər, informasiya resursları hesabatlıdırlar. KİV-lər reallığa uyğun olaraq daxili auditoriyanın ictimai-siyasi emosiyalarını təmin etməyə, ümumi ictimai fikri ifadə etməyə çalışır. Əslində elə belə də olmalıdır. Əks təqdirdə, yerli KİV-lər ictimai simalarını itirə, ictimai qınağa məruz qala bilər. İctimai gözləntiləri nəzərə almayan KİV kimə lazımdır?! Bu günlər bir sınaq mərhələsidir. Və yerli KİV-lər çox düzgün olaraq ictimai etimad mövzusunda həssas davranırlar. Rusiya siyasiləri Azərbaycan KİV-lərində, özlərinin dediyi kimi, ”tüğyan edən anti-Rusiya isteriyası"nı görmək istəmirlərsə, ciddi düşünməlidirlər".

Baş redaktor qeyd etdi ki, Rusiya bizim qonşumuzdur. Azərbaycan həmişə bir dövlət olaraq şimal qonşumuzla münasibətlərin yüksək səviyyədə olmasına çalışıb, hazırda da bu istiqamətdə gərəkən addımlar atır. Amma təəssüf ki, Azərbaycan xalqının etnoyaddaşında, tarixi hafizəsində Rusiya ilə bağlı bir sıra neqativlər mövcuddur: “Müttəfiqlik prinsipləri tələb edir ki, Rusiya rəhbərliyi, siyasətçiləri bu neqativləri zərərsizləşdirmək yönündə səmimi və ardıcıl fəaliyyət göstərsinlər. Azərbaycanın yerli KİV-lərini ittiham etmək yox, onlarla işləmək üçün pozitiv materiallar verməlidirlər. Biz isə Delyaginin simasında bunun əksini görürük. Digər tərəfdən, Azərbaycan ictimaiyyətində, ictimai fikrində sülhməramlılarla, onların fəaliyyəti ilə bağlı suallar var. Təəssüf ki, bu suallar hələ də cavabsız qalır.

Bu problemlər həllini tapmalıdır. Yerli medianı ram etmək istəyən hər kəs yerli şərait və Azərbaycan cəmiyyətinin ovqatı ilə hesablaşmalıdır. Delyaginləri qabağa vermək, ikibaşlı üzrxahlıq etmək, saytları bloklamaq çıxış yolu deyil". //musavat.com//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.