““Tehran uşaqları” və yaxud “moskvalılarla” bir yerdə olmağı düşünmürük" - Akif Nağıya XOŞGƏLDİN...

19-08-2022, 10:04           
““Tehran uşaqları” və yaxud “moskvalılarla” bir yerdə olmağı düşünmürük" - Akif Nağıya XOŞGƏLDİN...
Xəbər verdiyimiz kimi, avqustun 17-də Qarabağ Azadlıq Təşkilatı (QAT) qurultay keçirərək, Azad Vətən Partiyasına çevrildi. Qurultayda Akif Nağı yeni partiyanın sədri seçildi, partiyanın proqram və nizamnaməsi qəbul edildi, Siyasi Şurası, Nəzarət Təftiş Komissiyası təsis edildi.

Lakin müşahidələrdən belə məlum oldu ki, yeni yaranan partiyanın qurultayında heç bir digər partiyanın təmsilçisi qonaq qismində iştirak etmədi. Səbəb nədir? Mövcud partiyalar yeni partiyanı seçkilərdə rəqib, yoxsa müttəfiq kimi görür? TEREF xəbər verir ki, Azad Vətən Partiyasının sədri Akif Nağı mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Bəli, doğrudur ki, qurultaya heç bir partiyanı dəvət etməmişdik. Səbəb isə pandemiya ilə bağlı say məhdudiyyəti idi. Həm də qurultayın keçirildiyi məkan çox kiçik idi və biz özümüz ora güclə sığırdıq. Buna görə də nəinki partiyaları, həmçinin dost təşkilatları da dəvət etmədik. Yəni bu məsələnin hansısa siyasi səbəbi yoxdur. Bildirim ki, digər partiyalarla münasibətləri normal saxlayacağıq. Hələlik deyə bilmərik ki, gələcəkdə hansı partiya ilə daha sıx əlaqələr quracağıq. Hələ ki, partiya kimi formalaşmağa, fəaliyyətimizi ortaya qoymağa çalışırıq”.

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn yeni yaradılan partiya ilə bağlı fikirlərini bu cür bölüşdü: “İstənilən Azərbaycan vətəndaşının siyasi partiyalarda birləşmək hüququ var. Bizə də bu cür təşəbbüsü olan hər kəsə uğur diləmək qalır. Fikrimcə, hələlik yeni partiya tam formalaşmayıb, ona görə də necə münasibət quracağımız məlum deyil. Bununla belə, Akif Nağıya uğurlar diləyirəm”.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev isə qeyd etdi ki, ölkəsinin siyasi arenasında yeni bir qüvvə ortaya çıxması sevindiricidir: “İlk öncə Akif Nağını və partiyadaşlarını təbrik edirəm. Ölkənin siyasi arenasında yeni bir qüvvə ortaya çıxırsa, buna hamımız sevinməliyik. Çünki ölkədə cəmiyyətin siyasi cəhətcə fəallaşması əslində idarəetmə sisteminin təkmilləşməsi deməkdir. Üstəlik, əgər yeni partiya gələcəkdə seçkilərdə iştirak edəcəksə, deməli, cəmiyyətin müəyyən qisminin iştirakçılığı təmin olunacaq, ictimai nəzarət daha da güclənəcək ki, bu da millətin xeyrinədir. Yeni bir partiyanın ortaya çıxması hələ onun mütləq şəkildə uğurlar qazanacağı demək deyil. Bu, fəaliyyətə, cəmiyyət tərəfindən qəbul olunmasına bağlıdır.

Təbii ki, yeni yaradılan partiyaya uğurlar arzulayırıq. Bizim bu partiya ilə gələcəkdə quracağımız münasibətlər onun fəaliyyətinə uyğun olacaq. Biz hələ bilmirik yeni partiya hansı platformadan çıxış edəcək və sairə. Ölkəmizin müəyyən dövlətlərlə münasibətləri var. Məsələn, biz partiya olaraq Rusiya və İranla yaxın münasibət quran partiyalarla məsafə saxlayırıq. Biz “Tehran uşaqları” və yaxud “moskvalılarla” bir yerdə olmağı düşünmürük. Ümumiyyətlə, bloklara qoşulmamaq siyasətini yürüdürük, lakin milli məsələlərə qarşı olan hər kəsin qarşısında dayanır və onlara qarşı mübarizə aparırıq. Ümid edirəm ki, yeni yaranan partiya milli maraqlarımızın yanında olacaq, onu müdafiə edəcək".

AĞ Partiya sədri Tural Abbaslı isə məsələyə bu cür rəy bildirdi: “Əvvəla, onu qeyd edim ki, Akif Nağının keçirdiyi qurultayda ona görə yox idik ki, dəvət olunmamışdıq. Məndə olan məlumata görə, ümumiyyətlə, qonaq qismində heç bir partiyadan nümayəndə dəvət edilməyib. Əlbəttə ki, dəvət gəlsəydi, mütləq iştirak edərdik və yeni yaranan partiyanın fəaliyyətinə uğurlar arzulayardıq.

Yeni partiyaların yaranmasını normal qəbul edirəm. Çünki hər kəsin buna hüququ çatır. Azərbaycan Konstitutsiyasında sərbəst birləşmə, eyni fikir ətrafında toplanma hüququ var. Təbii ki, onlar da öz hüquqlarından istifadə ediblər. Əlbəttə ki, istənilən yeni partiya yarananda siyasi məqsədi hakimiyyətə gəlməkdir. Yaranma təbiəti etibarı ilə bütün partiyalar rəqib olurlar. Bu rəqabətin içində bir müttəfiqlik, həmkarlıq da olur. Lakin bu, zamanla yaranır. Bu baxımdan Azad Vətən Partiyası da formalaşsın, oturuşsun, xətti və ideologiyasını bəyan etsin, yəqin ki, bundan sonra ona uyğun olaraq AĞ Partiya kimi yeni partiya ilə münasibətlərimizi qurub, formalaşdıracağıq.

İstənilən halda, Akif Nağını uzun illərdir tanıyırıq, həmçinin həmin partiyada olanların bir çoxunu tanıyır, şəxsi dostluq münasibətlərindəyik. Yəni yeni partiya haqqında qəti mənfi rəydə deyiləm. İnşallah, xeyirli-uğurlu olsun".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.