Rusiya hərbçiləriylə Laçın mövzusunda görüş keçirəcək... - AXI NİYƏ?!

19-08-2022, 09:15           
Rusiya hərbçiləriylə Laçın mövzusunda görüş keçirəcək... - AXI NİYƏ?!
Dünən Xankəndindəki separatçı-terrorçu rejimin qanunsuz "məclisi"nin qondarma müxalifət "partiya"larının üzdəniraq "deputat"ları Azərbaycan torpaqlarında müvəqqəti(!) yerləşən Rusiya "sülhməramlı" qüvvələrinin rəhbərliyinə müraciət ediblər.

TEREF moderator.az-a istinadla xəbər verir ki, bu haqda News.am məlumat yayıb.

Müraciətdə separatçı hayk "deputat"lar Rusiya hərbi kontingentinin komandanlığıyla görüşmək və Rusiyanın Ermənistandakı səfirliyinin səfir-müşaviri Maksim Seleznyovun bir gün öncə Laçın dəhlizi ilə bağlı verdiyi bəyanata münasibət bildirmələrini xahiş ediblər.

Məlumatda Rusiya hərbi kontingenti komandanlığının yaxın günlərdə separatçı erməni "deputat"larla görüşməyə və məsələyə münasibət bildirməyə hazır olduqlarını bildirdikləri iddia edilir.
Xatırladaq ki, Rusiyanın İrəvandakı səfirliyinin səfir-müşaviri Maksim Seleznyov "Azadlıq" radiosunun erməni redaksiyası -"Azatutyan"a müsahibəsində bildirib ki, Rusiya "sülhməramlı"ları yeni alternativ yol istifadəyə verilənə qədər mövcud Laçın dəhlizindən bir santimetr belə uzaqlaşmayacaqlar.

Yüksək rütbəli diplomat bəhs edilən məsələ ilə bağlı razılaşmaların mövcudluğunu və tərəflərin birbaşa təmasda olduğunu bildirib. Lakin M.Seleznyov razılaşmaların kimlər arasında və konkret nə haqda olduğunu açıqlamayıb.

“Rusiya sülhməramlıları yalnız yeni Laçın dəhlizi açılandan sonra yerini dəyişəcək. 10 noyabr üçtərəfli bəyanatında atılacaq addımlar və həmin addımların ardıcıllığı göstərilir: əvvəlcə dəhliz tikilir və o fəaliyyətə başlayan kimi Rusiya sülhməramlıları bu yolun ətrafında beş kilometrlik dəhlizi tuturlar”, - deyə Rusiya təmsilçisi vurğulayıb.

Zəruri şərh:

Sözsüz ki, haykların Rusiya "sülhməramlı"larının komandanlığıyla görüşü Azərbaycan dövlətinin Laçın "dəhlizi", yeni alternativ Laçın yolu və s. ilə bağlı artıq nəzərdə tutulmuş mövqeyinə heç bir təsir göstərə bilməz. Amma görünür, separatçı "deputat"lar "sülhməramlı"ların Laçın dəhlizini mümkün qədər gec tərk etmələrinə və sözügedən Rusiya diplomatının işarə etdiyi alternativ "dəhliz"də də Laçın rayonunun azı 6 kəndini əhatə edəcək 5 km enində ərazisinin də Rusiya hərbçilərinin nəzarətə götürməsi ilə bağlı zəmanət almağa cəhd göstərəcək...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.