Bütün məkrli planların arxasında Kreml dayanır - HƏQİQƏTƏN DƏ...

2-04-2022, 09:51           
Bütün məkrli planların arxasında Kreml dayanır - HƏQİQƏTƏN DƏ...
İşğalçılıq siyasətinə görə Qərbin ciddi təzyiq və sanksiyalarına məruz qalan Rusiya bir sıra bölgələrdə separatçılığı dirçəltməyə çalışır. Ötən gün Gürcüstanda separatçı “Cənubi Osetiya respublikası”nın qondarma “prezidenti” Anatoli Bibilov Rusiyaya birləşmək üçün yaxın vaxtlarda “hüquqi prosesə” başlayacaqlarını elan edib. Analitiklər bunun birbaşa Moskvanın təlimatı olduğunu bildirirlər.

Onların fikrincə, geosiyasi qarşıdurma Gürcüstan üzərindən Cənubi Qafqaza köçürülmək istənir. Rusların Ukraynaya hücumundan sonra rəsmi Tbilisi maksimum ehtiyatlı mövqe sərgiləsə də, Avropa İttifaqına üzv olmaq istiqamətində fəaliyyətini intensivləşdirdi. Rusiyanın Ukraynadan sonra Gürcüstana təzyiqi artıracağı deyilir. Abxaziyanın da Cənubi Osetiyanın yolu ilə gedəcəyi istisna deyil. Ehtimallara görə, Kreml Cənubi Osetiya və Abxaziyanın Rusiyaya birləşdirilməsi məsələsindən ilk dövrdə Tbilisinin siyasi xəttinə təsir etmək məqsədilə istifadə edə bilər. Yekun qərar isə hadisələrin inkişafına uyğun olacaq. Teref.az xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə açıqlamasında bu prosesin illərdir aparıldığını deyib. Partiya təmsilçisi vurğulayıb ki, Rusiya beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmağa davam edir:

“Moskva 2000-ci illərin əvvəllərindən başlayaraq Gürcüstanın işğal altında olan regionlarında yaşayan əhalinin məcburi pasportlaşdırılmasını həyata keçirir. Bundan Gürcüstana qarşı qeyri-legitim və hibrid alət kimi istifadə edir. Beynəlxalq ictimaiyyət Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Artıq 30-32 ildir Moldovada Dnestryanı, Gürcüstan ərazisində Cənubi Osetiya və Abxaziya və 8 ilə yaxındır Donetsk və Luqanskdakı separatçı-terrorçu rejimlər mövcuddur. Putinin Donbasdakı qondarma qurumların “müstəqilliyi”ni tanıması bir daha göstərdi ki, keçmiş SSRİ məkanındakı bütün separatçı qurumların arxasında məhz Kreml dayanır.

Ukrayna hadisələri isə göstərdi ki, işğalçılıq və imperializmin zərbəsi bumeranq kimi qayıdıb Rusiyaya dəyir. İndiki şəraitdə baş verənlər Kremlin Ukrayna məğlubiyyətini unutdurmaq üçün uğursuz cəhdləridir. Fikrimcə, yaxın vaxtlarda bunun da adekvat cavabı veriləcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.