Sapyorlar da minaya düşürsə... - Mütəxəssis xətaları, yoxsa təcrübə kasadlığı?
23-06-2022, 09:26

Keçən həftə azad edilmiş ərazilərdə ANAMA-nın iki əməkdaşı minaya düşdü. Müxtəlif bədən xəsarətləri aldılar. Daha əvvəllər də belə hallar olub. Sual yaranır: necə olur ki, sapyorlar da minaya düşür? Müharibənin bitməsindən sonra minalar səbəbindən 200-dən artıq hərbçi və mülki vətəndaşımız həlak olub və ya ağır yaralanıb.
Ermənistanın təcavüzkar siyasəti təkcə işğaldan azad olunmuş əraziləri viran qoymaqla nəticələnməyib. Eyni zamanda bu ərazilərə dinc həyatın qayıtmasını gecikdirmək, quruculuq-bərpa işlərinə mane olmaq üçün ermənilər məqsədyönlü şəkildə həmin ərazilərə on minlərlə mina basdırıblar. İşğala son qoyulduqdan sonra isə minalanmış ərazilər bölgədə əsas təhlükə olaraq qalmaqda davam edir. Azərbaycanın işğaldan azad edilmiş bölgələrində minatəmizlənmə işləri sürətlə davam etdirilir. Müdafiə Nazirliyinin məlumatına görə, azad edilmiş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində mart ayı ərzində 203 hektar ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib. İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 14 min 600 hektaradək ərazi minalardan təmizlənib. Ümumilikdə 6 min ədəddən artıq piyada əleyhinə, 2100 ədəddən artıq tank əleyhinə və 9300 ədəddən artıq partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib. Minatəmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib. Bu gün həmin ərazilərdən işğalçılar qovulsalar da, həlak olan və ya yaralanan 200-dən çox mülki şəxsin də başına gələnlərdə məhz Ermənistan dövləti məsuliyyət daşıyır.
Təkcə 2022-ci ilin aprel ayında 9 hadisə nəticəsində 10 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.
Məlumdur ki, son olaraq ötən il dekabrın 4-də Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim edib. Buna qədər verilən xəritələrin dəqiqliyinin 25 faizə qədər olması faktı Azərbaycan tərəfindən müxtəlif platformalarda dəfələrlə bəyan edilib. Bu isə göstərib ki, Ermənistan tərəfi ərazilərin minalardan təmizlənməsində maraqlı deyil, əksinə, sözügedən təhlükənin regionda mövcud olmasında maraqlıdır. Qeyri-dəqiq xəritələr, ağır texnikanın keçmədiyi ərazilərdə, məsələn, meşələrdə tank əleyhinə mina “tələlərinin”, ölüm ehtimalını artıran “mina-sürprizlərin” quraşdırılması Ermənistanın dövlət səviyyəsində mina terroru həyata keçirdiyini bir daha sübut edir. Bir sözlə, regiona dinc həyatın qayıtmasını, ərazilərdə aparılan quruculuq işlərini gecikdirən mina təhlükəsi İrəvanın məkrli siyasətinə xidmət edir. Belə olan halda Ermənistana qarşı cəza mexanizmləri işə salınmalıdır. Beynəlxalq hüquqa zidd addımlarından əl çəkməyən Ermənistana təzyiq göstərilməli, beynəlxalq ictimaiyyətin və təşkilatların sərt tənqidlərinə tuş gəlməlidir. Teref.az-ın məlumatına görə, hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a deyib ki, Azərbaycan çox azsaylı ölkələrdəndir ki, dünyada mina təmizləmə sahəsinə hələ 90-cı illərin sonlarından ciddi şəkildə start verməyə başlayıb: “Mina təmizləmə işləri Azərbaycanda həm hərbi təyinatlı, həm də humanitar təyinatlı həyata keçirilir. Hərbi təyinatlı mina təmizləmə prosesləri Müdafiə Nazirliyinin mühəndis istehkam bölmələri tərəfindən həyata keçirilir. Humanitar təyinatlı mina təmizləmə işləri isə Azərbaycanda son zamanlar yaradılan ANAMA tərəfindən icra olunub və ötən illər ərzində Agentliyin fəaliyyət istiqaməti, maddi-texniki bazası beynəlxalq səviyyəyə çatdırılıb. Lakin Vətən müharibəsindən sonra məlum olub ki, mina təmizləmə işlərinin miqyası göründüyündən daha böyük olmalıdır. Bu istiqamətdə nə hərbi, nə də humanitar minatəmizləmə qurumlarının hazırkı imkanları bunu həyata keçirməyə şərait yaratmır. Bu səbəbdən də ANAMA-nın fəaliyyəti ilə yanaşı, Silahlı Qüvvələrin digər qoşun növləri - Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin hərbi təyinatlı mina təmizləmə işlərinə, işlərinin genişlənməsinə ciddi şəkildə maliyyə vəsaitləri ayrılıb. Azərbaycan minaaxtaranlarının kifayət qədər böyük təcrübəsi var. Uzun illər ərzində xətasız işləmələri də bunu sübut edir. Sadəcə, hazırda durum bir qədər fərqlidir. Minaaxtaranlar nə qədər təcrübəli olsalar da, düşmənin Azərbaycan torpaqlarında basdırdığı minalar da daha təkmildir. Hərəkətə reaksiya verən minalar da var. Mümkündür ki, minaaxtaranlarımızın xidməti vəzifələrini yerinə yetirərkən partlayışla üz-üzə qalması da bununla əlaqədardır”.
Ekspert deyir ki, ötən il Prezident İlham Əliyev “Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Bu fərman mina təmizləmə işlərinin miqyasının daha da böyüməsinə gətirib çıxarıb: “Göründüyü kimi, Ermənistan işğaldan azad olunan Azərbaycan ərazilərində minalanmış bölgələrin xəritəsini normal şəkildə təqdim etməkdən boyun qaçırır. Düzdür, Ağdamla bağlı təqdim olunan xəritələr var, amma bu daha çox hərbi təyinatlı təmizləmə işlərinə dəstək olub. Humanitar mina təmizləmə işlərinin aparılması üçün ciddi problemlər mövcuddur. Yəni bu gün hər yaşayış məntəqəsində, qəsəbədə və digər sahələrdə minalar mövcuddur və xəritəsiz basdırılıb. Həmin minaların araşdırılıb tapılması həm böyük vəsait tələb edir, həm də zaman. Həmçinin şəxsi heyət, texniki imkanlar tələb edir. Müqayisə üçün deyim ki, hələ 1945-ci ildən, İkinci Dünya müharibəsi bitdikdən sonra müharibənin getdiyi Şərqi Avropa ölkələrində - Ukrayna, Belarus, Moldova və Rusiyanın qərb istiqamətində partlamamış minaları və digər vasitələrə hələ də rast gəlinir. Yəni mərmilərə, raket qurğularına və sair rast gəlinir. Bunun özü insan həyatı üçün ciddi təhlükə mənbəyidir. 2-cü Dünya müharibəsindən sonrakı dövrdə müəyyən texniki vasitələr yox idi. Bu gün isə həmin texniki vasitələr var, sadəcə, onlar çox bahadır və onların Azərbaycana gətirilməsi və burada istifadə olunması üçün həm canlı qüvvəyə - mütəxəssislərə, həm də texnikanın özünə ehtiyac var. Avadanlıqlara ehtiyac var. Bu fərman böyük miqyaslı mina təmizləmə işlərinin, infrastruktur layihələrin sürətlə həyata keçirilməsinə təkan verəcək. Yol, nəqliyyat, elektrik və sair işlərin həyata keçirilməsi üçün sürətli minatəmizləmə işləri həyata keçirilməlidir. Fərman bu problemlərin həllində maddi-texniki təminat və mütəxəssis ehtiyatının ödənməsinə yol açacaq”.