Qarabağlılar azad edilən ərazilərdə öz evlərini tikə biləcəklərmi? - İlginc cavablar

30-04-2022, 10:22           
Qarabağlılar azad edilən ərazilərdə öz evlərini tikə biləcəklərmi? - İlginc cavablar
Milli Məclisin deputatı Vüqar İsgəndərov təklif edib ki, imkanlı şəxslər işğaldan azad edilən ərazilərdə öz evlərini tiksinlər. Bu həm oradakı tikinti-quruculuq işlərini sürətləndirər, həm də dövlətin yükünü azaldar. Amma bəzi ekspertlər iddia edirlər ki, buna icazə verilsə, xaos, qarışıqlıq yaranar. Üstəlik təhlükəsizlik problemi var.

Bəs Qarabağa qayıdışın uzanmaması, əhalinin ora köçməsi üçün ən optimal yol hansıdır? Qarabağdan olan tanınmışlar bu təklifə necə yanaşır?

“Yeni Müsavat” qəzetinin Şuşadan olan redaktoru Nazim Sabiroğlu mövzu ilə bağlı fikirlərini belə ifadə edib: “Mən ancaq Şuşa ilə bağlı fikrimi deyə bilərəm. Şuşanın işğaldan azad edilməsindən sonra dövlətin siyasəti elə qurulub ki, oraya kənar müdaxilə mümkün deyil. Kənar müdaxilə dedikdə əhalini və ictimai rəyi nəzərdə tuturam. Şuşa işğaldan azad olunandan bir neçə gün sonra Prezident İlham Əliyev Azərbaycan hakimiyyətinin təmsilçilərinin adlarını konkret çəkərək, onların Şuşanı yenidən ”işğal etmək" planlarından danışmışdı. Demişdi ki, Şuşa kiçik bir şəhərdir, hərə bir idarə, villa tiksə, o şəhərdə əhalinin yaşaması üçün heç bir yer qalmaz. Dövlət başçısının əvvəlki siyasəti doğru idi. Belə də davam edir. Misal üçün, bizim evi “Yeni Müsavat”ın bir çox əməkdaşı gedib görüb, harada yerləşdiyini, hazırkı vəziyyətini bilirlər. Əlbəttə, biz istərdik ki, 200 illik dədə-baba yurdunda özümüz istədiyimiz kimi ev tikək. Amma dövlətin Şuşa ilə bağlı siyasətinə qarışa bilmərik, fikrimizi deyə, təklifimizi verə bilərik. Bina evləri ilə bağlı məsələ aydındır, bina evləri sökülür. Məsələn, bizim evin yanındakı binaların çoxu sökülür.

Amma həyət evləri ilə bağlı məsələdə qeyri-müəyyənlik var. Bildiyimə görə, şəhərin baş planına əsasən 6 məhəllə olacaq. Halbuki Şuşada 17 məhəllə var idi. Bu o deməkdir ki, bir neçə məhəllə birləşdiriləcək. Artıq Şuşada yuxarı məhəllədə binaların tikintisinə başlamaqla bağlı tender elan olunub. O binalar necə olacaq, necə tikiləcək, bununla bağlı məlumatım yoxdur. Əgər bizə, “dədə-baba yurdunuzdur, evinizi bərpa edin, kömək edərik” deyilsəydi, o başqa məsələ. Hələ ki, bununla bağlı hər hansı təklif yoxdur. Şəhərin eskizləri haqqında məlumatım var. Şuşa ilə bağlı dövlətin siyasəti tam fərqlidir. Şuşanın ilk əvvəl mədəniyyət mərkəzinə, indi də diplomatik-siyasi mərkəzə çevrilməsi onu göstərir ki, dövlətin burada öz siyasəti var. Mən demirəm, Şuşa digər azad olunan torpaqlardan nə iləsə fərqlidir. Yox! Amma Şuşa həm simvol olaraq, həm də fərqli olduğu üçün görünür, dövlətin onun tikinti, quruculuq işləri ilə bağlı siyasəti də fərqli olacaq. Əvvəlki Şuşa, əlbəttə, olmayacaq. Yeni Şuşanı gözləyirik. Bəli, tələsirik, istəyirik yurdumuza, torpaqlarımıza qayıdaq".

Əslən Füzulidən olan “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həzi bu işin bir neçə tərəfinə diqqət çəkib: “Əvvəla, ora köçəsi, yaxud köçürüləsi əhalinin təhlükəsizliyidir. Biz hələ bilmirik, o ərazilər nə dərəcədə təhlükəsizdir. İkincisi, əhalinin yerləşməsindən əvvəl infrastruktur yaradılması lazım gələcək. Üçüncüsü, o ərazilərdə məşğulluq və biznes mühitinin formalaşmasıdır. Və nəhayət, yaşayış məntəqələrinin bərpası və ya yenidən tikilməsi. Ora gedən insan ev tikib içində ac oturmayacaq ki?! Bu işlər göründüyü qədər də asan deyil. Təkcə minaların təmizlənməsinə böyük məbləğdə vəsait lazımdır. İşğaldan azad olunmuş ərazilərlə bağlı beynəlxalq konfrans olmalıdır. Xarici dövlətlər, şirkətlər cəmləşib burada öz rolunu oynamalı idi. Ancaq bu baş vermədi. Üstəlik dünyanın gündəmi dəyişdi - Ukrayna. Bu baxımdan, Qarabağda işlərin tez bir zamanda görüləcəyi real görünmür. Bəli, bir yandan əhalinin köçürülməsi, yerləşdirilməsi ərazilərin təhlükəsizliyinə təsir edən faktor ola bilər. Ancaq tam təhlükəsizlik təminatları olmadan məskunlaşma da risklidir. Ona görə bu məsələlərlə bağlı hərtərəfli, düşünülmüş, əsaslandırılmış strategiya olmalıdır”.

Füzuli kökənli Musavat.com saytının baş redaktoru Xalid Kazımlının fikirləri də diqqət çəkir: “Təhlükəsizliklə bağlı deyilənlər qismən əsaslıdır, amma dövlət bunun üçündür ki, o əraziləri minadan təmizləsin və təhlükəli olmasın. Qarabağda nəinki imkanlı adamlar, hətta imkansızlar da hansısa formada öz dədə-baba ocaqlarını bərpa etmək istəyəcəklər. Ən ümdəsi odur ki, o torpağı öz yiyələrinə qaytarsınlar və onlar orada yenidən məskən salıb əkin-biçinlə, təsərrüfatla məşğul olsunlar. Oralar bərəkətli, sulu torpaqlardır, çaylarının daşı, qumu, dağlarının qayası, əhəngi var. Orada həyatı bərpa etmək o qədər də çətin olmayacaq”.

Ağdam əsilli, şəhid atası, döyüşçü Hacı Əkbər Rüstəmovun isə məsələ ilə bağlı fikri qətidir: “Hər kəs bir fikir deyə bilər. Amma dövlətin də özünün siyasəti var. Xaos yaranmaması üçün gözləməliyik ki, hansı təkliflər olacaq, necə olacaq. Mən də istəyərəm ki, gedib orada bir çadır qurub yaşayım. Belə olmaz axı! Dövlətin bununla bağlı öz strategiyası var. Bu dəqiqə biz bilmirik ki, o ərazilər minalardan tam təmizlənib, ya yox. Hamımız istəyirik ki, gedib orada yaşayaq, amma gözləməliyik”.

Zəngilandan olan Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli də mövzu ilə bağlı bunları deyib: “Əgər planlı şəkildə evlər salınırsa, orada standart evlər olur. Əgər əhali ilə razılaşma şəklində məskunlaşma aparılacaqsa, onda rəylər nəzərə alınacaq. Kimsə orada minimal məbləği alıb, özü ev tikə bilərsə, buna da normal baxmaq lazımdır. Biz yataqxana tikmirik ki?! İnkubator cücələri kimi hamının evinin bir-birinə oxşaması da normal deyil. Sadəcə rənglər, zövqlər fərqli ola bilir. O baxımdan hesab edirəm ki, əgər sorğular keçirilsə, əhaliyə ev tikilməsi üçün minimal məbləğ ödənilirsə, kimsə o məbləğin üstünü düzəldib fərqli şərait yaradırsa, buna pis baxmaq lazım deyil. Amma məlum olan odur ki, orada tenderlə qalib gələn şirkətlər var, onlar məskunlaşma aparırlar. Əhalinin burada iştirakı yoxdur, olsa da, minimaldır”.

Afaq MİRAYİQ,

“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.