Rusiyaya qarşı sanksiyalar Azərbaycanda bu sahəni də VURDU - NƏ ETMƏLİ?

2-04-2022, 09:33           
Rusiyaya qarşı sanksiyalar Azərbaycanda bu sahəni də VURDU - NƏ ETMƏLİ?
Rusiya və Ukrayna arasında müharibə səbəbindən bir çox məhsulların, o cümlədən kağız və tikinti materiallarının qiymətində bahalaşma qaçılmazdır. Məlumdur ki, taxta məmulatlarının böyük hissəsi Azərbaycana Rusiyadan gətirilir. Müharibə isə daşınmada çətinliklər yaradır. Tikinti bazarındakı satıcılar mart ayına nisbətən aprel ayında qiymətlərdə artım olacağını, növbəti aylarda isə qiymətlərin daha da artacağını bildirir. Mövcud müharibə şəraiti Azərbaycanın mebel sənayesi üçün xammal tədarükündə bir sıra çətinliklər yaradıb. Bu barədə “Report”a açıqlamasında Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının rəhbəri Məşhur Məmmədov deyib. M.Məmmədov bildirib ki, əsas problemlərdən biri logistika zəncirinin pozulmasıdır:

“Pandemiya başlayandan bütün dünyada, o cümlədən Rusiya, Ukrayna və Türkiyədə xammal materialı bahalaşıb. Müharibənin isə mebel sənayesi üçün ən böyük təsiri nəqliyyat-daşımaçılıq sahəsində olub. İndi Ukraynada yükləmələr demək olar ki, yoxdur. Çünki Ukrayna ərazisindən mal tədarük edən nəqliyyat vasitələri Rusiyadan keçirdi. Həmin yol artıq bağlıdır. Digər tərəfdən, Ukraynada xammal satışı ilə məşğul olan şirkətlərin bir çoxu fəaliyyətini dayandırıb. Rusiyanın özündə də əksər xammal materiallarının hissələri və mebel xammalı üçün lazım olan kimyəvi maddələr əsasən Avropa ölkələrindən alınırdı. Rusiya-Avropa əlaqələrinin korlanması həmin hissə və kimyəvi maddələrin alınmasında problem yaradıb. Digər tərəfdən Rusiyaya bank
köçürmələrində də problemlər var”. M.Məmmədov qeyd edib ki, sadalanan problemlər xammal materialının daha da bahalaşmasına səbəb olub: “Artıq xammal materialının çatışmazlığı da özünü göstərməyə başlayıb. Bunların fonunda Azərbaycanın mebel istehsalçıları xammal əldə etmək üçün yeni bazarlar axtarır. Bu, Avropa ölkələri, Çin və Türkiyə bazarı ola bilər. Bu günə qədər mebel üçün xammal materialının 70 faizə qədəri Ukrayna və Rusiyadan gətirilirdi. Yeni bazarların tapılması bir qədər vaxt aparacaq. Düşünürəm ki, müəyyən vaxtdan sonra bu sahədə stabilləşmə olacaq”.

Mebel ixracına gəlincə, assosiasiya sədri müharibənin bu sahəyə təsir etmədiyini bildirib: “Azərbaycandan mebel ixracında problem yoxdur. İxrac hər il olduğu kimi bu il də artım tempi ilə davam edir. Bu ilin birinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 6 faizə qədər artım olub. Bu da Azərbaycan mebel sənayesinin inkişafından xəbər verir. Bu artım getdikcə davam edəcək. Azərbaycan mebelinin əsas ixrac bazarı Rusiya deyil, Gürcüstan, ABŞ, Orta Asiya, Şərqi Afrika və Avropa ölkələridir. Rusiyaya edilən ixracın həcmi çox aşağıdır”. M.Məmmədov əlavə edib ki, bu il Azərbaycandan təqribən 25 milyon ABŞ dollarına yaxın məbləğdə mebel ixracı gözlənilir. Dia.az-ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli “Şərq”ə açıqlamasında qeyd etdi ki, müharibə istər ərzaq sahəsində, istərsə də tikinti, mebel sənayesi üçün hər nə qədər problemlər yaratsa da, vəziyyətdən çıxış yolu hər zaman mövcuddur:

- Daxili bazarda qiymətləri tənzimləməyin ən asan və optimal yolu gömrük rüsumları və vergi dərəcələrini azaltmaqdır. Hazırda ölkəyə idxal olunan mal və məhsullara 15 faiz gömrük rüsumu, 18 faiz də əlavə dəyər vergisi tətbiq edilir. Daxili bazarda qiymət artımının getdikcə yüksəlməsinin qarşısını almaq məqsədilə heç olmasa müəyyən müddətə gömrük rüsumlarını və vergiləri azaltmaq, ya da strateji məhsullarda ümumiyyətlə müvəqqəti ləğv etmək mümkündür. Ərzaq məhsulları, tikinti materialları, taxtanı gömrük rüsumundan, vergidən azad etmək olar.

Zatən Azərbaycan idxaldan asılı ölkədir. Ən böyük asılılığımız da Rusiyadandır. Amma bizə ən yaxın ölkə də Rusiyadır. Yəni iqtisadiyyatda müxtəlif yollar, üsullar var ki, onlardan istifadə etməklə çətin dövrü yüngül atlatmaq mümkündür. Məsələn, niyə bizim idxalçılar taxta materiallarını Qazaxıstan üzərindən daşımır? Qazaxıstan üzərindən bunu etmək daha asandır və ucuz da başa gələr.

Qazaxıstanla bu sahədə əlverişli logistika qurmaq mümkündür. Bir yol bağlıdırsa və ya çətin keçiləndirsə, alternativ yollara baş vurulmalıdır. Digər tərəfdən niyə biz taxtanı hazır emal edilmiş məhsul mkimi alırıq?

Onu xammal formasında ala bilərik, emal edilməsi üçünsə Azərbaycanın kifayət qədər imkanları var. Emal edilmiş məhsul, xammaldan daha bahadır. Məsələn, Çin Rusiyadan taxtanı xammal kimi alır. Çin hətta taxta qabığından da istifadə edir. Bunu biz də edə bilərik. Belə olarsa, ixrac imkanlarımız daha da artar. İxrac hesabına da idxalın zərərlərini qarşılaya bilərlər. Nəticədə daxili bazarda “baş döndürən” qiymət artımı yaşanmaz.

N.Cəfərli Rusiyanın taxtanı xammal kimi satmaq istəməyəcəyinə münasibət bildirdi:

- Əlbəttə, Rusiya taxtanı emal edilmiş məhsul olaraq satmaq istəyir, çünki belədə daha çox gəlir əldə edir. Amma hazırda Rusiyanın özü də iqtisadi sanksiyalar səbəbindən çətin vəziyyətdədir və inanmıram ki, bu məsələdə mübahisə ona sərf etsin. Rusiya məcbur qalıb taxtanı xammal kimi satacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.