Hərbçilər Baş nazirin qərarına etiraz edir: - “Onların hərbidən anlayışı var?”

9-06-2022, 16:21           
Hərbçilər Baş nazirin qərarına etiraz edir: -
Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli Qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərara əsasən, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli Qərarında 7-ci hissəyə “dəstələrinin” sözündən sonra “, Azərbaycan Ordusunun əməliyyat (komando) briqadalarının” sözləri əlavə edilsin.

Həmin Qərarla təsdiq edilmiş 7 nömrəli əlavə - “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələrinin ərzaq payı Normaları” üzrə, “Qeydlər” hissəsinin 1.1-ci bəndinə isə “qüvvələrinin,” sözündən sonra “Azərbaycan Ordusunun əməliyyat (komando) briqadalarının,” sözləri əlavə edilsin. Qeyd edək ki, Baş nazirinin bu qərarı həbçilərin etirazına səbəb olub. Onlar sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edərək qərarı tənqid ediblər. Teref.az xəbər verir ki, bununla bağlı Cebhe.info-ya açıqlama verən ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bu qərara çox təəccübləndiyini etiraf edib:

“Bu qərarı hazırlayan və Baş nazirə təqdim edən şəxslərin ümumiyyətlə, hərbidən anlayışları var? Çünki orada Azərbaycan Silahlı Qüvvələri və Daxili İşlər Nazirliyi ayrılıqda qeyd olunub. Başa düşmürəm, Daxili İşlər Nazirliyi artıq Silahlı Qüvvələr sayılmır? Belə sənədlər həm Baş nazirin imicinə xələl gətirir, həm də cəmiyyətdə çaşqınlıq yaradır. Belə çıxır ki, bu sənədi hazırlayanlar Azərbaycan dilini mükəmməl bilmirlər”.

O, bu qərarı absurd adlandırıb:

“Ümumiyyətlə, ərzaq təminatı bütövlükdə Silahlı Qüvvələrə və xüsusi rütbəlilərə aid olan məsələdir. Düşünürəm ki, ciddi işlərlə məşğul olmaq lazımdır. Artıq neçə aylardır biz bu məsələni gündəmə gətiririk ki, 2013-cü ildən hərbi qulluqçulara ərzaq əvəzinə verilən pul kompensasiyasının miqdarı 128 manatdır. Amma 2022-ci ildə bu rəqəm 200 manatı belə keçib. Bizim müraciətlərimiz diqqətdən kənar qalır və belə bir absurd qərar imzalanır. Öz də qərarın da nömrəsi 222 kimi yadda qalan bir rəqəmdir. Mən şəxsən Baş nazirin yerində olsaydım, elə bu gün həmin şöbəni ləğv edərdim. Ümumiyyətlə, o sənədi imzalayan şəxsin dövlət qulluğunda işlə təmin olunmasını qadağan edərəm. Açsınlar qanuna baxsınlar. Silahlı Qüvvələrin tərkibinə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Daxili Qoşunlar, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi və digərləri daxildir. Ona görə də hərbi qulluqçular bu işə etiraz edirlər”.

Üzeyir Cəfərov deyib ki, qərarda komanda qüvvələri başqa bir qurum kimi göstərməyə çalışılır:

“Məgər komanda qüvvələri Kənd Təsərrüfatı və yaxud Mədəniyyət Nazirliyinin tərkibindədir? Nəzərə almaq lazımdır ki, komanda qüvvələri Müdafiə Nazirliyinin, o cümlədən də Daxili İşlər Nazirliyinin daxili qoşunlarının tərkibindədir. Bu, bir daha qeyri-peşəkarların idarəetmə strukturlarına doluşduğunu göstərir. Axı bu nə sənəddir, bu nə biabırçılıqdır? Mən şəxsən 25 il hərbi xidmətdə olan peşəkar hərbçi kimi bu sənəddə nə deyilmək istədiyini başa düşmədim. Sadəcə yeni normalar var. Tutaq ki, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarının ərzaq təminatında müəyyən dəyişikliklər olub. Bunu götürüb Baş nazirin imzası ilə bir qərar kimi vermək nədir? Adam o sənədi oxuyanda xəcalət çəkir. Belə bir əndrabadi vəziyyətin yaranmasına təəccüblənirəm”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.