Rayonlarda süni un qıtlığı - narazılığı kimlər körükləyir?

12-08-2022, 09:05           
Rayonlarda süni un qıtlığı - narazılığı kimlər körükləyir?
İqtisadçı ekspert vəziyyəti şərh edir: “Anbarlarda un var, amma...”
Unun və çörəyin qiymətinin payıza doğru bahalaşacağı deyilirdi. Hətta un qıtlığı ilə bağlı proqnozlar da verilirdi. Deyəsən, payızı gözləməyə ehtiyac qalmayacaq.

Artıq neçə gündür ki, bölgələrdən şikayətlər daxil olur. Oğuz, Mingəçevir rayonundan olan sakinlər qəzetimizə bildirib ki, dükanlarda un tapa bilmirlər. Oğuz rayonundan şikayətçi Şeyda Cəbrayılova deyir ki, rayonda marketlərə un gələn kimi tez bir zamanda alınır. Rayon sakinin sözlərinə görə, məcbur olub əvvəlcədən sifariş edənlər də var: “Hətta dedilər, adama bir kisədən artıq satılmır ki, hamıya çatsın”.

Mingəçevir rayonundan olan sakin də piştaxtalarda unun olmadığını söylədi.

Qeyd edək ki, sosial şəbəkələrdə də bölgələrdə unun olmamasından gileylənən vətəndaşların sayı çoxalıb. Bəziləri bildirir ki, sahibkarlar qəsdən süni şəkildə “qıtlıq” yaradırlar ki, qiymətləri qaldırsınlar.

Bəs görəsən, həqiqətən ölkəmizdə buğda ehtiyatı bitibmi, yoxsa süni şəkildə ajiotaj yaradılır?

Onu da qeyd etmək yerinə düşər ki, aylar öncə ekspertlər qeyd edirdilər ki, qiymətlərin artması, unun qıt olacağı barədə şüarlar səsləndirmək olduqca yanlış addımdır, bu, əks-effekt verəcək. Çünki insanlar panikaya düşərək bütün mağazalardan un tədarükünü edəcək, bu da nəticədə qiymət artımına səbəb olacaq.

İqtisadçı-ekspert Eyyub Kərimov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “İlk növbədə qeyd edim ki, bu gün buğdanın qiymətinə tək iqtisadi amillər təsir etmir. Burada siyasi amilləri də nəzərə almalıyıq. Bu gün Ukraynadan ixrac üçün 18 milyon ton köhnə yığım buğda anbarlarda gözləyir. 40 milyon ton yeni buğda var. Buna baxmayaraq, BMT-nin və Türkiyənin vasitəsilə buğdanın ixracatına Ukraynanın və Rusiyanın razılığı alındı. Lakin Rusiya siyasi oyun oynayıb, Livana gedən 26 min ton buğdadan imtina etdi. Baxmayaraq ki, beş ay idi bu müqavilə bağlanmışdı. Bu niyə baş verdi? Ona görə ki, Rusiya-Livan iqtisadi münasibətləri daha sıxdır. Rusiya Livana daha uyğun qiymətə buğda təklif etmək istədi. Və Ukraynaya daha ağır zərbə vurmaq niyyəti ilə bu prosesi həyata keçirdi.

Bunu deməkdə məqsədim odur ki, bu gün qiymətlərin qalxması və yenilənməsi ajiotajının yaradılması daha çox iqtisadi yox, siyasi oyunların nəticəsində baş verir. Ajiotaj yaradaraq dedilər buğda bahalaşacaq, Hindistan birinci dedi buğda satacaq, sonra dedi satmayacaq. Sonra digər ölkələr ona qoşuldu. Qazaxıstan məhdudiyyət qoydu. Əslində bu nə üçün idi? Bu, ölkələrdə süni şəkildə qiymətin artırılması üçün atılan addım idi. Lakin həmin ərəfəni ötüb keçdik, indi biz nə görürük, bu gün dünyada buğda qıtlığının o qədər də yaranmadığının şahidi oluruq. Bizim ölkəmizdə də anbarlarda buğda var. Artıq rəsmi şəkildə topdansatış qiymətlərdə bir o qədər fərq yoxdur. Bu ajiotajların da yaranmasının səbəbi, fikrimcə, sui-istifadə halları ilə bağlıdır. Hazırda dünyada da buğda istehsalı çoxalıb. İqtisadi rəqəmlər onu deməyə əsas verir ki, yeni biçim buğdalar anbarlarda çoxalıb. Buğdalar harasa satılmalıdır, bazara çıxarılmalıdır. İdxalçılar tərəfindən buğda əldə edilməlidir. Hesab edirəm ki, buğda üçün kəskin qiymət artımı gözlənilmir. Qeyd etdiyim amillər nəticəsində buğda qıt olmayacaq. Əgər siyasi amillər və siyasi faktorların təsiri olmasa, buğdanın qiymətinin kəskin artımı gözlənilmir".

Qeyd edək ki, FAO iyul hesabatında dünyada gözlənilən taxıl istehsalı proqnozunu artırıb. Təşkilatın iyul hesabatına əsasən 2022-2023-cü il mövsümündə dünyada iyunda proqnozlaşdırılandan 7 milyon ton artır - 2 milyard 792 milyon ton taxıl istehsal olunacaq. Bu, 2021-2022-ci il mövsümündən cüzi - 0,6 faiz azdır.

FAO-nun proqnozuna əsasən yemlik taxıl istehsalı iyundakı göstəricidən 6,4 milyon ton daha çox olmaqla 1 milyard 501 milyon tona çatacaq. Lakin bu məhsulun istehsalı keçənilkindən 0,5 faiz az olacaq. 2022-2023-cü il mövsümündə qlobal taxıl istehlakı 9,2 milyon ton artırılmaqla 2 milyard 797 milyon tona çatacaq. Bu isə ötənilkindən 1,7 milyon və ya 0,1 faiz azdır. 2023-cü ildə mövsümün sonuna qalacaq taxıl ehtiyatlarına dair proqnozunu da FAO 7,6 milyon ton artırmaqla 854 milyon tona çatdırıb. Bu, indiki həcmdən 0,6 faiz aşağıdır.

FAO-nun proqnozuna əsasən bu mövsümdə taxıl ticarətinin həcmi əvvəlki aydakı proqnozdan 4,8 milyon ton çox olmaqla, 468 milyon ton təşkil edəcək.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.