“Pullu təhsil siyasəti oxumağın yalnız ali təbəqəyə məxsus olması ənənəsini formalaşdırır” - HƏQİQƏTƏN DƏ...

4-06-2022, 16:18           
“Pullu təhsil siyasəti oxumağın yalnız ali təbəqəyə məxsus olması ənənəsini formalaşdırır” - HƏQİQƏTƏN DƏ...
ADA-da Azərbaycan vətəndaşları üçün illik təhsil haqqı 6000-6500 manat arasında dəyişir, xarici tələbələr üçünsə bu, 8500 manatdır. Xəzər Universitetində bu rəqəm 4000-5000, Azərbaycan Tibb Universitetində isə 4000-4500 manat arasındadır. BDU-da fərqli ixtisaslar üzrə illik təhsil haqqı müxtəlifdir, ən bahalı ixtisas isə hüquqşünaslıqdır. Universitetdə bu ixtisas üzrə təhsil almaq istəyən tələbələr əyani təhsil üçün hər il 4500 manatından keçməlidir.

Ölkəmizdə minimum əmək haqqının 300 manat olduğunu nəzərə alsaq, belə çıxır ki, kasıb ailələrin uşaqları hüquqşünas, neft mühəndisi və ya diplomat ola bilməzlər. Çünki başçısı 300 manat alan ailələr hətta heç xərcləməsələr belə, bir il boyunca qazandıqları maaş həmin fakültələrin təhsil haqqını ödəmir. Məhz bu səbəbdən də hər il minlərlə tələbə ali təhsilini davam etdirə bilmir. Təkcə 2014-2018-ci illər arasında təhsil haqqını ödəyə bilmədiyindən 7 min tələbə daxil olduğu ali məktəbdən imtina edib. O vaxtdan indiyədək 4 il keçir. Ali təhsildən imtina edənlərin sayının nə qədər artdığı barədə rəsmi məlumat verilmir.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədovun sözlərinə inansaq, son 7 il ərzində 5 mindən artıq tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə universitetlərdən qovulub.

Təbii ki, bütün bunlar sadəcə bilinənlərdir. Rəsmi statistikaların gözündən yayınan, onsuz da ali təhsilini davam etdirə bilməyəcəyini düşünüb qəbul imtahanlarına belə girməyən gənclərimiz də az deyil.

Bəs, bu, Azərbaycanda təhsil hüququnun kütləvi şəkildə pozulması anlamına gəlmirmi? Dia.az xəbər verir ki, hüquq elmləri doktoru, Ədalət Partiyasının sədri İlyas İsmayılov “ovqat.com” saytına açıqlamasında bu barədə danışıb.

Partiya sədrinin fikrincə, Azərbaycanda təhsil haqqının bahalı, təhsilin isə keyfiyyətsiz olduğunu nəzərə alıb xaricdə oxumağa üstünlük verənlər də çoxdur: “Hər il minlərlə abituriyent Ukrayna, Türkiyə, Macarıstan, Baltikyanı və s. kimi ölkələrdə təhsil almağa yollanırlar. Qeyri-rəsmi məlumatlara görə, təkcə Ukraynada 20 mindən çox azərbaycanlı tələbə təhsil alır. Türkiyədə təhsil alanların sayı daha çoxdur. Səbəb həmin ölkələrdə təhsilin keyfiyyətli, təhsil haqqının isə aşağı olmasıdır. Təsəvvür edin ki, Almaniya, Fransa və s. kimi Avropa ölkələrində ali məktəblərin əksəriyyəti pulsuzdur. Özəl ali məktəblərin təhsil haqqı isə 500-1000 avro arasındadır. Əlillik dərəcəsi olan tələbələr isə özəl ali məktəblərdə təhsil haqqından azad olunurlar. Ailəsinin maddi durumu aşağı olan tələbələr də həmçinin. Bu il keçirilən prezident seçkiləri ərəfəsində Fransa rəhbəri Makron ali məktəblərdə pulsuz təhsil məsələsinə yenidən baxılması məsələsini qaldırmışdı. Az qala bu təklifinə görə kürsüsündən olacaqdı. Fransada 2019-cu ilə qədər hətta xarici tələbələr üçün də təhsil pulsuz idi. 2019-cu ildə bu imtiyaz ləğv olunsa da, bir çox proqramlar sayəsində xarici tələbələr ildə 170-200 avro ödəməklə təhsil ala bilirlər. Eyni fikirləri başqa Avropa ölkələri üçün də demək mümkündür”.

Ədalət Partiyasının proqramında təhsilin və tibbin pulsuz olmasının tələb edildiyini bildirən İ.İsmayılov Azərbaycanda ali məktəblərin təhsil haqqının ailələrin illik qazanclarını keçməsini ümumiyyətlə absurd sayır: “Zənnimcə, bu cür absurd vəziyyət səbəbsiz deyil. Məqsəd xalqın intellektual səviyyəsini aşağı salmaqdır. Çünki savadsızlıq mütilik yaradır”.

İlyas İsmayılov fikrincə, dövlət ali məktəblərində təhsilin pullu olması yolverilməzdir, çünki dövlət strukturları bizneslə məşğul ola bilməzlər: “Yalnız özəl məktəblər pullu təhsil vermək hüququna malik olmalıdır, amma onlar da insafı əldən verməməlidirlər. Bu isə yenə dövlət orqanlarının həmin ali məktəblərə nəzarəti ilə mümkündür”.

Bütün bu absurdların səbəbini Azərbaycan hakimiyyətinin uzağa hesablanmış siyasəti ilə əlaqələndirən partiya sədri, deyir: “Bilirsiniz ki, insanlıq orta əsrlərin qaranlıq çağından qurtulmasını oxumağın əlçatanlığına borcludur. 15-ci əsrin sonlarında Avropada ilk dəfə mətbəə kəşf olunandan sonra kasıblar da oxumaq imkanı əldə etdilər. Çünki kitabların kütləvi nəşri başladı və hər kəs onu əldə etmək şansına qovuşdu. O zamana qədər isə yalnız oliqarxlar kitab sahibi ola bilirdilər. Beləcə, cəmiyyətlər də savadlana-savadlana indiki vəziyyətə gəlib çıxdılar. Azərbaycan hakimiyyətinin təhsil siyasəti isə sanki Avropadan dünyaya yayılan İntibah ənənələrini baltalamağa xidmət edir. Hakimiyyətin pullu təhsil siyasəti oxumağın yalnız ali təbəqəyə məxsus olması ənənəsini formalaşdırır ki, bu da ölkəni orta əsrlər çağına sürükləmək başqa bir şey deyil”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.