Pekinin sürüşkən mövqeyi - . BMT-də əleyhimizə bəyanatın səbəbi..

5-10-2022, 10:48           
Pekinin sürüşkən mövqeyi - .
Politoloq: “Çin Ermənistanda özü üçün platsdarm qurmaq istəyir”
Bu günlərdə Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Azərbaycanın maraqları ilə qətiyyən uzlaşmayan mövqe bildirib. O deyib ki, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması “Dağlıq Qarabağ probleminin” nizamlanmasından ayrı ola bilməz: “Çin tərəfləri məsələni hərbi deyil, dialoq yolu ilə həll etməyə çağırır. Bir daha qeyd edirik ki, bütün bu məsələlərin həllini Qarabağ problemindən kənarda nəzərdən keçirmək olmaz”.

Qeyd edək ki, Ermənistanda Çin səfirliyi üçün 40 hektarlıq sahə ayrılıb. Bu, Çin Xalq Respublikasının Avrasiya məkanında Rusiyadan sonra ikinci ən iri səfirlik binasıdır. Bu cür geniş səfirliyin olmasını təhlilçilər Çin dövlətinin bu bölgəyə daha böyük əhəmiyyət verməsi və ticarət əlaqələrində maraqlı olması ilə bağlayır. Bu isə region ölkələri ilə, xüsusilə də Rusiya ilə rəqabət deməkdir (bakı-ver.com.)

Rəsmi Pekinin bu yaxınlara atdığı başqa bir addımı da diqqəti cəlb etdi. ABŞ, Aİ, İran və Rusiya səfirlərindən sonra Çin səfiri də Zəngəzura səfər edib. Bildirilib ki, səfərin məqsədi Çin və Zəngəzur regionu arasında əməkdaşlığı müzakirə etməkdir. Səfir Fan Yonq Ermənistan-Çin ticarət-iqtisadi əlaqələri kontekstində bölgənin əhəmiyyətini vurğulayaraq, ölkəsinin investorlarını Zəngəzura yönəltməyə hazır olduğunu bəyan edib.

Bəzi təhlilçilər Çinin bu cür addımlarını həm də onun daxilində olan uyğur problemi ilə əlaqələndirirlər. Çinin daxilindəki bu türk toplumuna olan təzyiqləri Türkiyə açıq şəkildə pisləyir, Pekindən ədalətli davranış tələb edir. Çin Azərbaycanın Türkiyə ilə birgə siyasət yürütdüyü üçün Ermənistana verdiyi açıq dəstəklə uyğur məsələsindəki təzyiqləri neytrallaşdırır. Maraqlıdır, Çinin bu sürüşkən mövqeyinə səbəb nədir?

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Çin nümayəndəsinin BMT-dəki çıxışı Azərbaycanın maraqlarına uyğun olan çıxış deyildi: “Eyni zamanda bu çıxış Çinin Azərbaycanla münasibətləri ilə, Çin tərəfindən verilən açıqlamalarla ziddiyyət təşkil edir. Çin Azərbaycan əraziləri işğal olunarkən BMT Təhlükəsizlik Şurasında Azərbaycanın xeyrinə qəbul edilən məşhur 4 qətnaməyə səs verib. Həmçinin hər zaman Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə dəstəyini ifadə edən bəyanatlar verib. Biz ötən ay Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısında Çin Xalq Respublikası sədrinin Azərbaycan Prezidenti ilə görüşü zamanı səsləndirdiyi bəyanatda da bunun bir daha şahidi olduq. O ki qaldı Çinin hansısa bir dövlətin ərazi bütövlüyü və suverenliyi ilə bağlı fərqli fikir söyləməsi, onun maraqları və üzləşdiyi problemlərlə bağlı da ziddiyyət təşkil edə bilər. Ona görə də Çin ehtiyatlı olmalıdır. Bilirsiniz ki, Çinin özünün Tayvan, Tibet, Şərqi Türküstan, Honkonq kimi problemli əraziləri var. Bu, Çin üçün hər zaman sıxıntı yaradan məsələdir. Xüsusilə son vaxtlar Tayvana ABŞ rəsmisi Nensi Pelosinin səfəri və ondan sonra Çin və Tayvan arasında münasibətlərin gərginləşməsi, hətta hərbi qarşıdurma təhlükəsinin yaranmasını nümunə göstərmək olar. Bundan əlavə, bilirsiniz ki, Tibet İkinci Dünya müharibəsindən sonra işğal olunub və bu günə qədər də Tibetin Çindən kənar qanuni hakimiyyəti fəaliyyət göstərir. Eyni zamanda bu cür məsələləri Şərqi Türküstan Sincan Uyğun Muxtar Vilayəti haqqında da söyləmək olar. Çin nümayəndəsinin BMT-dəki həmin çıxışı bir neçə səbəbdən ola bilər. Onlardan biri ondan ibarətdir ki, Çin son 10 illiklərdə öz iqtisadi inkişafı ilə dünyanın ikinci iqtisadi gücünə çevrilib. Bu iqtisadi gücü artıq siyasi hədəflərə yönəltməyə çalışır. Son dövrlərə qədər Çinin apardığı siyasət əsasən iqtisadi ekspansiya üzərində qurulmuşdu. Belə ki, Çin əlaqədə olduğu dövlətlərə kreditlər verir və bu kreditlərin qaytarılmayacağı halda isə həmin ölkələrdə müəyyən mədən sənayesini, o cümlədən yeraltı faydalı qazıntılarla zəngin bölgələri ələ keçirməklə orada özünün nüfuz dairəsini yaratmaq cəhdi edir. Hazırda son illər Çin artıq ikinci böyük iqtisadi güc olaraq özünün qlobal səviyyədə iddialarını ortaya qoymaqdadır və dünyanın müxtəlif bölgələrində bu maraqları həyata keçirmək üçün konkret addımlar atmaqdadır. Biz bunu Afrika qitəsində, o cümlədən bizim də qonşu İranla və Pakistanla münasibətlərdə görməkdəyik. Çin məhz Ermənistanla da mən düşünürəm ki, münasibətləri bu zəmində qurmaq üzərində düşünür. Ermənistanda böyük səfirlik binasına malik olması, orada müəyyən qədər fəallaşması hesab edirəm Rusiya ilə rəqabətdən daha çox hazırkı durumda Rusiya ilə müəyyən qədər əlaqələndirilmiş bir fəaliyyət də ola bilər".

Politoloq qeyd etdi ki, Azərbaycan güc mərkəzləri ilə balanslaşdırılmış siyasət aparır. Çin də Azərbaycanın bu əhəmiyyətini bilməklə bərabər eyni zamanda Azərbaycanı çox da rahat şəkildə nüfuz dairəsinə, təsirinə salmaq imkanının olmadığını bilir: “Ona görə Azərbaycanla daha çox qarşılıqlı tərəfdaşlıq üzərində münasibətlərə çalışır. Çünki Çin yaxşı bilir ki, onun həyata keçirmək istədiyi "Bir kəmər-bir yol" layihəsinin əsas qovşaqlarından biri Azərbaycandır. Çin Azərbaycanın bütün bu imkanlarını bilir. Ona görə də Azərbaycanla normal münasibətlər qurmağa çalışır. Pekinin Ermənistanla münasibətlərə önəm verməsi və Çin səfirinin Zəngəzura səfərində bir neçə məqsəd var. Birincisi, Çin Ermənistan cəmiyyətinin düşdüyü bu durumdan faydalanmağa çalışır. Orada özünün nüfuzunu artırmaq və ABŞ-ın Ermənistanda möhkəmlənməsi ilə paralel özü də möhkəmlənmək və Amerikaya qarşı durmaq istəyir. Əlbəttə, Çinin Ermənistanda möhkəmlənməsi üçün Rusiyanın da dəstəyinə ehtiyacı var. Səfirin səfərinin daha bir məqsədi Çinin həyata keçirmək istədiyi “Bir kəmər-bir yol” layihəsi ilə bağlı Zəngəzur dəhlizindəki vəziyyətlə tanış olmaq, onun imkanlarını bir daha araşdırmaqdır. Daha bir məqsəd isə kifayət qədər zəngin təbii ehtiyat mədən yataqları olan Zəngəzur bölgəsinə gələcəkdə müəyyən investisiya yatırımı qoymaq ola bilər".

O ki qaldı Ermənistanda Çinin güclənməsinin Azərbaycana və Türkiyəyə qarşı təzyiq vasitəsi olmasına O.Qasımov hesab edir ki, bunun belə olub-olmayacağı gələcəyin işidir: “Bunun Uyğur türkləri məsələsinə müəyyən qədər bağlılığı var, amma məsələ tam olaraq da belə deyil. Yuxarıda dediyimiz kimi, Çin özü üçün Ermənistanda platsdarm qurmaq istəyir. Çünki belə bir platsdarmı bölgənin digər dövlətlərində dediyimiz səbəblərdən qura bilməz. Ermənistan bu bölgədə ən zəif bənd olduğu üçün Çin onu platsdarm kimi seçir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.