Qondarma “Qarabağ Rus İcması” fəallaşır - daha bir təxribat

17-08-2022, 11:45           
Qondarma “Qarabağ Rus İcması” fəallaşır -
Azərbaycanın səbri yenə sınağa çəkilir; Bordov Şuşa və Moskva bəyannamələrini oxuyubmu?..

Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazimizdən ərazi bütövlüyümüzə təhdid xarakterli siqnallar gəlməyə davam edir. Söhbət bu dəfə də Rusiyanın Azərbaycana qarşı xoş niyyətindən qaynaqlanmayan “Qarabağ rus icması” projesi və onun ətrafında cərəyan edən proseslərdən, olaylardan gedir.

Erməni saytı Novostink.ru iki gün öncə bu xüsusda yazıb: “Uzun illərdən sonra ilk dəfə pravoslav keşişi Boris Qrişin sülhməramlı kontingentlə birlikdə bölgəyə gəlib. Boris Ata Qarabağ torpağında pravoslavlığın dirçəlməsinə mühüm töhfə verib. Rus icması nəzdində ”bazar günü məktəbi" təsis edib. Məhz Boris ata İsa Məsihin doğuşu şərəfinə Qarabağda yüz ildən artıq müddətdə ilk rus pravoslav kilsəsinin tikintisinin təşəbbüskarı olub".

Qondarma “Qarabağ rus icması”nın rəhbəri, Rusiya məxfi xidmətinin əməkdaşı olduğu çoxdan məlum olan, kökəncə erməni Aleksandr Bordov isə deyib: “Qarabağ tarixən ruslar üçün doğma diyardır, 1804-1813-cü illər Rusiya-Fars müharibəsi zamanı bu torpaqları azad edən əcdadlarımız burada dəfn olunub”.

Diqqət edin, Bordov Qarabağ xanlığının Rusiya tərəfindən işğalını “işğaldan azad olunma” kimi təqdim edir. Daşdan keçən tarixi arxiv sənədləri ortada ola-ola! Sanki Qarabağ xanlığı XVIII əsrədək də Rusiya torpağı imiş! Yəni saxta “Rus icması”nın rəhbəri ən yaxın tarixi belə saxtalaşdırmaqdan çəkinmir.

Erməni mediası həmçinin yazıb: “Qeyd etmək lazımdır ki, sülhməramlı qüvvələr və rus icması Dağlıq Qarabağda yaşayan slavyanların və Rusiya vətəndaşlarının kimliyinin qorunub saxlanılmasına, rus mədəniyyətinin və pravoslav ənənəsinin möhkəmləndirilməsinə yönəlmiş bir sıra mədəni-maarifləndirmə tədbirləri də həyata keçirib. Onu da əlavə edək ki, tezliklə Qarabağ tarixində ilk dəfə olaraq Stepanakertdə (Xankəndi - red.) təsisçisi rus icmasının rəhbəri Aleksandr Bordov olan Rus Dram Teatrı fəaliyyətə başlayacaq”.

Rus icmasının faktiki mövcud olmadığı Qarabağda Rus Dram Teatrı, “bazar günü məktəbi”, daha nələr...

Göründüyü kimi, Rusiya tərəfi hər şey qırağa, prezident V.Putinin imzası duran 22 fevral 2022-ci il Moskva bəyannaməsinə zidd olaraq və ölkəmizin ərazi bütövlüyünə qarşı qəsd xarakterli “Qarabağ rus icması” layihəsini irəli aparmaqda israrlıdır. Bordovun özünün isə heç şübhəsiz, nə Moskva bəyannaməsindən xəbəri var, nə də Şuşa Bəyannaməsindən. O zaman baş verənlərə rəsmi Bakının reaksiyası nə olacaq? Azərbaycan, nəhayət, bu erməni kökənli Bordovu “qara siyahı”ya salıb axtarışa verəcəkmi və verməlidirmi?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquqşünas Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatdan sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətini tənzimləyən hər hansı bir hüquqi sənəd yoxdur: “Yəni Rusiya sülhməramlıları yalnız və yalnız sənədi imzalayan tərəf olaraq Rusiya dövlətinin tapşırıqlarını icra etməlidir. Amma çox təəssüf ki, 22 fevral 2022-ci ildə Rusiya ilə Azərbaycan arasında imzalanmış bəyannaməyə zidd olaraq sülhməramlılar hələ də ermənilərin müdafiəçiləri kimi davranırlar. Eyni zamanda Azərbaycan dövlətinin razılığı olmadan bu ərazidə hansısa mədəni, tarixi abidələrin açılması, heykəllər qoyulması ilə məşğuldurlar. Separatçı ermənilər tərəfindən bölgədə səngərlər qazılması, silahlanma prosesi Rusiya sülhməramlılarının gözləri qarşısında baş verir.

İndi də bölgəyə rus dini nümayəndələri adı altında pozucu, təxribatçı ünsürlərin gəlməsi, Rusiya xüsusi xidmət orqanlarının agenti kimi tanınan Bordovun Qarabağa səfərlər etməsi və orada özfəaliyyətlə məşğul olması təbii ki, açıq-aşkar Azərbaycan qanunlarını, beynəlxalq hüququ pozmaqdır. 22 fevralda Rusiya və Azərbaycan arasında imzalanmış bəyanatda tərəflər üzərlərinə separatism və terrorçuluğa qarşı birlikdə mübarizə aparmaq öhdəliyi götürüblər. Qarabağda erməni terrorçuları, separatçıları fəaliyyət göstərirlər və ruslar müxtəlif adlar altında onlara dəstək verirlər. Halbuki Rusiya öz üzərinə götürdüyü öhdəliyə uyğun davranmalıdır və Bordov kimi şəxslər barəsində hüquqi tədbirlər görülməlidir. Əgər Rusiya özü bu cür cinayətkar ünsürlərə qarşı tədbirlər görmürsə, onda Azərbaycan hüquqi tədbirlər görməyə məcbur qalacaq. Həmin adamlar öncə “qara siyahı”ya daxil edilə, sonra Azərbaycan ərazisindən çıxarıla bilər və sonra ölkəmizin ərazisinə buraxılmamalıdırlar. Onlar barədə cinayət işi də açılması mümkündür.

Rusiya din pərdəsi altında öz məkrli siyasətini burada tətbiq etmək istəyirsə, unutmamalıdır ki, bu cəhd onun özünə ziyan vuracaq. Azərbaycan istənilən an Rusiya sülhməramlılarının öz ərazisindən çıxması tələbini irəli sürmək hüququna sahibdir. Biz bu məsələni qaldırarıqsa, hüquq tələb edir ki, Rusiya sülhməramlıları Azərbaycan ərazisini tərk eləsin. Azərbaycanın səbri sonsuz deyil. Yeni Laçın yolu istifadəyə verilən kimi Azərbaycan orada öz nəzarət postlarını qoymalıdır və din pərdəsi adı altında rus “Ata”ların Azərbaycan ərazisinə qanunsuz daxil olmasına və faəliyyətinə imkan verilməməlidir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.