Rusiyanın dövlət agentliyi Xankəndindəki separatçı rejim mənsubundan müsahibə götürdü… - ZİBİLƏ DÜŞMÜŞÜK...
3-06-2022, 10:32

Rusiyanın ən aparıcı dövlət informasiya agentliklərindən olan “RİA Novosti” Azərbaycan Respublikasının artıq 1 il 7 aya yaxındır müvəqqəti(!) olaraq Kremlin nəzarətində qalan ərazisindəki “sülhməramlı” hərbi kontingentin himayəsində bəslənən separatçı-terrorçu erməni rejiminin əldəqayırma “dövlət naziri” Artak Beqlaryandan “faktiki” “dövlət” təmsilçisi kimi müsahibə götürüb.
Teref.az Moderator.az-a istinadən əyanilik üçün müsahibənin “RİA Novosti” tərəfindən şərhinin tərcüməsini olduğu kimi nəzərinizə çatdırır:
"Tanınmamış Dağlıq Qarabağ Respublikasının hakimiyyəti dünya səviyyəsində tanınması üçün səylərini davam etdirəcək, bundan sonra Ermənistana birləşmək məsələsinə baxmaq mümkün olacaq,
Bu barədə “RİA Novosti” agentliyinə müsahibəsində respublikanın dövlət naziri Artak Beqlaryan bildirib.
"Biz Artsax Respublikasının beynəlxalq səviyyədə tanınmasına nail olmaq üçün səylərimizi davam etdirəcəyik. Artsaxın müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasından sonra respublikanın Ermənistana birləşməsi məsələsinə baxmaq mümkün olacaq", - Beqlaryan bildirib.
O vurğulayıb ki, indi Azərbaycan özünü “güclü hiss edir”, üstəlik, Türkiyə hərbi-siyasi dəstək verir və bu səbəbdən “DQR” hakimiyyəti “gələcəkdə Azərbaycanla birbaşa danışıqlar yolu ilə problemlərini tədricən, addım-addım həll etmək” yollarını axtarmalıdır. Bunun üçün Azərbaycan “sülhə hazır olmalıdır”, - deyə Beqlaryan qeyd edib.
2020-ci il sentyabrın sonunda Dağlıq Qarabağda uzunmüddətli münaqişənin davamına çevrilmiş və mülki əhalinin tələfatına səbəb olan hərbi əməliyyatlar yenidən başlayıb.
Tərəflər atəşkəs bağlamaq üçün bir neçə dəfə cəhd ediblər, lakin noyabrın 10-na keçən gecə əldə olunan üçtərəfli razılaşma uğurlu olub. Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan tam atəşkəsə və əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsinə razılaşıblar. İrəvan həmçinin 1994-cü ildən tanınmamış DQR-in nəzarətində olan Kəlbəcər və Laçın rayonlarını, eləcə də Ağdam rayonunun bir hissəsini Bakıya verib. Bundan əlavə, bölgədə Rusiya sülhməramlıları yerləşdirilib".