Rusiyanın “bildirçinli deputat”ının Azərbaycan haqqında “quşlamasının” səbəbi - Şerinə bomba effektli cavab

2-04-2022, 09:31           
 Rusiyanın “bildirçinli deputat”ının Azərbaycan haqqında “quşlamasının” səbəbi - Şerinə bomba effektli cavab
Rusiya Dövlət Dumasının sabiq deputatı, Müdafiə Komitəsi sədrinin keçmiş müavini Aleksandr Şerin Azərbaycanı və Yaponiyanı hədələyib. Gununsesi.info-nun xəbərinə görə, “Realist” informasiya agentliyinə müsahibəsində Şerin hər iki ölkə haqqında təhdid xarakterli fikirlər səsləndirib.

“Kimsə Rusiyanın güclü və zəif tərəflərini hiss etməyə çalışırsa, o zaman yaxşı işləyən “Kalibre” və “İskəndər”lər hiss edəcəklər. Hazırkı prosesdə fürsətdən istifadə edən bəzi dövlətlər hiyləgərcəsinə Rusiya ilə münasibətləri gərginləşdirməyə çalışır, bəzi həll olunmamış ərazi məsələləri ilə bizi şantaj edirlər. Bununla bağlı həm Yaponiyadan, həm də Azərbaycanın nazirlik və idarələrindən müvafiq bəyanatlar verilir. Mən Tokio və Bakıya xəbərdarlıq edirəm. Rusiyanın müxtəlif istiqamətlərdə və dövlətinin sərhədlərində öz ölkəsinin tam təhlükəsizliyini təmin etmək üçün bütün qüvvə və vasitələri var. Əgər kimsə bizim döyüş effektivliyimiz və dövlətimizin Ukrayna istiqamətində qüdrəti barədə nəticə çıxarmağa çalışırsa, demək istəyirəm ki, ehtiyatlar hətta cəlb olunmayıb, ən güclü silah növləri isə hələ istifadə olunmayıb”.

Qeyd edək ki, Aleksandr Şerin zaman-zaman Azərbaycan və Türkiyə əleyhinə bəyanatları ilə gündəmə gələn siyasətçi kimi yadda qalıb.

Elə ötən il o Dövlət Dumasının deputatı olarkən “artıq Azərbaycan NATO üzvü hesab edilə bilər”, deyə, təxribatçı açıqlama ilə çıxış etmişdi. Azərbaycan və Türkiyə arasında müttəfiqlik haqda bəyannamənin imzalanmasına münasibət bildirən Rusiya Dövlət Duması Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksandr Şerin bunun ardınca Türkiyənin Azərbaycanda hərbi baza açıla biləcəyini də istisna etməmişdi. Şerin iddia etmişdi ki, Azərbaycan Türkiyə vasitəsilə NATO ilə yaxınlaşmağı hədəfləyir. Qızışdırıcı mövqedən çıxış edən Şerin 6-7-ci çağırış Dumada olduğu zaman anti-Azərbaycan mövqeyini davam etdirməklə nəyəsə nail olmayıb. Ancaq görünür indi o, mandatsız qaldığı dönəmdə yenə də xam xəyallara düşüb və Rusiyaya ərazi iddiası irəli sürən Yaponiya ilə Rusiya ilə müttəfiqlik münasibətlərində olan Azərbaycanı tərəzinin eyni gözünə qoymağa çalışıb.

Bundan əvvəl Rusiya Dövlət Dumasının deputatı Mixail Delyagin də Azərbaycanı təhdid etmişdi və Bakıya nüvə zərbəsi endirmək təşəbbüsünü dilə gətirmişdi. Amma az sonra Azərbaycanın sərt təpkiləri qarşısında üzr istədi, ancaq barəsində cinayət işi açıldı və İnterpol axtarışına verildi. Növbəti dəfə Şerin özünü “şir qiyafəsində” görməyə başlayıb.

Yeri gəlmişkən, bundan öncə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Azərbaycan mediasında Rusiyaya yönəlik tənqidi materiallardan təəccübləndiyini ifadə etmişdi. Təsəvvür edin, ölkəsinin tanınmış şəxsləri Azərbaycana zərbələr endirməyə çağırış edir, amma o, Azərbaycan mediasının tənqidindən inciyir.

Siyasi şərhçi Elçin Mirzəbəyli Musavat.com-a açıqlamasında Rusiyanın Bakıdakı diplomatının son açıqlamalarına münasibətini bölüşüb: “Əvvəla, Rusiyanın Azərbaycandakı səfiri hörmətli Mixail Boçarnikovun Azərbaycan mediasından giley-güzar etməsinə münasibət bildirməliyəm. Doğrusu, belə bir giley-güzar, narazılıq üçün əsas olduğunu düşünmürəm. Əgər hörmətli səfir Rusiya mediasının uzun illərdir ki, Azərbaycana qarşı nə Rusiya-Azərbaycan münasibətlərinin mahiyyətinə, nə jurnalistlərin beynəlxalq peşə etikasına, nə də insanlığa sığmayan, misli görünməmiş bir həyasızlıq, şərəfsizcəsinə təbliğat apardığını nəzərə alsaydı, Rusiya telekanallarının efirindən medianın üzqarası olan satqın, mənəviyyatsız, simasız aparıcı-təbliğatçıların, “anal və oralitiklər”in 30 ilə yaxın bir zaman kəsiyində Azərbaycan xalqına, dövlətçiliyinə münasibətdə həyata keçirdikləri informasiya terrorunu “təbii hal” kimi qəbul etməsəydi, o zaman Azərbaycan mediasının bütün bunların qarşılığında olduqca səbirli, təmkinli və peşəkarlıqla davrandığı qənaətinə gələ bilərdi”.

E.Mirzəbəyli maraqlı bir tarixçədən də bəhs etdi: “1995-2000-ci illərdə Rusiyanın Azərbaycanda səfiri olan Aleksandr Bloxindən müsahibə götürmüşdüm. Həmin dövrdə “Sara” telekanalında çalışırdım və yanılmıramsa, “Xəbər” departamentinin direktor müavini idim. Suallarımın kifayət qədər açıq və ütüsüz olduğunu görən Aleksandr Bloxin müsahibənin sonunda kameranı söndürməyimi istədi. Lakin operator işarəmi başa düşdü və kameranın işlədiyini göstərən işığın üzərini qapadı.

Səfir isə Azərbaycana qarşı həm Rusiya mediasının, həm də siyasətçilərin sərgilədikləri aqressiv, aşağılayıcı davranışları belə əsaslandırdı: “Başa düşürsünüz, siz kiçik xalqsınız...” Müsahibə efirə getdi və yanılmıramsa bu, Aleksandr Bloxinin sonuncu müsahibəsi oldu... O zamandan xeyli vaxt keçib, Rusiyanın siyasi rəhbərliyi dəyişib, dövlətlərimiz arasında kifayət qədər yaxşı münasibətlər var və bu münasibətlər hər iki ölkənin dövlət başçılarının səyləri nəticəsində müttəfiqlik səviyyəsinə qaldırılıb. Amma təəssüf ki, Rusiya mediasının və bu ölkənin bəzi simasız, satqın, ədalət hissini itirmiş siyasətçilərinin Azərbaycana qarşı davranışlarında hər hansı bir dəyişiklik baş verməyib. Bu baxımdan, hesab edirəm ki, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına töhfə verməyə çalışan Mixail Boçarnikovun Azərbaycan mediasından yox, Rusiyanın kütləvi informasiya vasitələrindən gileylənməsi daha doğru olardı”.

Rusiya Dövlət Dumasının sabiq deputatı, Jirinovskinin partiyasının ali şurasının üzvü Aleksandr Şerinin şər-böhtan və təhdid dolu açıqlamasına gəldikdə, siyasi şərhçi qeyd etdi ki, Rusiya teleməkanında əksəriyyəti ermənilərdən ibarət olan “ekspert xoru”nun fəal üzvlərindən olan bu şəxsin sərsəmləmələrinə ciddi yanaşılmasının tərəfdarı deyil.

E.Mirzəbəyli ardınca Azərbaycanı “İskəndər”lə hədələyən rusiyalı deputatın yaxın keçmişi ilə bağlı bomba effekti verən şok faktları açıqladı: “Ordudan vaxtından əvvəl tərxis olunub siyasətə qaçan Şerinin boşboğazlıqlarının əsasında biznesində yaranmış problemlər dayanır. Şerinin kreditorlara yüzmilyonlarla ölçülən borcu var və artıq bir neçə ildir ki, məhkəmə çəkişmələrinin iştirakçısıdır. Aleksandr Şerin deputat seçilən kimi onun ailəsi bir neçə böyük bankdan “Ağ daşlar” (“Belıye kamni”) MMC adlı quşçuluq fermasının inkişafı üçün kifayət qədər böyük məbləğlərdə kreditlər götürüblər. Amma sonradan, bəlli olmayan səbəblərdən quşçuluq fermasının binası 40 min bildirçinlə birlikdə “yanıb külə dönüb”. Və davamında Şerin öz deputat səlahiyyətlərindən istifadə edərək, ailəsinə məxsus “Ağ daşlar” MMC-ni müflis elan etdirməyə və aldığı kreditləri geri qaytarmamağa çalışıb. Amma alınmayıb. Araşdırmalar nəticəsində bəlli olub ki, deputatın qanuni həyat yoldaşının Noviki kəndində böyük quşçuluq ferması var və “Ağ daşlar” fermasında “yanan” bildirçinlər “qanadlanıb” Novikiyə uçublar. Bununla yanaşı, kreditorların araşdırmaları nəticəsində Şerinin deputat seçilərkən bəyan etmədiyi çoxsaylı daşınmaz əmlakının olduğu da üzə çıxıb. Bundan sonra isə Aleksandr Şerin ailənin varidatını hansısa yollarla üç qızının adına keçirməyə və borclarını ödəməkdən yayınmağa çalışıb. Bu iddialar da məhkəmələr tərəfindən qəbul edilmədiyi üçün Şerin borclarını ödəmək məcburiyyətindədir”.

Bəs, “bildirçinli deputat”ın “quşlamasının səbəbi nədir?

E.Mirzəbəyli: “Sabiq deputatın Azərbaycana qarşı hay-küyünün əsasında da, qənaətimə görə Şerinin borclarını başqalarının hesabına ödəmək niyyəti dayanır. Bu adam da Delyagin kimi siyasi dələduzdur. İndi onlara efirdən hürdüklərinə görə kimsə yal vermir. Çünki Rusiya mediasında aparılan təbliğatın heç kimə heç bir faydası yoxdur. Bu baxımdan, belələrinə önəm verməməyin vacib olduğunu düşünürəm”.
Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.