SEPAH-ın 50 milyarddan əli üzülür: - Rusiya Zəngəzur dəhlizinə indidən “əl qoyur”

9-08-2022, 20:58           
SEPAH-ın 50 milyarddan əli üzülür: -
Rusiya Ermənistanla İran arasında dövlət sərhədində nəzarəti gücləndirməyə qərar verib.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhədyanı İdarəsi açıqlama verib. Belə ki, artıq Ermənistanın Mehri rayonu ərazisində 5 modul tipli məntəqə quraşdırılıb. Ən çox diqqət çəkən məqam odur ki, Rusiya hərbi hissəsinin 67 ildir xidmət etdiyi Ermənistan-İran sərhədində indiyə qədər heç vaxt belə məntəqə olmayıb. Rusiya tərəfi bildirib ki, bu addım İrandan Ermənistana narkotik və psixotrop maddələrin qanunsuz keçirilməsi hallarının artdığına görə atılıb.

Maraqlıdır, Rusiya bunu İrandan Ermənistana narkotik və psixotrop maddələrin qanunsuz keçirilməsinin qarşısını almaq üçün edib, yoxsa başqa məqsəd var? TEREF-ın məlumatına görə, bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Natiq Miri bildirib ki, burada Rusiyanın müəyyən fikirləri var:

“Əlbəttə ki, bunu ilk olaraq rəsmi açıqlamada görürük. Çünki həqiqətən də bütün zamanlarda İran-Ermənistan sərhədi boyunca narkotrafik olub. Üstəlik, bu narkotrafikdən İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) illik 50 milyard dollar pul qazanır. O baxımdan, bu rəsmi açıqlamanın müəyyən qədər həqiqət yükü var. Ancaq bir şeyi də diqqətdən qaçırmaq lazım deyil.

Yəni Ermənistan-İran sərhədini də məhz Rusiya qoşunları qoruyur. 1992-ci ildən bəri Ermənistanın həm Türkiyə, həm də İranla olan sərhədlərini Rusiya ilə müqaviləyə əsasən rus hərbçiləri qoruyur. Bu gün külli miqdarda narkotikin İrandan Ermənistana köçürülməsində ilk növbədə sərhədi qoruyan rus əsgərləri məsuliyyət daşıyır. Belə çıxır ki, Rusiyanın bir hərbi missiyası digər hərbi strukturuna etimad etmir. Ona görə də burada şübhəli məqamlar var. Hətta hazırda İran-Ermənistan arasındakı narkotrafikdən öz payını almaq istəyən rus hərbçiləri də var. Düşünürəm ki, bu payın böyük bir hissəsini sərhədə nəzarət edən qüvvələr deyil, Moskvada oturan rəhbər vəzifəli şəxslər alır”.

Politoloq qeyd edib ki, Kremlin digər məqsədi gələcəkdə açılacaq Zəngəzur dəhlizini indidən öz nəzarətinə götürməkdir:

“Hesab edirəm ki, bu, müəyyən mənada hüquqidir. Çünki 10 noyabr 2020-ci ildə imzalanan Bəyannamədə də göstərilib ki, Laçın dəhlizi açılanda onun təhlükəsizliyinə Rusiyanın sərhəd qoşunları nəzarət edəcək. Üstəlik, bu sənədin altında Ermənistanın Baş naziri Nikol Paşinyanın imzası var. Ona görə də bu qoşunlarının oradakı fəaliyyətinin qarşısını almaq üçün Ermənistanın heç bir hüquqi əsası yoxdur. Rusiya isə gələcəkdə ola biləcək istənilən proseslərdə bu cür mövqe ortaya qoyur. Zəngəzur dəhlizi həssas məsələdir. Çünki o, həm də İranla həmsərhəddir. Yəni Rusiya orada gedən proseslərə və narkotrafikə rahatlıqla nəzarət edə biləcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.