5.5 milyon manat vergi borcu olan tikinti şirkətləri var - əhalini də, dövləti də talayırlar...

3-06-2022, 12:43           
5.5 milyon manat vergi borcu olan tikinti şirkətləri var -
Akif Nəsirli: “Məmurların himayədarlığı sayəsində bu MTK-lar özlərini çox sərbəst hiss edirlər və vergi borclarını da vermək istəmirlər”

Son zamanlar Bakıda tikinti işləri aparan şirkətlərin böyük əksəriyyəti barədə müəmmalı söz-söhbətlər dolaşır. Xüsusən də onların çoxunun vergi borcu olduğu vurğulanır. Mətbuatda da bu məsələyə ciddi yer verilir. Belə ki, Bakıda böyük yaşayış kompleksinin tikintisi ilə məşğul olan Mənzil-Tikinti Kooperativlərinin (MTK) külli miqdarda vergi borcu yaranıb.

Dövlətə vergi borcu olan MTK-ların siyahısında 5 milyon 505 min 787 manat borcla “Azər-Ross İ K” MTK-nın rəhbərlik etdiyi bildirilir. Qeyd edilənə görə, “200 saylı"” MTK-nın 602.481 manat, “Bakı- XXI BM” MTK-nın 319.690 manat, "Cənnət Park" MTK-nın 305.477 manat, “Abşeron-A1” MTK-nın 144.625 manat, “Baku City” MTK-nın 71.805 min manat dövlətə vergi borcu var.

Hətta bəzi iddialara görə, sözügedən MTK-ların vergi borcuna görə əmlakları müsadirə edilir.

Bu qədər pul qazanırlar dövlətin vergi borcunu niyə ödəmirlər? Borca görə şirkətlərin əmlakı və s. müsadirə edilə bilərmi?

“Məhkəmə qərarı MTK-ların əmlakının müsadirə edilməsi də, verginin məcburi şəkildə ödətdirilməsi də ola bilər”

İqtisadçı Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, MTK-ların vergi borcundan yayınmasının əsas səbəblərindən biri onların iri məmurlar tərəfindən himayə olunması ilə bağlıdır: “Həm çap mediasında, həm sosial şəbəkələrdə, həm də digər internet resurslarında kiçik bir araşdırma aparsaq görərik ki, həqiqətən də zaman-zaman MTK-ların vergi borcları barədə kifayət qədər yazılar gedib, tənqidi fikirlər əks olunub. Müxtəlif vaxtlarda vətəndaşlar da həmin o MTK-ların vergi borcları barədə informasiyalar veriblər. Çox ehtimal ki, bu barədə Vergilər xidmətinin rəsmi siyahısı açıqlanıb, bu qədər MTK-ın külli miqdarda vergi borclarının olduğu üzə çıxarılıb. Bunun əsas səbəbi bəzi dövlət məmurlarının MTK-ları himayə etməsidir. MTK-ların böyük əksəriyyəti, bəlkə də hamısı Azərbaycanın dövlət məmurlarının nəzarətindədir. MTK-lar başqa adamların adlarına rəsmiləşdirilsə də, əslində müəyyən dövlət, hökumət adamlarına məxsusdur. Məmurların himayədarlığı sayəsində bu MTK-lar özlərini çox sərbəst hiss edirlər və vergi borclarını da vermək istəmirlər. Dövlətə bu qədər vəsaiti verməyə heyfləri gəlir. Əgər bunların himayədarları onları vergi xidmətinin görəcəyi tədbirlərdən himayə edirsə deməli buna imkan var. İmkan olan yerdə niyə pul xərcləyəsən ki? MTK-ların rəhbərləri belə düşünürlər. Burada məsələ yenə gedib məmur biznesinə dirənir.

Vergi xidmətinin birbaşa MTK-lardan vergi borclarını məcburi ödətməsi imkanları yoxdur. Onlar şirkətləri məhkəməyə verməlidirlər, məhkəmə məsələlərə baxmalıdır və hər hansı bir qərar çıxarmalıdır. Məhkəmə qərarı MTK-ların əmlakının müsadirə edilməsi də, verginin məcburi şəkildə ödətdirilməsi də ola bilər. Yəni bu artıq məhkəmənin qərarından asılı olan məsələdir”.

Ekspert hesab edir ki, bizneslə məşğul olan məmurlarının vergidən yayınmasının qarşısının alınması üçün hökumətin siyasi iradəsi olmalıdır. Bizneslə məşğul olanların kimliyindən asılı olmayaraq dövlətin vergisini ödəməli olduğunu deyən A.Nəsirlinin sözlərinə görə, bu biznesmen-məmurlar üçün də problem deyil. “Sadəcə, bu sahədə boşluq var və o boşluqdan istifadə edib xərclərinə qənaət edirlər. Yəni vergi ödəməmək imkanı olan istənilən vətəndaş vergini ödəməlidir” - deyə A.Nəsirli qeyd etdi. A.Nəsirlinin sözlərinə görə, inkişaf etmiş ölkələrdə vətəndaş, sahibkar bilir ki, vergidən yayınsa bunun bir neçə qat şəkildə cəriməsini ödəyəcək, ona görə də, vergidən yayınmırlar, bizdə də belə olmalıdır: “Bunun üçün qanunlara dəyişiklik etməyə, tədbirlər görməyə ehtiyac yoxdur, vergi qanunvericiliyi kifayət qədər mükəmməldir. Sadəcə olaraq ortaya siyasi iradə qoyulmalıdır ki, heç kəs vergidən yayınmasın”.

İradə SARIYEVA












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.