Nazirlik əmin etdi: Bu il taxılımız...

11-06-2022, 00:08           
Nazirlik əmin etdi:
Azərbaycanda ötən gün taxıl biçininə start verilib.

Bu il ölkədə 1 milyon 019 min 934 hektar sahədə payızlıq taxıl əkini aparılıb.

Əkin sahələrinin 606 min 338 hektarını buğda, 413 min 596 hektarını isə arpa sahələri təşkil edir. Hazırda Azərbaycanın 38 rayonunda arpa biçini aparılır.

Aran rayonlarında arpa biçininin optimal müddətdə başa çatacağı gözlənilir.

İyunun ikinci ongünlüyündə isə bu bölgələrdə buğda biçininə start veriləcək.

İyunun 9-na olan operativ məlumata görə, biçin prosesinə 986 taxılbiçən kombayn cəlb olunub.

Aktiv biçin prosesində “Aqroservis” ASC-nin yerli bölmələrinin 417, fiziki və hüquqi şəxslərin isə 569 kombaynı iştirak edir.

“Aqroservis” ASC tərəfindən biçin gedən rayonlara hazırda biçin aparılmayan dağətəyi və dağlıq ərazilərdə yerləşən bölmələrdən əlavə kombaynlar dislokasiya olunub.

Maraqlıdır, bu il Azərbaycanda nə qədər taxıl biçilməsi gözlənilir?

Cebhe.info-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, konkret rəqəmlər barədə məlumat verə bilməsə də, məhsuldarlığın əvvəlki illərdən çox olacağı gözlənilir:

"Əslində kiçik sahələrdə biçin 1 həftə öncədən başlanılıb. Dünəndən kütləvi biçinə start verilib. Bizim gözləntimiz məhsuldarlığın yüksək olmasıdır. Bütün proseslər iyulun əvvəlində başa çatacaq. Biz də məhsuldarlığın 2019, 2020 və 2021-ci illə müqayisədə daha artıq olacağını gözləyirik.

Bu günə qədər biçin aparılan 38 rayonun heç birində hər hansı bir çatışmalıqla bağlı məlumat qeydə alınmayıb. Nə olsa, yerində həll edəcəyik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.