Kiyevi bombalamaq, Zelenskinin ofisini vurmaq...- Putin nəyə hazırlaşır?

11-06-2022, 09:52           
Kiyevi bombalamaq, Zelenskinin ofisini vurmaq...-
Solovyov və dəstəsi demək olar ki, hər gün Müdafiə Nazirliyini Kiyevi, ümumiyyətlə, Ukraynanı darmadağın etmədiyini üçün tənqid edir

Ukraynaya xaricdən verilən uzaqvuran toplar(haubits) özünü göstərməyə başlayıb. Bir neçə gün əvvələ kimi Rusiyanın nəzarətinə keçən "dərin arxa cəhbə" hesab olunan məntəqə və şəhərlər artıq hədəfə çevrilib. Yaxın günlərdə ABŞ Ukraynaya 80 km-ə qədər məsafəni vuran M142 HIMARS mobil reaktiv yaylım atəşi sistemlərini də göndərəcək.

Ötən həftəsonu Rusiya prezidenti ABŞ-ın Ukraynaya uzaqmənzilli hədəfləri vura biləcək ağır silahlar verəcəyi təqdirdə nələrin baş verəcəyi ilə bağlı anons edib: "Bundan müvafiq nəticə çıxarıb, hələ silah tətbiq etmədiyimiz obyektləri vuracağıq." Düzdür, Putin həmin müsahibəsində zenit-raket komplekslərinin cəbhədəki vəziyyətə ciddi təsir etməyəcəyini də demişdi. Aydındır ki, belə bir bəyanat Rusiya vətəndaşlarını və həmsərhəd rayonlarını, o cümlədən "DXR", LXR" və Xerson və Zaporojye vilayətlərinin sakinlərini sakitləşdirmək məqsədi daşıyırdı. Amma son günlər cəbhədə vəziyyət xüsusi dəyişməsə də, separatçı bölgələrdə dağıntılar da, mülkü əhali arasında itkilər də artıb.

Maraqlıdır ki, Putin sözügedən müsahibədə artıq tanış olan "qərar qəbuletmə mərkəzlərini vuracağıq" ifadəsini işlətmədi, daha qeyri-müəyyən danışdı. "Silah tətbiq etmədiyimiz obyektlər..." Bu fərq sırf linqvistikdirmi? Hələlik, bu sual olaraq qalır. Putin Qərbə yönəlik açıqlamalarında həmişə olduğu kimi, mümkün qədər qeyri-müəyyən danışır, bəlkə də, ona görə ki, Qərb onun nə demək istədiyini özləri düşünsün. Lakin aydındır ki, "Putin haranı vurmaq istəyir?" sual olaraq çox uzun müddət cavabsız qalmayacaq...

Teref.Az musavat.com-a istinadən bildirir ki, bəs, Rusiya hansı obyektləri vura bilər? Niyə əvvəl onları vurmayıb? Yada salaq ki, əvvəllər də Ukraynaya "qərarvermə mərkəzlərini vurmaq" təhdidlərini eşitmişik. Apreldə Müdafiə Nazirliyinin sözçüsü general İqor Konaşenkov Rusiya ərazisinin bombalanmasına görə qisas alacaqlarını bildirmişdi. Daha sonra bu barədə Təhlükəsizlik Şurasının müavini Dmitri Medvedyev də danışdı. Bununla belə, Rusiyanın sərhəd ərazilərində partlayışlar davam edir, Kiyevdəki "əsas qərar qəbuletmə mərkəzlərini" isə Rusiya hədəfə almır. Prezident Vladimir Zelenski də artıq çoxdan bunkerindən çıxıb, özünü paytaxtda kifayət qədər inamlı hiss edir.

Yəqin ki, Rusiya komandanlığı nəzərə alır ki, Ukrayna prezidentinin ofisinin yerləşdiyi binaya hücum Kiyevin hərbi potensialına az təsir göstərəcək, lakin çox güman ki, sıravi işçilərin ölümünə səbəb olacaq. Mülki əhalinin ölümü beynəlxalq ictimaiyyət tərəfindən ümumiyyətlə, orduya hücumlardan daha mənfi qarşılanır.

Zelenskinin özünün yerini dəqiq müəyyən etmək o qədər də asan deyil və onun yaralanması və ya ölümü də dünyada eyni əks-effekti yaradacaq. Bu vəziyyət isə Moskvaya qarşı informasiya müharibəsini daha da qızışdıra bilər. Ola bilsin, Putin Ukrayna ərazisinə Qərbdən gələn silah təchizatı ilə məşğul olan nəqliyyat infrastrukturu obyektlərinə daha intensiv zərbələr vurulacağını nəzərdə tutsun.

Rusiyanın hərbi və radikal mövqeli ekspertləri isə daha sərt tədbirlər görülməsinin tərəfdarıdırlar. Solovyov və dəstəsi demək olar ki, hər gün Müdafiə Nazirliyini Kiyevi, ümumiyyətlə, Ukraynanı darmadağın etmədiyini üçün tənqid edir. Məsələn, "biz niyə nəhayət, Bankovaya küçəsini vurmayaq?" deyirlər. Hətta təəssüflənirlər də: "Təbii ki, gözəl memarlıq abidəsidir, heyf, amma başqa çıxış yolu nədir?" Daha və ən vacib suallardan biri də budur...

ABŞ-ın yeni həvəslə Ukraynanı silahlandırmasının bir səbəbi də cəbhədə Rusiyanın irəliləməsinin qarşısının alınmasının çətinliyidir. Bayden üçün indi ən aktual daha bir vəzifəsi isə nəyin bahasına olursa-olsun sülhdən danışan, münaqişənin uzanmasından qorxan və narahat avropalı müttəfiqlərinin panikasını sakitləşdirməkdir.

Keçən həftə Avropa liderləri, deyəsən, özlərinə gəldilər və Rusiyanın tanker neftinin tədarükünə embarqo qoymağa razılaşdılar. Almaniya isə Ukraynaya güclü hava hücumundan müdafiə sistemləri və tanklar verməyə razılaşdı. Amma Rusiya ilə Qərb arasında qarşıdurmanın da, Ukraynanın da gələcəyi çox dumanlıdır.

Son günlər Ukraynanın qəhrəman müdafiəçilərinin inadkar müqaviməti ilə bərabər həyəcanlı xəbərlər də artıb. "Cəbhədə vəziyyət ağırdır. Hər gün yüzə qədər hərbçimizi itiririk, 500-ə qədər isə yaralanır". Bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov dünən bəyan edib... Baydenin "demokratiyaya dəstək veririk" dediyi müharibə daha çox Koreya müharibəsini xatırladan uzun və yorucu "ətçəkən maşın" mərhələsinə keçir. İndi daha çox adam Ukrayna müharibəsini "həll olunacağına ümidi olmayan sonsuza qədər uzanacaq münaqişə" adlandırırlar.

İndiki vəziyyətdə Amerika prezidenti "bu münaqişənin necə bitəcəyinə yalnız ukraynalılar özləri qərar verə bilərlər" deməklə gələcək məsuliyyətdən yayınmaqdan çalışır. "Sonuncu ukraynalıyadək vuruşmaq" deyənlər də axı onlardır...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.