İşğaldan çıxıb, “işğal”a düşürük?

12-08-2022, 15:29           
İşğaldan çıxıb, “işğal”a düşürük?
Dünən Qubad İbadoğlu facebook səhifəsində Ağdamda kvadratmetri 1250 manata mənzillərin satışa çıxarıldığını yazmışdı. Xəbərin mənbəyinə gedib fed.az saytında oxudum ki, “Park Qarabağ” adlanan 6 mərtəbəli yaşayış kompleksi şəhərin mərkəzində, məscidin yaxınlığında inşa edilir.
Əvvəl obıvatel kimi sevindim: deyəsən, şəhərsalma prosesinə ciddi girişiblər. Sonra ağlıma belə sual gəldi: “Bəs o evləri kimin torpağında tikirlər?”
Əmlak hüququ mövzusuna hələ ötən il, şəhərin baş planı təqdim olunanda “Ağıllı Ağdamın kölgəsi” adlı yazıda toxunmuşdum. Bu gün görürəm, ötənilki narahatlığım, nigarançılığım əbəs deyilmiş. Yazıda toxunduğum iki əsas məsələnin birini yazının linki ilə birgə şərhdə verəcəm, istəyən oxuyar. Burada isə məni rahatsız edən o biri ciddi məsələni diqqətinizə çatdırım.
Yazmışdım: “Ağdam məscidindən 400-500 metr aralıda 8 sotluq həyətimiz və o həyətdə ikimərtəbəli evimiz vardı. Bilirəm, dövlət vətəndaşın əmlak hüququna təminatçıdır, Azərbaycan vətəndaşının əmlak hüququ konstitusiya ilə tanınır.
Görünən odur ki, qeyri-rəsmi milliləşdirmə aparıblar. O gözəl şəhəri mənim əmlak hüququmu pozaraq tikəcəklər. Əsl sovet dönəmində olan kimi. İkinci Dünya müharibəsindən sonra şəhərlərin, kəndlərin bərpasına iki fərqli yanaşma olub. Avropanın qərbində bərpa vaxtı insanların əmlak hüququna maksimum əməl edilməsinə çalışıblar, kommunist rejiminin hakim olduğu ölkələrdə belə hüquq tanınmayıb.
Deyəsən, bizimkilər də kommunistlər kimi edirlər. Neçə adama üz tutmuşam: “Sizin torpağınızı sizdən soruşubmu şumlayır, əkirlər?” “Hə” deyən yoxdur”.
Bəlkə haqlı deyiləm?
Baş plan təsdiq olunmayıb! 6 mərtəbəli ev hansı qərarla, nəyə əsasən tikilir? Onun tikildiyi ərazidə yaşamış sakinlərdən icazəsi alınıbmı? Ümumiyyətlə, adamlara izah olunubmu ki, sənin torpağında indi dövlət əhəmiyyətli tikinti aparılır, əvəzində filan yerdə torpaq veriləcək, ev tikiləcək, yaxud kompensasiya ödənəcək?
Haqlıyam və haqqımı tələb edirəm!
Baş planda qırmızı ilə işarələdiyim təxmini ərazidə - məsciddən 400-500 metr şimal-qərbdə 8 sot torpağı, içində evi olan, yarıuçuq pilləkəni hələ də duran bu ata yurdumu istəyirəm!
Mənim əmlak hüququmu qorumaq dövlətin konstitusiya ilə vəzifəsidir!
Dövlət vətəndaşın düşməndən azad etdiyi torpağını bir də özü “işğal” etməməlidir!
Vahid Qazi
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.