“Əlillik təminatının müəyyənləşməsi meyarlarında dəyişiklik edilməlidir” - ÇAĞIRIŞ

4-06-2022, 09:00           
“Əlillik təminatının müəyyənləşməsi meyarlarında dəyişiklik edilməlidir” - ÇAĞIRIŞ
İyunun 2-də bir qrup qazinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) qarşısında etiraz etməsi ölkədə ciddi müzakirələrə səbəb olub. Vətən uğrunda canından keçən qazilərin bu vəziyyətə düşməsi hər kəsi sarsıdıb.

Qeyd edək ki, iyunun 2-si qazilər nazirliyin binasının qapısını qıraraq binaya daxil olub və etirazlarını bildiriblər. Qazilər əlillik təyinatının olmaması, əksər hallarda imtina cavabı almaları, əyani müayinənin aparılmamasından, komissiyaya gec çağırılmalarından şikayət etdiklərini bildiriblər.

Qazilərin ƏƏSMN qarşısındakı aksiyasının sonu necə olacaq? Bu aksiya müharibə əlilləri ilə bağlı nazirliyin yanaşmasını dəyişəcəkmi? Onlara daha həssas və güzəştli münasibətə səbəb olacaqmı? Nazirlikdə qazilərlə bağlı şöbə yaradılarsa, ora da təhsilli qazilər işə götürülsə, bu, problemin həllinə daha ciddi təsir göstərərmi?

Onu da nəzərə çatdıraq ki, ƏƏSMN-in İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov etirazçıların qarşısına çıxaraq açıqlama verib: “Qarabağ qazilərinin və şəhid ailələrinin sosial təminatı daim diqqətdə saxlanılır. Qazilər mütəmadi olaraq nazirliyin rəhbər şəxsləri tərəfindən qəbul edilir. Bu gün də onların əlilliklə bağlı müraciətləri olub. Onların sağlamlıq vəziyyəti əlillik təyinatına əsas vermir. Əgər sizin sağlamlıq vəziyyətiniz əlillik təyinatına imkan vermirsə, burada qanundankənar hər hansı addım atmaq mümkün deyil. Bununla belə, hər bir müraciət qeydə alınacaq, araşdırılacaq və məlumat veriləcək. Qazilərin müraciətlərinə həssaslıqla yanaşılır. Onların problemləri mütəmadi şəkildə həll olunur. Vəziyyət araşdırılacaq”.

Şöbə müdiri əlavə edib ki, həmin şəxslər birinci növbədə hərbi həkim komissiyasına müraciət etməlidirlər: “Bu komissiya Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Bunun müharibə ilə əlaqədar olub-olmadığı müəyyən edilir. Daha sonra İcbari Tibbi Sığorta Dövlət Agentliyi tərəfindən müvafiq şəkildə ”forma 88" sənədi rəsmiləşdirilir. Son olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin sənədlər əsasında əlilliyin təyin edilməsi ilə bağlı qərar qəbul edir. Qeyd edim ki, əlillik təyinatı bütün xəstəliklərə görə aparılmır. Bununla bağlı Nazirlər Kabinetinin də qərarı var". Dia.az-ın məlumatına görə, “Qarabağ Qaziləri” ictimai birliyinin idarə heyətinin üzvü Rey Kərimoğlu “Yeni Müsavat”a açıqlamasında srağagün belə bir hadisənin baş verməsinə təəssüf hissi keçirdiyini deyib: “Mən həm də ƏƏSMN yanında İctimai Şuranın üzvüyəm. Burada söhbət yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən də getmir. Digər qurumların da davranışı dəyişməsə, bu hallar təkrarlana, hətta faciələrlə nəticələnə bilər. Dünən orada qazinin dili qatlanmışdı, polis vaxtında müdaxilə etməsəydi, o ölə də bilərdi. Bunun məsuliyyəti kimin üzərində qalacaqdı?! ƏƏSMN əlillik təminatı ilə bağlı qanunvericiliyi əlində rəhbər tutub əlillik təminatını həyata keçirir.

Biz də dəfələrlə demişik ki, qazilərə humanist yanaşma lazımdır. Əlillik təminatının müəyyənləşməsi meyarlarında müharibə əlili, anadangəlmə əlil anlayışları yoxdur. Biz də təklif edirik ki, müharibə əlillərinə yanaşma fərqli olsun. Qanunvericilikdə bu məsələ dəyişsin. Problemlər əsasən buradan gəlir. İkinci problem, ƏƏSMN-də bütün məsələlər 2015-ci ildən əvvəl elektronlaşma sistemi ilə həll edilir. Əlillik təyinatının verilməsi, poliklinikalardan “forma 8"-in alınması və digər bu kimi proseduralar elektronlaşdırılıb. Əlillik altsistemi də yaradılıb. Amma burada xeyli qüsurlar var. Bu qüsurların aradan qaldırılması xeyli zaman aparır. Təsəvvür edin, bir adamın əlilliyinə imtina verilib, texniki problem olub, onun ”forma 8"-i vurulanda diaqnozları səhv yazılıb. Yenidən ƏƏSMN onu komissiyadan keçirə, əlilik səni verə bilmir. Çünki əlillik altsistemində ona imtina yazılıb. O imtinanı nazirlik altsistemindən poza bilmir. Bunun üçün vaxt lazımdır, bu prosedura bəzən bir neçə ay çəkir. Hazırda bu səbəblərdən dolayı həm qazilər, həm ƏƏSMN, həm də poliklinikalar problem yaşayırıq.

Məsələn, 30 ildir ayağını itirmiş Qarabağ qazisi Protez-Ortopedik Bərpa Mərkəzindən protez alır. 6 aydan bir, ildə bir dəfə protezini təmir edirlər. Keçən ildən isə deyildi ki, adı sistemdə olmayan adama protez verilməyəcək. Sistemdə adının olmaması qazinin problemi deyil. Eləcə də, qazimiz Mahir Rzayev bir ayağını dizdən yuxarı itirib, protez istəyir, deyirlər adın sistemdə yoxdur, ona görə də sənə protez düzəldə bilməyiblər. Deyirlər “yazın tezləşdirək”, yazırıq veririk, bəziləri tezləşir, amma bəzilərinin vaxtı uzanır. Dediyim həmin o texniki problemlər vaxtı uzadır. Olmazmı nazir desin ki, əlillərin protezlərini verin getsin, ya da sistemə vurulsun?! Burada gərginlik var, bu aradan qalxmalıdır".

Kərimoğlu əlavə edib ki, digər bir problem arxivin olmaması səbəbindən yaranır: “İllərdi ki, qazilər ƏƏSMN-dan ildə bir dəfə sanatoriyalara, kurortlara getmək üçün ”putyovka" alırdılar. İndi hərbi qulluqçuları ayırıblar ki, bunu Müdafiə Nazirliyi verir. İşləyən adamlara deyirlər ki, işlədikləri şirkətdə həmkarlar təşkilatları versin. Bu düz deyil axı, bunu Sahil Babayev etmir, ona qədər olan məsələdir. Bir qardaşı şəhid olan, iki ayağı dizdən amputasiya olan qazi Bəhruz Camalov xəstədir, onu sanatoriyaya yerlşdirmək üçün DOST Agentliyinə müraciət etdik. Dedilər ad sistemdə yoxdur. O, 1992-ci yaralanıb, onu sistemə yenidən salmaq üçün sənədlər qazilərin çoxunda yoxdur. Orijinal sənədlərin çoxu o vaxt kommunal təsərrüfat birliklərinə, “sovbez”lərə verilib. İndi isə o arxivləri tapa bilmirlər. Qazi 1992-93-cü ildən yaralanıb, Müdafiə Nazirliyindən bunun yaralanması ilə bağlı şəhadətnamə verilib. Onun daxili orqanına güllə dəyib. Üstündən bir il keçib, o güllə bunun böyrəyində də problem yaradıb, böyrəyini əməlliyyatla götürüblər. İndi ƏƏSMN-nin ekspertizasında baxıb deyirlər ki, Müdafiə Nazirliyinin 92-ci ildə verdiyi sənəddə böyrəklə bağlı heç nə yazılmayıb. Bunun böyrəyi yoxdur və müharibə ilə əlaqəli deyil.

Daha sonra, digər qazimizin ayağından, iliyindən çirk gəlir. Beş ildən sonra ayağını kəsiblər. Müdafiə Nazirliyinin verdiyi şəhadətnamədə isə o yazılmayıb. Yazılıb ki, dizdən aşağı ətrafda güllə yarası var. Həmin güllə yarası 5 ildən sonra ayağın kəsilməsinə səbəb olub. Biz bunu ƏƏSMN-la işləyən həkimlərə izah edə bilmirik".

Kərimoğlu digər bir problemli məsələyə də toxunub: “Müharibədən sonra təqribən 12 minə yaxın yaralımız oldu. Onlardan 3 min nəfərə əlillik dərəcəsi verilib. 8 mini isə ağır yaralı olub. Onların arasında eləsi var ki, əlillik dərəcəsi düşməsə də işləyə bilmir. Misal üçün, qoluna güllə dəyib, odun yara bilmir, dəlləkdir, ayağından yaralanıb, artıq ayaq üstə işləyə bilmir, amma əlillik dərəcəsi yoxdur. Digər 5 min əlilə müavinət təyin edilməlidir ki, heç olmasa ayda 500 manat alsınlar. Başa düşdük, əlillik düşmür, amma bu adam artıq işləyə bilmir axı. Məşğulluqda işlə təmin edilmək isə uzun prosesdir. Orada 6-7 ay vaxt tələb olunur. Dövlət tərəfindən qərar verilməlidir ki, 5 min əlilə 500 manat, yüngül yaralılara isə ayda 300 manat pul verilsin. Bu qazilər vətəni qoruyub, xalqımızın, millətimizin alnındakı ləkəni silib. Beş il ayda 300 manat verilsin, beş ildən sonra müxtəlif peşələrə yönəltmək olar. Ali təhsillilər işlə təmin olunsun. Sumqayıtda Əli adlı şəhid atası var, iki oğlundan biri şəhid olub, biri sağ qalıb. Ali təhsillidir. Neçə quruma müraciət etdik, biz onu işə düzəldə bilmədik. Bütün bunları Prezidentə olduğu kimi çatdırmaq lazımdır. Ona yalan, saxtalaşdırılmış məlumat verməsinlər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.