ABŞ-ın Cənubi Qafqaz strategiyası - II Hissə

13-08-2022, 10:45           
ABŞ-ın Cənubi Qafqaz strategiyası - II Hissə
I hissə burada Amerikanın Cənubi Qafqaz strategiyası - I Hissə)

ABŞ-ın regionla bağlı xarici siyasətinə lobbiçilik və ideologiya böyük təsir göstərir. Hazırda Konqresdə erməni koukusuna Aşağı Palatanın (AP) sədri N.Pelosi, Senatın xarici əlaqələr komitəsinin rəhbəri B.Menendez, AP kəşfiyyat komitəsinin rəhbəri A.Şif başda olmaqla 122 senator və konqresmen daxildir. Bu isə 535 üzvdən ibarət Konqresin təxminən ¼-nin ermənipərəst deputatlardan təşkil olması deməkdir. ABŞ konstitusiyasına görə, AP sədri prezident və vitse-prezidentindən sonra ölkədə üçüncü şəxs hesab olunur, qanun aktları isə öncə Konqresin müvafiq komitələrində hazırlanır. İndiyə qədər erməni koukusu Azərbaycana qarşı 10-a yaxın əhəmiyyətli düzəliş qəbul etmişdir. Erməni diasporunun Konqresdəki mövqeləri Ağ Evi də öz xarici siyasətində Ermənistana münasibətdə diqqətli olmağa, Azərbaycana qarşı isə öz maraqlarına zidd olan yanaşmanı sərgiləməyə məcbur edir.



ABŞ Konstitusiyasına görə, prezident seçkilərində qələbə seçicilər kollegiyasının əksər səslərini toplamış şəxsə çatır. Qələbə üçün 538 səsdən 270-i toplamaq tələb olunur. Kollegiyada səslər əhali sayına uyğun ştatlar arasında bölüşdürülür. Ən çox səs (55) Kaliforniya ştatındadır. ABŞ-da erməni əsilli vətəndaşların böyük hissəsi Kaliforniyada məskunlaşıb. Qanunvericiliyə görə, ştatlarda səslərin əksəriyyətini toplamış namizəd, ştata ayrılan bütün səsləri qazanmış olur. 55 səs qələbə üçün tələb olunan 270 səs çoxluğunun təxminən ¼ hissəsini təşkil edir. Bu fakt namizədləri ermənilərin maraqlarını nəzərə almağa, seçki kampaniyası zamanı böyük vədlər verməyə məcbur edir. Eyni şəxs iki dəfə prezident seçilə bildiyinə görə bu faktor seçkilərdə qalib gəldikdən sonra da 4 ilini 8 ilə çevirmək istəyən prezidentlərə təsirini saxlamış olur.



Erməni lobbisinin tərkibində daşnakların mövqeləri çox güclüdür. Öz növbəsində daşnakların N.Paşinyan ilə ciddi ziddiyyətləri vardır. Lobbi Ermənistanın Türkiyə və Azərbaycanla sülh prosesinə mane olmağa çalışır. Yanvarın 16-da Ermənistana və separatçılara 1989-cu ildən indiyə qədər 917 mln.$ ianə etmiş “Erməni Arsax Fondunun” prezidenti H.Sasunyan N. Paşinyanın xarici siyasətini tənqid edən məqalə dərc etdi. Müəllifin fikrincə, Türkiyə Ermənistandan sülh müqaviləsi imzalamaqla Azərbaycanın ərazi bütövlüyünü qəbul etməsini, bununla da “Arsax və Naxçıvandan birdəfəlik imtina etməsini” və Zəngəzur dəhlizinə icazə verməsini tələb edir.



Diasporun Ermənistan iqtidarı ilə qarşıdurması birtərəfli deyil. II Qarabağ müharibəsi “məğlubedilməz erməni ordusu” mifi ilə yanaşı “hər şeyə qadir erməni diasporu” mifini də alt-üst etdi. N.Paşinyan separatçı rejimin beynəlxalq aləmdə tanınması ilə bağlı çağırışlar etsə də, erməni diasporu heç bir ölkəni Qarabağın müstəqilliyini tanımağa məcbur edə bilmədi. D. Trampın hakimiyyət illərinə isə Azərbaycan ABŞ-dan 200 mln.$-a qədər silah-sursat əldə etdi. Bunlar diasporun Ermənistandakı nüfuzuna güclü zərbə endirdi.



ABŞ-ın CQ-da uğurlu xarici siyasətinə və regional sabitliyə erməni lobbisi daima mane olmağa çalışırlar. Bu Bakı-Tbilisi-Qars dəmiryolunun tikilməsinə mane olmaq, qondarma “soyqırımın” ABŞ təhsil sisteminə “Armenian Genocide Education Act” sayəsində daxil olmasına, Azərbaycana hərbi yardımı, Türkiyəyə isə F-16 qırıcı təyyarələri satmağı qadağan edən 724 və 478-ci düzəlişlərin qəbuluna cəhdlərdə özünü biruzə verir.



Maraqlı müşahidə: Konqresin ermənipərəst üzvlərinin əksəriyyəti dünyada parlaq rusofob siyasətçilər kimi tanınırlar. Bu fakt, ABŞ və Rusiyadakı erməni diasporlarına bir-biri ilə uğurlu əməkdaşlıq etməsinə də mane olur. Lakin, Rusiyaya qarşı amansız olan ABŞ nədənsə Rusiyanın hərbi-siyasi müttəfiqi olan Ermənistana məhz erməni lobbisinin fəaliyyəti nəticəsində mülayim münasibət sərgiləyir.



Ümumən, erməni lobbisinin destruktiv fəaliyyəti Azərbaycanda ABŞ haqqında mənfi imicin formalaşmasına təsir göstərir. Lobbiçiliyin vaxtaşırı praqmatik siyasətə üstünlük gəlməsi ABŞ-ın qərəzsiz və etibarlı tərəfdaş olma imkanlarına şübhələr yaradıb, ABŞ-ın xarici siyasətini natamam sistem kimi qavranılmasına səbəb olur.



Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.