BMT-dən ilginc hesabat və Lavrovun “yol xəritəsi” - NƏ BAŞ VERİR?

11-06-2022, 09:22           
 BMT-dən ilginc hesabat və Lavrovun “yol xəritəsi” - NƏ BAŞ VERİR?
Başa çatmaqda olan həftə həm də Rusiya XİN başçısı Sergey Lavrovun Türkiyə-Ermənistan marşrutu üzrə səfəri ilə yadda qaldı. Gözlənildiyi kimi, tərəflər Güney Qafqaz, Bakı-İrəvan sülh prosesi, Ankara-İrəvan dialoqu ilə bağlı mövzuları da müzakirə elədilər. Lavrov və həmkarı Mövlud Çavuşoğlu, təbii ki, Ukrayna gündəmi ətrafında da geniş fikir mübadiləsi apardılar.

Müzakirələrin nə dərəcədə məhsuldar olduğunu isə yəqin ki, bir qədər sonra biləcəyik. Türkiyədə yaşayan tanınmış azərbaycanlı politoloq Toğrul İsmayıla görə, Çavuşoğlu və Lavrov arasında Qarabağ məsələsinin müzakirəsi prosesin müsbət istiqamətdə inkişafına təsir edə bilər.

“Çavuşoğlunun Qarabağla bağlı mövcud problemlərin yaxın zamanda öz həllini tapmasını istədiklərini bəyan etməsi Türkiyənin bu məsələyə verdiyi diqqətin təzahürüdür. Çünki Qarabağ məsələsi ümumi regionun təhlükəsizlik arxitekturası ilə bağlıdır və problem həll edilmədikcə risklər mövcud olacaq. Ləng də olsa, bu məsələ ilə bağlı irəliləyişlər var. Hər görüş də yekun sülhə gedən yolda növbəti addımdır. Lavrov Türkiyədən sonra Ermənistana səfər edib. Görüşlərin nəticələri isə yaxın zamanda özünü göstərəcək”, - deyə o qeyd edib.

*****

Lakin Rusiya baş diplomatı da İrəvana ayaq basar-basmaz Ermənistan rəhbərliyi yenə “timsah göz yaşları” ilə Moskvaya Azərbaycandan şikayət edib, Bakını sülh prosesinə xələl gətirməkdə suçlayıb. Yəni öz mənfur adlarını yenə bizə qoymağa çalışıblar.

“İrəvan ümid edir ki, Rusiya sülhməramlı kontingenti martın 24-də Ermənistanın Parux (Fərrux - red.) kəndini Azərbaycan Silahlı Qüvvələrinin ”işğalı nəticəsində pozulmuş" (dırnaqlar bizimdir - red.) 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla müəyyən edilmiş “status-kvonu” bərpa edə biləcək".

Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Lavrovla keçirdiyi brifinqdə deyib.

Rusiya XİN rəhbərinin buna reaksiyası məlumdur. Lavrov həmçinin bildirib ki, Azərbaycan və Ermənistan arasında avtomobil nəqliyyatı dəhlizinin koordinasiyası Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində həyata keçirilir və yekun mərhələdədir. Qeyd edib ki, dəmir yolu marşrutu razılaşdırılıb, hazırda avtomobil marşrutunun əlaqələndirilməsi və yaradılacaq nəqliyyat dəhlizinin iş rejiminin razılaşdırılması işləri yekunlaşmaqdaır.

“Bu, sadələşdirilmiş rejim olacaq. Lakin tamamilə Ermənistan ərazisinin suverenliyinin tanınmasına əsaslanacaq və burada heç bir qeyri-müəyyənlik ola bilməz”, - Lavrov əlavə edib. Yəni ki, o, koridor məntiqini rədd edərək, sadə yoxlanış rejiminə işarə vurub.

*****

Xatırladaq ki, 10 noyabr kapitulyasiya haqda sazişin 9-cu bəndində deyilir: “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz (!! - red.) hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Başqa sözlə, Ermənistan Zəngəzur dəhlizinə heç bir əngəl yarada bilməz. Əks halda, Azərbaycan Laçın dəhlizində də eyni rejimi tətbiq edəcək.

“Bizdə ümumi anlayış var ki, proses gedir. Əlbəttə ki, prosesin daha sürətli templə getməsini istərdik. Lakin buna baxmayaraq, proses gedir, qısa müddət ərzində müsbət nəticələr əldə olunub”.

Bunu da İrəvandakı brifinqdə Lavrov Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi haqda danışarkən söyləyib.

“Şübhə yoxdur ki, yekun razılaşma əldə olunacaq. Biz çalışırıq ki, buna hərtərəfli kömək edək. Əlbəttə ki, tərəflərin özünəməxsus baxışları var, hansı ki, heç də hər zaman üst-üstə düşmür. Lakin tərəfdaşlarımızın bir anlayışı var ki, ali səviyyədə qəbul olunan üçtərəfli bəyanat aydın ”yol xəritəsi"dir, hansı ki, biz hamımız bunları rəhbər tutmalıyıq", - Rusiya XİN başçısı vurğulayıb.

*****

Təəssüf ki, həmin “yol xəritəsi”nin - üçtərəfli bəyanatın bir çox mühüm bəndləri elə Rusiyanın öz günahı üzündən hələ də reallaşmamış qalır. Onlardan biri Zəngəzur dəhlizi ilə kommunikasiyaların açılması ilə bağlı öhdəliklərdirsə, digəri (4-cü bənd) erməni qanunsuz silahlı dəstələrinin Rusiya sülhməramlı qüvvələrin müvəqqəti nəzarətində olan ərazimizdən çıxarılması haqdadır.

Əlbəttə ki, bütün bunlar Bakı və İrəvan arasında konstruktiv dialoqun qurulması üçün minimum etimad mühitini əlçatmaz edir. Yekunda ən çox uduzan isə hələ də blokada rejimində qalan Ermənistan və onun əhalisidir.

BMT-nin srağagün açıqladığı sənəd bunu bir daha təsdiqləyir. Belə ki, BMT-nin Ümumdünya Ərzaq Proqramının “Aclıq Xəritəsi”nə əsasən, Ermənistanda yarım milyon (!), yəni 500 minə yaxın adam doyunca yemir, qida çatışmazlığından əziyyət çəkir.

Mənbəyə görə, Ermənistanın əhalisi 3 milyon nəfərdir. Eyni zamanda, son bir ayda qida çatışmazlığından əziyyət çəkənlərin sayı daha 70 min nəfər artıb. Xəritəyə əsasən, ölkədə 5 yaşadək uşaqların təxminən 4,4 faizi kəskin, 9,4 faizi isə xroniki qida çatışmazlığından əziyyət çəkir. Dünya Bankının məlumatına görə, Ermənistanda 2021-ci ildə yoxsulluq 7% artıb. 2020-ci ildə bu rəqəm 27% olub.

*****

Ermənistan rəhbərliyi isə varlı və imkanlı qonşuları - Azərbaycan və Türkiyə ilə təcili dil tapmaq əvəzinə, sülh oyunu oynamağa, “bəlkə də, qaytardılar” xəyalı ilə yaşamağa davam etməkdədir. Onsuz da bitməkdə olan qiymətli vaxtını və ona tanınan unikal, tarixi bir şansı itirməkdədir. Hələ biz təzədən bədbəxt erməni xalqının “saqqızını” oğurlamağa çalışan daşnak-revanşist tör-töküntülərini, radikal müxalifəti demirik...
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.