İrəvana daha bir şok: - 300 min azərbaycanlıya qaçqın statusu verilə bilər

10-08-2022, 19:30           
İrəvana daha bir şok: -
“Ermənistan ərazisindən qovulmuş Qərbi azərbaycanlıların qaçqın statusunun bərpa olunması və onlara sosial güzəştlərin verilməsi ilə bağlı Milli Məclisə müraciət edilib”. TEREF xəbər verir ki, İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri Qafar Çaxmaqlı Cebhe.info-ya açılqmasında belə deyib.

Qeyd edək ki, bugünlərdə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli də qərbi azərbaycanlıların qaçqın statusunun bərpa olunması ilə bağlı oxşar təklif verib. O bildirib ki, Qərbi Azərbaycan qaçqınlarının statusu ilə bağlı qanun layihəsinə yenidən baxılmalıdır: “Bu gün bu insanlar heç bir hüquq və imtiyazlardan yararlana bilmirlər. Tarixi torpaqları uğrunda mübarizə aparmaq istəyənlər əvvəlcə özlərini qaçqın statusunda hiss etməlidirlər”.

Qafar Çaxmaqlı Əziz Ələkbərlinin təşəbbüsünü dəstəklədiyini deyib: “İrəvan Türk Cümhuriyyəti olaraq Qərbi Azərbaycandan olan qaçqınların statusunun bərpası ilə bağlı Milli Məclisə müraciət etmişik. Orada qeyd edilir ki, bu, beynəlxalq aləmə çıxmaq üçün çox vacibdir. Ermənistandan qovulan 300 minə yaxın əhalinin olması beynəlxalq səviyyədə onların haqqının müdafiəsi üçün əsas yaradır. Yəni bu, onların öz torpaqlarından qovulmasının təsdiqi ola bilər. Eyni zamanda, biz müraciətimizdə əvvəllər qaçqınlara verilmiş və sonradan ləğv edilmiş sosial güzəştlərin bərpasını təklif etmişik. Qərbi Azərbaycan İcmasının da belə addım atması İrəvan Türk Cümhuriyyəti tərəfindən təqdir olunur. Bu məsələ Azərbaycan ictimaiyyəti tərəfindən də müzakirə olunub Milli Məclisin gündəliyinə çıxarılmaqla həllini tapa bilər. Hesab edirəm ki, bu, yalnız Qərbi Azərbaycandan qovulanların problemi ilə bağlı deyil, bizim mübarizəmizin nəticə verməsi üçün lazımdır. Qaçqınların əmlak hüquqlarını beynəlxalq məhkəmələrdə müdafiə etmək üçün onların statusunun bərpası yaxşı olar. Azərbaycan dövlətinin buna diqqətlə yanaşacağına inanıram”.

Qafar Çaxmaqlı bildirib ki, qaçqınların statusunun bərpası ilə bağlı müraciətə baxılması ləngiyir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.