Təhsil Nazirliyi ilə DİM-in davasının yeni mərhələsi... - NƏ BAŞ VERİR?

13-06-2022, 08:57           
Təhsil Nazirliyi ilə DİM-in davasının yeni mərhələsi... - NƏ BAŞ VERİR?
Məktəbi “5” qiymətlə bitirən məzunların isə 69%-i attestat qiymətlərini doğrulda bilməyib.

DİM-in məlumatına görə, məktəbdə "3" alanların 96.27%-i qəbul imtahanında nəticələri çox zəif 0-200 bal intervalında olub.

Məzunlarının 20%-dən çoxu qəbul imtahanında 100 baldan aşağı nəticə göstərən bölgələrə isə Ağsu, Daşkəsən, Astara, Göygöl, Samux, Kürdəmir, Ağdaş, Ucar, Goranboy, Şamaxı, Qobustan, Saatlı, Zərdab və Naftalan daxildir.

Məzunların 69 faizinin attestat qiymətlərini doğrulda bilməməsi məktəbdə lazımi səviyyədə təhsil ala bilməməsi ilə əlaqələndirilsə də bəzi ekspertlər bunu DİM-in yaratdığı problemlərlə izah edirlər.

Qeyd edək ki, Təhsil Nazirliyi ilə DİM arasında uzun illərdir ki, davam edən anlaşılmazlıq təhsildə növbəti problemləri yaradır. Hazırkı nəticə isə hansı quruma aid olmasına baxmayaraq, nəticədə uduzan məzunlardır.

Mövcud problemdən çıxış yolu varmı? Dia.az-ın məlumatına görə, təhsil məsələləri üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirdi ki, göstərilən rəqəmlərin təhsilin keyfiyyətini tam əks etdirə biləcəyini düşünmür:

"Məsələ burasındadır ki, DİM-in keçirdiyi həm buraxılış, həm qəbul imtahanlarında istifadə olunan testlərin səviyyəsi hazırda abituriyentlərin, məzunların real bilik və bacarıqlarının səviyyəsinə uyğun təşkil olunmur. Dövlətin təhsil siyasətini həyata keçirən mərkəzi icra orqanı Təhsil Nazirliyidir.

Təhsil Nazirliyində təhsilin hər bir pilləsi üzrə qəbul edilmiş təhsil proqramlarına uyğun dərsliklər vasitəsilə həyata keçirilir. Son nəticə isə qiymətləndirmə buraxılış və qəbul imthanları vasitəsilə aparlır. Ancaq buraxılış və qəbul imtahanları isə DİM-in öz proqramları və çap etdiyi vəsaitlər əsasında aparılır. Beləliklə, ikili bir vəziyyət yaranıb. Nəticə etibarilə müəllim məcbur olur ki, övladına müəllim tutsun, kursa göndərsin. Nəticədə repetitorluq, "kölgə təhsili" gündən-günə genişlənir.

Hətta bu günlərdə təhsil naziri bildirdi ki, ölkədə kursların sayın məktəblərin sayından çoxdur və artmaqdadır. Məsələnin digər bir tərəfi isə ondan ibarətdir ki, bu gün məktəblərimizdə inam, etimad azalıb. Hər bir valideyn övladının təhsil alması üçün ilk növbədə repetitor axtarır. Onun ali məktəbə qəbul olması, yaxud növbəti pillədə təhsil almasını məktəbdə görə bilmir. Bunun üçün nə etmək lazımdır. İlk növbədə DİM-dən test və vəasit hazırlamaq səlahiyyəti alınmalıdır.

Xüsusi bir qurum, Testologiya Mərkəzi və s. yaradılmalıdır. DİM imtahanları keçirən texniki bir quruma çevrilməlidir. Bunun başqa yolu yoxdur. Nəticə olaraq tərtib olunan testlər abituriyentlərin, məzunların real biliklərinə uyğun olaraq hazırlanacaq".

Bəs o testlər necə tərtib olunacaq?

Ekspert deyir ki, Testologiya Mərkəzi TN-in milli qiymətləndirmə və yaxud da monitorinq vasitəsilə şagirdlərin bilik və bacarıqlarını yoxlayacaq:

"Məsələnin digər tərəfi isə odur ki, sınaq imtahanları vasitəsilə, DİM-lə əməkdaşlıq etməklə abituriyentlərin, məzunların real bilik səviyyəsi yoxlanılacaq. Nəticədə imtahana düşən suallar obyektiv və real suallar olacaq. Bu gün bu belə deyil, ona görə də nəticə çox aşağıdır. Nə qədər ki, biz bu problemi həll etməmişik, illərlə bu məsələni müzakirə edəcəyik".

Ekspertin fikrincə, burada məktəbin günahını heç bir halda görmək olmaz:

"Yəni sistem elə qurulub ki, valideyn övladının növbəti pillədə təhsil alması üçün əlavə pul xərcləməlidir.

O isə 2 min manata yaxın, ümumtəhsil məktəbi dövründə isə valideyn övadı üçün 20 min manat vəsait xərcləyir. Eyni zamanda da təkcə 2022-ci il üçün dövlətin təhsil büdcəsi 3 milyard 600 milyon mantdan yuxarı olub. Burada ikili balans, sosial narazılıq, sosial gərginlik yaranır. İstənilən halda bu məsələ həll olunmalıdır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.