«KAPİTAL BANK»IN PULSİLMƏ ƏMƏLİYYATI
16-05-2016, 22:05
Bank rəhbərliyi vətəndaşları niyə narazı salır?
Bankların kredit özbaşınalığından, pin-kod maxinasiyalarından çox yazılıb. Amma nə qədər yazılsa da, heç bir nəticəsi olmur. Hətta ölkədə bir neçə bankın xidmət qurumu kimi fəaliyyət göstərməsinə, vətəndaşın istədiyi qurumu seçməkdə azad olmasına baxmayaraq bank xidməti sahəsində inhisarçılıq hökm sürür. Başqa sözlə, vətəndaş zorla hansısa bankın xidmətindən istifadə etməyə məcbur edilir və bu da bankların özbaşınalığına, tarif, komissiya haqlarını istədiyi məbləğdə tətbiq etməsinə nədən olur. Özəlliklə pensiya, əmək haqqı və digər sosial sahələr üzrə bankların xidmətindən yararlanılmasını müvafiq təşkilatlar həyata keçirdiyindən, bank seçimini də bu təşkilatlar edir. Qanunvericiliyin tələbinə görə belə seçim tender yolu ilə olmalı olsa da, bizdə bankları "yuxarıdan” göstərişlə xidmətə təyin edirlər. Belə təyinatın vətəndaşların, istehlakçıların "başında çatlamasını” isə neçə illərin təcrübəsi sınaqdan keçirib. Hökumətin "Kapitalbank”ı pensiya, təqaüd, əmək haqqı üzrə xidmət qurumu təyinatından bank yetərincə yararlanır.Həm dövlət və özəl qurumlarından müqavilə üzrə xidmət haqqı alır, həm də zorən müştəri edilmiş pensiyaçılardan, təqaüdçülərdən, işçilərdən. Fikir verin, hərbi pensiyaçılar kartını almaq üçün ucqar rayonlardan Bakıya gəlməyə məcbur edilir və burada da ondan zorla 20-50 manat arası "kart pulu” alınır. Vaxtaşırı basında belə özbaşınalıqlardan soraqlar yayılır. Bankın başlıca fırıldağından biri də "pin kod”la bağlıdır. Kimsə çaşıb kodu 3 dəfə səhv yığanda bank kartı bloklaşdırır və açılmasına 2 manat haqq tutur. "Kapitalbank”dan bunu komissiya haqqı kimi dəyərləndirib, bankın daxili tariflərinə (??) uyğun olduğunu və avtomatik müştərinin hesabından silindiyini bildirdilər. Belə çıxır, texnikadan, avtomatlaşmadan vətəndaşın ziyanına yararlanılır? Hansısa qurumun daxili tarifləri qanundan, Konstitusiyadan üstündür? Axı, qanuna, Konstitusuyaya görə təqaüdlərdən, pensiyaladan haqq tutula bilməz. Heç kimdən qanunda nəzərdə tutulduğundan artıq vergilər və digər ödənişlər alına bilməz! Qanunvericiliyin tələbinə görə, əlillərin sosial müdafiəsi məqsədilə onlara faizsiz kreditlər verilməsi nəzərdə tutulsa da, gerçəkdə əlillərin təqaüdündən avtomatik xidmət haqqı tutulması hansı məntiqə sığır? Bəs bağlantılı qurumlar hara baxır? İqtisadiyyat Nazirliyi və yanındakı Antinhisar Siyasəti və İstehlakçıların Hüququqlarının Müdafiəsi Dövlət Xidməti,Vergilər Nazirliyi və s. qurumlar bankaların daxili tarif siyasətinin onlara aid olmadığını bildirib, ƏƏSMN-ə müraciət etməyi məsləhət gördülər. Amma, fikrimizcə,bu qurumların birbaşa görəvidir ki, istehlakçı hüququnu pozmasına,əlavə gəlir götürməsinə görə banka sanksiya tətbiq etsin. Hüquq-mühafizə orqanları isə "avtomatik korrupsiya” faktı ilə bağlı tədbir görməyə nədənsə tələsmir. "Kapitalbank” rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq. conflict.az