Universitetdə “şortik” qadağası müzakirələri və ilginc rəylər

10-06-2022, 08:44           
Universitetdə “şortik” qadağası müzakirələri və ilginc rəylər
Azərbaycan Tibb Universitetinin kitabxanasından istifadə edəcək tələbələrə geyimlə bağlı qadağa qoyulub. Qeyd edilib ki, ictimai qaydalara uyğun olaraq, kitabxanaya qısa şalvarda (şortik), maykada gəlmək qəti qadağandır. Bu qadağa sosial şəbəkələrdə müzakirələrə və etirazlara səbəb olub. Universitetdə təhsil alan tələbələr rəhbərliyin kitabxananın maddi-texniki bazasını yeniləmək əvəzinə, bu cür mənasız “yeniliklər” etməsini pisləyiblər.

Universitetin mətbuat katibi Günel Aslanova açıqlama verib. O qeyd edib ki, tələbələrin çoxsaylı müraciətləri nəzərə alınaraq, ATU-nun kitabxanası may ayından etibarən 24 saatlıq rejimdə fəaliyyət göstərir: “Bu o deməkdir ki, gecə saatlarında da ziyarətçilərimiz olur. Tələbələrin kitabxanaya qısa şalvarda, şortikdə və maykada gəlməmələri qeyd olunub. Bu, tamamilə normal bir tələb olub, etik qaydalara dəvətdir. Hamımız yaxşı bilirik ki, hətta adi ictimai yerlərdə də geyimlə bağlı yazılmış və yazılmamış tələblər, qaydalar mövcuddur. Bu, insan cəmiyyəti üçün tamamilə təbii, gündəlik bir məsələdir. ATU isə bir təhsil müəssisəsidir və daxili nizam-intizam qaydaları var. Bu qaydalara uyğun olaraq müəyyən məsələlərin tənzimlənməsi tamamilə normal haldır. Eyni zamanda universitet rəhbərliyinin tələbələr və onların valideynləri qarşısında bir öhdəliyidir.

Qeyd edim ki, bu elanın ortaya çıxmasına da elə tələbələrin öz istək və iradları səbəb olub. Belə ki, bir neçə xanım tələbəmiz kitabxana rəhbərliyinə müvafiq müraciət edib. Yəni bir tələbənin geyim tərzinə digər tələbələrin haqlı etirazı varsa, bunu necə görməzdən gəlmək olar? Bu məsələdə qeyri-adi və şişirdiləsi heç nə yoxdur. Təsəvvür edin ki, tələbələrin dərsə davamiyyətinə nəzarət olunması nə qədər adi bir məsələdirsə, geyimə nəzarət də eynilə adi bir məsələdir. Onu da yada salım ki, dünyanın ən inkişaf etmiş, ən demokratik və azad sayılan ölkələrində belə, ictimai yerlərdə, iş yerlərində, o cümlədən təhsil müəssisələrində geyimlə bağlı tələblər mövcuddur. Və heç kim də buna təəccüblü bir məsələ kimi yanaşmır".

Digər ali məktəblərdə də belə bir qayda mümkünmü? Tələbə necə geyinməlidir? Xaricdə necə geyinirlər?

Nuran Abdullayev

Köln Universitetinin alimi: “Şortik-maykada kitabxanaya gələn dostlarım var ki, bu gün elm mərkəzlərində rəhbərdirlər”

Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri, radiologiya və neyroradiologiya sahəsində dünyada bir çox ilklərə imza atan gənc həkimlərdən olan tibb elmləri doktoru, dosent Nuran Abdullayev mövzu ilə bağlı “Yeni Müsavat”a bunları deyib: “İlk olaraq onu bildirmək istəyirəm ki, ümumiyyətlə, qısa şalvar və ya şortik geyinmək etik qaydaları pozmaq demək deyil. Dünyanın hər bir yerində fərqli dövlət qurumları və ya rəsmi tədbirlər var ki, daxili nizamnamələrə və ya protokol qaydalarına əsasən, orada rəsmi geyib tələbi var və bu, başa düşüləndir. Amma tələbələrin gündəlik istifadə etdiyi kitabxanada da o qurumlarda və rəsmi tədbirlərdə olan protokol qaydalarına üstünlük vermək və rəsmi geyim tələbi qoymaq tələbələrin müəyyən formada sərbəstliyinə məhdudiyyət qoymaq deməkdir ki, bu da fərqli cəmiyyətlərdə fərqli cür qarşılanır. Qısa olaraq onu deyə bilərəm ki, mənim qısa şalvarda, şortikdə və hətta maykada da kitabxanaya gələn dostlarım var ki, bu gün onlar tibb sahəsində çox ciddi uğurlara imza atıblar və Almaniyanın, Amerikanın fərqli elm mərkəzlərində aparıcı mütəxəssis və rəhbərdirlər. Əsas olan tədris müəssisəsində verilən təhsilin səviyyəsidir, kitabxanadakı kitabların səviyyəsidir və o yuxarıdakı geyimə müraciət edənlərin daxili tərbiyəsidir. Tələbəsinə geyiminə görə qiymət verən hər hansı ali təhsil müəssisəsi bilməlidir ki, böyük şəxsiyyətlər yetişdirmək istiqamətindəki strategiyasının əsasında ciddi problem var. Onları təcili düzəltmək mütləqdir və bu gün onun zamanıdır, sabah isə artıq gecdir”.

Təhsil eksperti Kamran Əsədov isə deyib ki, “Təhsil haqqında” Qanuna görə, orta məktəblərdə ümumi şagird geyimi var: “Ancaq bundan əlavə də qız uşaqları saçlarına ağ bant vurmalı, oğlanlar isə saçlarını tez-tez kəsdirməlidir. Qızımın saçını hörməsəm, məktəbə getmək istəmir, deyir müəllimlər danlayırlar. Ali məktəblərdə isə geyim normaları və konkret standartlar yoxdur. Orta məktəblərdə olduğu kimi, ali məktəblərdə ümumi geyim tələb edilməsi mümkün deyil. Yalnız bu, xüsusi təyinatlı, hərbi təhsildə ola bilər. Buna baxmayaraq, tələbələr də çalışmalıdır ki, ətrafdakı insanlara, mühitə, tələbələrə pis təsir edən formada universitetə gəlməsin. Məsələn, çox çılpaq formada geyinib, dərsdə oturmasınlar. Əks halda, uzun, qısa, şortiklə, saqqallı, saçı uzun, ya da qısa universitetə gəlməsi hər kəsin şəxsi işidir. Çünki dərsə normadan kənar geyinib gələn tələbənin fikri dərsdən yayındığı üçün digərlərinin də fikirlərinin yayınmasına zəmin yaratmış olur. Belə halda, universitet artıq elm ocağından daha çox bayağı bir yerə dönür. Əlbəttə, bu məsələdə ciddi olmaq lazımdır. Universitet tələbələri səliqəli geyinməli, normal geyim mədəniyyətini qorumalıdırlar”.

Təhsil eksperti: “Şortiklə, saqqallı, saçı uzun, ya da qısa universitetə gəlməsi hər kəsin şəxsi işidir”

Ekspert qeyd edib ki, tələbə təhsil aldığı üçün universitetə təhsil haqqı ödəyir və heç bir halda, onunla imzalanmış müqavilədə göstərilməyib ki, o, hansısa formada universitetə və ya onun kitabxanasına gəlməlidir: “Dikdaban ayaqqabı ilə təhsil prosesində iştirak etməmək absurd məsələdir. Bu, təhsil alanların təhsil hüququnun tapdalanması kimi qiymətləndirilə bilər. Amma hər bir şəxs - tələbə, müəllim - geyimində məsuliyyət hiss etməlidir. Tələbənin tələbə, müəllimin müəllim geyimi olmalıdır. Əks halda, müəyyən problemlər yarana bilər. Bu baxımdan, birdən-birə qadağalar qoymaq düzgün deyil. Əvvəla, tələbələrin bir çoxu evdən aldığı pulu toplayıb bir paltar alır. Və bu adam dərsə gəldiyi zaman qadağalarla qarşılaşanda başqa paltar almağa pulu çatmır. Əgər geyimlərlə bağlı tələblər olacaqsa, ən azından yarım il öncədən universitetdə işlər aparılmalıdır. İnsanlar həm mənəvi-psixoloji, həm də maddi cəhətdən hazır olmalıdırlar. Yəni kəskin olaraq qərar qəbul etməyi doğru hesab etmirəm. Lakin tədris müəssisəsi üçün bir mühit vacibdir. Çünki hər bir insanın davranışını formalaşdıran üç əsas amil var: mühit, aldığı informasiyalar və üstünlük verdiyi dəyərlər. Əgər gənclər tələbədirsə, onların həyatında təhsil aparıcı rol oynamalıdır. Qalan məsələlər tədris prosesindən kənardır. Ona görə də insanları tədrisə, təhsilə yönləndirə bilən mühit önəmlidir. Bir-biriləri ilə geyimlər üzərindən yarışmaq, dəblə ayaqlaşmaq və sairə kimi amillər tələbələrin psixologiyasında mənfi rol oynayır və təhsil prosesinə birbaşa neqativ təsir edir. Bu baxımdan prinsip etibarilə, ali məktəblərdə təhsil mühitinin yaranmasını vacib hesab edirəm. Amma kəskin şəkildə qərarların qəbul edilməsinin əleyhinəyəm”.

Əsədov qeyd edib ki, “Müəllim və tələbələrin etik davranış”qaydaları hazırlanmalıdır: “Orada müəllimlərin, tələbələrin geyimi, saqqal saxlanması, telefonla bağlı məsələlər əks olunmalıdır. Müəllim və tələbələr üçün xüsusi geyim olmasa da, bəzi tənzimləmələr olmalıdır. Universitetlər özlərinin daxili qaydalarına istinad edərək tələbələrin hüquqlarını pozurlar. Onların bu cür hərəkətləri “Təhsil haqqında” Qanuna ziddir. Ali təhsil müəssisələrinin daxili qaydalarına əsaslanaraq tələbələrin saç-saqqal saxlamasına müdaxiləsi mümkün deyil. Hər bir tələbənin geyimi və saç-saqqalı onun özünün seçimidir. Universitetlərin bu məsələdəki müdaxiləsi yolverilməzdir. Düzdür, hər bir universitetin nizamnaməsinin 1.7-ci bəndinə əsasən, universitetdə təhsil alanların geyim formasını Elmi Şuranın qərarı ilə müəyyən etmək hüququ vardır. Amma bu o deməkdir ki, geyim forması müəyyən olunarkən təhsil alanların hüquqları və təhsil almaq hüquqları tapdanmamalıdır. Eyni zamanda ali təhsil müəssisələrinin daxilində təhsil alan və təhsil verənlərin münasibətləri təhsil alanların daxili intizam Qaydaları ilə tənzimlənir. Yəni universitetlər daxili işlərində müstəqildirlər, amma bu zaman qanunvericilik aktlarına əməl etməyə borcludurlar. Qadağalar təhsilin inkişafı üçün, keyfiyyətinin yüksəldilməsi üçün olmalıdır və bu, əsaslandırılmış olmalıdır, nəzəriyyə ilə yox. Ola bilsin ki, “Təhsil haqqında” Qanunda hansısa məsələlərə toxunulmayıb. Əgər bu məsələ ilə bağlı qanunda heç nə qeyd edilməyibsə, bu o demək deyil ki, universitetlər daxili qaydaları ilə məsələləri istədikləri kimi tənzimləyə bilər. Bu hal tələbələrin hüquqlarını pozmaqla bərabər “Təhsil haqqında” Qanunun da demədiyi sözü deyir. Dolayısı ilə, qanundan kənar addım atılır.

Oksford Universiteti haqqında maraqlı bir yazı oxumuşdum. Orada qeyd olunurdu ki, universitetə kənardan baxanda tələbələrin əksəriyyətini oxşar geyimdə görürsən. Hətta onların davranışı belə bir-birinə bənzəyir. Standart tələbə davranışı, imici, geyimi, çantaları var. Bizdə isə xaotik vəziyyət hökm sürür. Saqqal saxlamaq, xoşagəlməz geyimlər geyinmək intizamsızlıq əlamətidir. Hesab edirəm ki, bizə tələbənin forması deyil, məzmunu lazımdır. Forma isə məzmuna çox cüzi, üstəlik, uzun müddətdən sonra təsir edə bilər. Məsələn, biz özümüz də cəmiyyət olaraq, formaca avropalıyıq, düşüncəmiz isə hələ də şərqli təfəkkürüdür. Tələbələrin saqqal saxlaması, geyimi, davranışı kimi məsələlərdə optimal variantı tapmaq üçün sosioloji tədqiqat aparmaq vacibdir. Tək tələbələrin deyil, əhalinin də fikrini öyrənmək lazımdır".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.