RUSLAR DAHA 30 YAŞAYIŞ MƏNTƏQƏSİNDƏN ÇIXARILDI - Rusiyanın "Mi-28" helikopterini vuruldu + VİDEOLAR (Yenilənib)

1-04-2022, 22:56           
RUSLAR DAHA 30 YAŞAYIŞ MƏNTƏQƏSİNDƏN ÇIXARILDI -
Ukrayna Silahlı Qüvvələri ölkənin şərqində Rusiyaya məxsus “Mi-28” helikopterini vurublar. Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, Ukraynanın şərqində hava məkanında Rusiya Silahlı Qüvvələrinə məxsus “Mi-28” və “Ka-52” helikopterinin uçuşu zamanı zenit raket qurğusu onlardan birini vurub.

Vurğulanıb ki, indiydək Ukrayna hərbçiləri iki “Ka-52” vurub, “Mi-28"i isə ilk dəfədir məhv edilər.

***

Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı bildirir ki, ötən sutka ətrafında 30-a yaxın yaşayış məntəqəsi işğalçılardan azad edilib. Eyni zamanda Baş qərargah Rusiya qoşunlarının Kiyev ətrafından geri çəkilərək Şərqdə, Donbass istiqamətində hücum əməliyyatlarına başlamaq üçün yenidən qruplaşdırdığını bildirir.

Məlumatda deyilir ki, Ukrayna ordusu Kiyev ətrafındakı Demidov, Dımer, Litvinovka, Qavrilovka, Jivotneve də daxil olmaqla 16 yaşayış məntəqəsini azad edib. Şimal istiqamətində isə düşmən Çerniqov şəhərini blokadada saxlamaqda davam edir. Eyni zamanda Rusiya qoşunlarının Kiyev ətrafından qismən çəkilməsi nəticəsində 15-ə yaxın yaşayış məntəqəsi Ukrayna ordusunun nəzarətinə keçib.

“İşğalçı qoşunların Polesye və Şimal istiqamətlərindən qismən geri çəkilməsi müşahidə olunur. Eyni zamanda düşmən Ukrayna ərazisində hərbi əməliyyatlara cəlb etmək üçün Şərq hərbi dairəsinin ehtiyat bölmələrini gətirməyə hazırlaşır. Düşmən yenidən qruplaşır və çox güman ki, əsas səylərini Şərq əməliyyat zonasında hücumlara cəlb edəcək”, - məlumatda deyilir.

Baş qərargah onu da bildirir ki, Slobajansk istiqamətindən düşmən Xarkovu blokadada saxlamaqda və atəşə tutmaqda davam edir. Ələ keçirdiyi mövqelərdə möhkəmlənməyə və hücum əməliyyatlarını bərpa etməyə çalışır.

“İzyum istiqamətində isə Rusiya işğalçıları İzyum şəhərinin özünə və Şimali Don çayı üzərindəki körpüyə nəzarət etməkdə, hücum əməliyyatlarının davam etdirilməsini təmin etmək üçün hazırlıqlar görməkdədir”, - məlumatda deyilir.

Rusiya qoşunları Çerniqovu blokadaya almağa davam edir, lakin eyni zamanda Ukraynanın dövlət sərhədinə yaxın ərazilərə tərəf hərəkət edirlər. Bu barədə də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook-da məlumat yayıb.

“Severski istiqamətində düşmən Çerniqovun blokadaya almağa davam edir. Eyni zamanda, Mərkəzi Hərbi Dairədən qoşunların Ukraynanın dövlət sərhədinin yaxınlığında yerləşən ərazilərə tərəf hərəkəti müşahidə olunur”, - məlumatda bildirilir.

Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq bildirib ki, Ukrayna qüvvələri Çerniqov vilayətinin cənubundakı Sloboda və Lukaşivka kəndlərini geri alıb və şəhərlə Kiyev arasında əsas təchizat yollarından biri boyu mövqe tutub.

“Ukrayna qoşunları həmçinin Kiyevin şərqinə və şimal-şərqinə uğurlu, lakin məhdud əks-hücumları davam etdirir. Rusiya həm Çerniqov, həm də Kiyev ətrafında fəaliyyətini azaltdığını iddia etməsinə baxmayaraq, davamlı hava və raket zərbələrinə məruz qalıb”, - nazirlikdən bildirilib.



Çerniqov vilayətinin Novaya Basan kəndinin bir aydan artıqdır rus işğalı altında yaşamağa məcbur olan sakinləri evlərindən küçəyə çıxaraq Ukrayna ordusunun kəndə daxil olan hərbçilərini sevinclə qarşılayıblar. Bu barədə kadrlar sosial şəbəkələrdə yayılıb. Kənd sakinlərindən biri əllərində alma küçəyə qaçır, sevincdən ağlayır və əsgərlərə alma verməyə çalışır.

“Sizi necə də gözləyirdik”,-qadın göz yaşları içində deyir. Kadrlara əsasən kənddə yaşlılardan ibarət olmaqla azsaylı sakin qalıb.


***

"Ukraynada son sutkada 28 yaşayış məntəqəsi işğaldan azad edilib". Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.

Bildirilib ki, Ukrayna Ordusu Demidiv, Dımer, Litvınovka, Qavrilovka, Kozarovıçi, Jovtneve, Qlıbovka, Yasnoqorodka, Talakun, Sukoluççya, Lipivka, Qavronşina, Makovışe, Nikolayevka, Xmilna, Rudnya, Şevçenko, Bobrik, Starıy Basan, Nova Basan, Makiyevka, Poqrebi, Bajanovka, Volodimirovka, Şnyakovka, Salne, Sofiyevka, Qavrilovka yaşayış məntəqələrini işğaldan azad edib.

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı ilə bağlı da məlumat verilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb.

Bildirilib ki, indiyədək 17 700 hərbçi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 612 ədəd tankı, 1 751 ədəd zirehli döyüş maşını, 316 ədəd artilleriya sistemi, 96 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 54 hava hücumundan müdafiə sistemi, 143 ədəd hərbi təyyarəsi, 131 ədəd helikopteri, 1220 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 86 ədəd dronu, 24 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib.

Ukrayna ordusu Rusiyanın bu ölkə ərazisində neft bazalarına ardıcıl olaraq raket zərbələri endirməsinin qisasını almaq üçün uğurlu əməliyyat keçirib. Ukrayna Hərbi Hava Qüvvələrinin iki vertolyotu aşağı hündürlükdə uçaraq Rusiyanın sərhədə yaxın Belqorod şəhərindəki iri neft bazasına raket zərbələri endirib. Zərbələr nəticəsində bazada güclü yanğın başlayıb və hələ də davam edir.

Ukrayna vertolyotlarının neft bazasına necə zərbə endirdiyi videomüşahidə kameraları tərəfindən qeydə alınıb. Belqorod qubernatoru Vyaçeslav Qladkov bu gün səhər jurnalistlərə bildirib ki, neft bazasının partladılması nəticəsində vilayətdə yanacaq qıtlığı gözlənilmir. Hakimiyyət yanacaqdoldurma məntəqələri üçün logistika zəncirini dəyişir.

Qladkov bazada yanğının “aşağı hündürlükdən uçan iki Ukrayna vertolyotunun Rusiyanın hava məkanına daxil olması və zərbə endirməsi nəticəsində baş verdiyini” bildirib


Qeyd edək ki, bu gün Mariupol şəhərindən dinc sakinlərin təxliyəsi davam edib. Avtobus və avtomobillərdən ibarət evakuasiya kalonu Berdyanskdan Zaporojyeyə yola düşüb. Bu barədə Mariupol Şəhər Şurası məlumat yayıb.

Zaporojyeyə 42 avtobus göndərilir. Bu avtobuslara isə çoxlu sayda şəxsi nəqliyyat da qoşulub. Bu kalonu Qırmızı Xaç Komitəsinin və Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin maşınları müşayiət edir.

Qeyd olunur ki, Mariupoldan 2 minə yaxın insan təxliyə edilib.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri Mariupoldan Zaporojye vilayətinə mülki əhalinin və xarici vətəndaşların təxliyəsi üçün əlavə humanitar dəhliz açıb. Bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının komanda məntəqəsinin rəisi Mixail Mizintsev bildirib.

Mizintsevin sözlərinə görə, Ukrayna bu gün üçün Zaporojye istiqamətində daha dörd dəhliz elan edib.

"Hər gün səhər saat 10-dan etibarən Kiyev, Çerniqov, Sumı, Xarkov və Mariupol istiqamətlərində humanitar dəhlizlərin açılması davam edir: biri Rusiyaya, biri isə Kiyev hakimiyyətinin nəzarətində olan ərazilərdən keçərək Ukraynanın qərb sərhədlərinə doğru yol alır", - Mizintsev deyib.

O əlavə edib ki, artıq Mariupoldan 115 minə yaxın insan xilas edilib

Bu arada Rusiyanın Ukrayna ərazisində başladığı hərbi əməliyyatlar nəticəsində 153 uşaq öldüyü, 245-dən çox uşaqğın yaralandığı məlum olub.. Məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Bildirilib ki, Kiyev, Donetsk, Xarkov, Çerniqov, Nikolayev, Luqansk, Zaporojye, Sumı, Jitomir uşaqların daha çox xəsarət aldığı vilayətlərdir.


Pentaqonun yüksək rütbəli rəsmisi isə bildirib ki, Rusiya qüvvələrinin əsas hissəsinin Donbasda cəmləşməsi və burada güclü Ukrayna ordusu ilə üzləşməsi münaqişənin uzanacağı barədə düşünməyə əsas verir.

Mənbə Rusiya qüvvələrinin Çernobıldan və Qostomel aeroportundan çəkildiyini təsdiqləsə də, bunu yalnız mövqe dəyişməsi olduğunu bildirib.

“Bizim əlimizdə bu əsgərlərin evlərinə qayıtması və ya döyüşdən kənarlaşdırılmasına dair heç bir məlumat yoxdur. Belə hesab edirik ki, bu qüvvələr yenidən komplektləşdirilərək döyüşü davam etdirmək üçün Ukraynaya göndəriləcək. Xüsusən də Donetsk və Luqansk regionlarına” – deyə mənbə qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.