İrəvandan “İran gedişi”: Putindən sonra Rəisiyə zəng - NƏ BAŞ VERİR?

4-06-2022, 11:18           
İrəvandan “İran gedişi”: Putindən sonra Rəisiyə zəng - NƏ BAŞ VERİR?
Ermənistan baş naziri Nikol Paşinyan Rusiya lideri Vladimir Putinlə telefon danışığından az sonra İran prezidenti İbrahim Rəisiyə də zəng edib. Erməni mənbələrinin xəbərinə görə, Paşinyan Rəisi ilə mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldəki görüşü barədə təəssüratını bölüşüb.

Məlumata görə, tərəflər həmçinin regional kommunikasiya xətlərinin açılışı, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin müəyyənləşdirilməsi və münasibətlərin normallaşmasının perspektivlərinə dair fikir mübadiləsi aparıblar. Bundan başqa, iki ölkə arasında əlaqələrin inkişafı, Ermənistan-İran üçüncü elektrik ötürücüsü xəttinin tikintisi və energetika sahəsində əməkdaşlıqdan danışılıb.

Bəs rəsmi İrəvanın İran rəhbərini də Brüssel danışıqları haqda məlumatlandırması hansı zərurətdən doğub? Paşinyanın məqsədləri nə ola bilər? Teref.az-ın məlumatına görə, Sosial Tədqiqatlar Mərkəzinin siyasi eksperti İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan cari il aprelin 6-da və mayın 22-də Brüsseldə keçirilmiş görüşlərdə diplomatik məğlubiyyətə uğradıqdan sonra yenidən fəallaşmağa çalışır: “Bu xüsusda Rusiya Prezidenti Vladimir Putinlə və İran Prezidenti İbrahim Rəisi ilə telefon əlaqəsi yaradıb, müzakirə aparıb. Regionda ən böyük marağı olan dövlətlər Rusiya, İran və Türkiyədir. Regional geosiyasi aktor kimi bu dövlətlərin nüfuzları böyükdür. Eyni zamanda kənar güclər də regionda öz maraqlarını diktə etməyə çalışırlar. Burada Avropa İttifaqı, ABŞ və Çinin də maraqlarının olduğunu qeyd edə bilərik.

Belə olan təqdirdə məhz Brüsseldə keçirilmiş görüşlərlə bağlı olaraq Nikol Paşinyan Rusiya və İranla təmaslar quraraq dövlət sərhədlərinin müəyyənləşməsi və münasibətlərin normallaşması perspektivi ilə bağlı fikir mübadiləsi aparıb. İran da bilir ki, Azərbaycan tərəfinin mövqeyi sərhədlərin delimitasiyası və demarkasiyası, iqtisadi, nəqliyyat əlaqələrinin bərpa olunması, eləcə də sülh müqaviləsinin imzalanmasından ibarətdir. Məhz kommunikasiyaların açılması ilə bağlı Türkiyə və Azərbaycanın mövqeyi 3+3 platformasından ibarətdir. Burada iştirakçı olan dövlətlər Azərbaycan, Ermənistan və Gürcüstanla yanaşı, güclü dövlətlər hesab olunan İran, Türkiyə və Rusiya da birgə əməkdaşlıq imkanı qazanacaq. Bölgədə İran-Rusiya alternativ marşrutu ilə yanaşı, həm də Türkiyə-İran-Rusiya, eləcə də Rusiya-Azərbaycan-Ermənistan marşrutları fəaliyyət göstərəcək. Bu baxımdan İranın da regional əməkdaşlıqda böyük marağı var. Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycan Zəngəzur dəhlizinə alternativ olaraq, həm də Cənubi Zəngəzur dəhlizinin çəkilməsi ilə bağlı İranla razılıq əldə edib.

Rəsmi Tehranla imzalanan əməkdaşlıq memorandumu avtomobil və dəmir yolunun açılması ilə yanaşı, həm də elektrik enerjisinin nəqlini nəzərdə tutur. Gələcəkdə buradan qaz kəmərinin çəkilməsi də planlaşdırılır. Bu xüsusda Türkmənistan qazının Azərbaycan ərazisi ilə Qərbə nəqli imkanları nəzərdən keçirilir. Bütün bunlara görə Ermənistan regional proseslərdən, layihələrdən kənarda qalmamaq üçün müxtəlif təşəbbüslər həyata keçirdir və burada Tehran-İrəvan geosiyasi oxu istiqamətində Ermənistan baş naziri yeni təşəbbüslər həyata keçirir. İran Prezidentinə zəng həm də bu amillə bağlıdır. Ola bilsin ki, Azərbaycanın tərəfdarı olduğu hansısa marşrutlara İranın əngəl olmasına da Paşinyan çalışır".

Politoloq qeyd etdi ki, Ermənistanın baş nazirinin bu cür cəhdləri əbəsdir, Azərbaycan dövləti, onun lideri və hökumətimiz İranla əlaqələrini yüksək səviyyədə qurub: “Azərbaycan tərəfindən həm iqtisadi, nəqliyyat əlaqələrinin bərpa olunması, həm də sərhədlərin delimitasiyası ilə bağlı böyük işlər həyata keçirən baş nazirin müavini Şahin Mustafayev eyni zamanda İranla olan hökumətlərarası əlaqələri tənzimləyən hökumət təmsilçisidir və çox yaxşı münasibətlər formalaşdırılıb. Burada iqtisadi əsaslar, maliyyə dvidentləri də əsas götürülür. Ona görə Nikol Paşinyan düşdüyü geosiyasi dalandan çıxmaq üçün müxtəlif təşəbbüslər həyata keçirir və müttəfiqi hesab olunan Rusiya ilə qurulan telefon əlaqəsindən sonra İranla da danışıqlar həyata keçirir.

Bütün bu proseslər rəsmi Bakı tərəfindən çox diqqətlə izlənilir. Həm Qarabağda olan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası, Brüssel razılaşmalarına uyğun qəbul olunan qərarların icrası, həm də tezliklə Zəngəzur dəhlizinin açılması əsas prioritetdir. Ermənistanın bu cür diplomatik həmlələri prosesləri pozmağa yönəlib. Bununla Ermənistan vaxt udaraq ümumi geosiyasi nizama xələl gətirmək məqsədi güdür".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.