"Erməni görür" qorxaqların, el dili ilə desək, zibilinin üstünün açılmasını istəməyənlərin işlətdiyi ifadədir. - Səxavət Məmməd yazır

5-06-2022, 08:00           
"Erməni görür" qorxaqların, el dili ilə desək, zibilinin üstünün açılmasını istəməyənlərin işlətdiyi ifadədir. -
"Erməni görür" çətirdir. Vicdanı olmayanın əlində tutduğu çətir. Çətirlər yağışdan, gündən qorunmaq, yəni, yuxarıdan gələnləri dəf etmək üçündür. Bu çətir isə aşağıdan yuxarıya qalxmamaq üçün icad edilib.
Müharibədən söz salanda aşağıladığınız, qorxub qaçdılar dediyiniz, ki düşünürəm, orduya icazə verilsə idi, bu problem kökündən həll oluna bilərdi, erməni görsə nə olar, görməsə nə? Ümumiyyətlə, ermənidən niyə bu qədər qorxurulur? Böyükdü, güclüdü, nədi? Rusiyadan qorxmayan, Putini cani adlandıran, Xomeynini lağ yerinə qoyanlar, ermənidən qorxur? Düşməndir deyə? Belə bir el deyimi var, fahişənin qeyrətə gəlməyindən qorx. Bu da mənim icadım olsun - Buqələmunun prinsipiallığıdan qorx.
Deyir, şüşəni sındırıblar, dövlət malına zərər veriblər. Haqlı iraddır. O şüşə sındıran, haqqını tələb edən oğlanlar, dünən, bu gün, sabah igid, qəhrəman, torpaqları canları, qanları bahasına işğaldan azad etdi dediyiniz həmin əsgərlər deyildi? Onlar da sınıq-sınıqdır. Birinin gözü sınıb, birinin ayağı, başqa birinin qolu. Biri itirib gəlib - əl, ayaq, biri artıqla qayıdıb - qəlpə. Müxtəlif adlar adı altında pulun vermisiniz deyə, kəsilib atılmalıdır?
Bu "toyuq əvvəl yaranıb, yoxsa yumurta" tapmacası deyil. Dövləti yaradan insan (lar)dır - xalq, millət adı altında. Dövlət insana (vətəndaşına) xidmət, qulluq etməlidir. Düşünürəm ki, vətəndaşlar artıqlaması ilə xidmətini edir. Bizdə dövlət işinə girənlərin hamısı "qulluqçuluğunu" unudur, içlərindən bir canavar çıxır.
Müharibə vaxtı yazırdım ki, hazır olun, travmalı adamlar gələcək. Türkiyəyə 5-10 nəfəri aparıb "YAŞAT"maq problemin həlli deyil. Əsil problemlilər hər gün gördüyümüz, bəzən fikir vermədiyimiz başı travmalılardı.
Son vaxtlar ən çox eşitdiyim bəzən özümün də işlətdiyim söz "bezmişəm"dir. Nə qədər, hara qədər? Malalamaq, ört-basdır etmək problemin həlli yolu deyil, əksinə dərinləşməsinə xidmət edir.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.